Sükanı belə saxla, kapitan! -Narıngül Nadir yazır

Faiq Balabəylini ilk dəfə Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi “Pərvanə” ədəbi məclisindən tanımışam. Yox, deyəsən düz olmadı. İlk dəfə Cəlilabad toyunda sözlərinə yazılmış bir mahnını eşitmişəm. O zaman müğənni Yusif Mustafayevin oxuduğu bu mahnı cənub toylarında yaman dəbdə idi. Mahnı çox xoşuma gəlmişdi, qol götürüb oynamışdım da…
İlk dəfə “Pərvanə” ədəbi məclisinə gələndə hələ heç kimi tanımırdım. Məclisdə iştirakçılar bir-bir şeirlərini oxuyur, sonra həmin şeirlər müzakirə edilirdi. Deyim ki, çox obyektiv müzakirə gedirdi. Bunu da deyim ki, aradan illər keçdi və ədəbi mühitdə elə ilk və son dəfə ən doğru, obyektiv tənqidi də o məclisdə gördüm. Nə isə, mətləbdən çox uzaqlaşdım deyəsən… Həmin məclisdə bəstəboy, dolu bədənli bir oğlan da çıxıb bir şeir oxudu, alqışlandı. Şeir də hansı şeir ola? Həmin mahnının sözləri. Məlum oldu ki, bu oğlan da cəlilabadlıdır. Tədbirin sonunda söhbətləşdik, mən şeirlərini təriflədim, o da o ki var rayonunu. Yerini-yurdunu çox sevir, Faiq. Elə bütöv vətənini sevir. Dostlarını, tanışlarını sevir, imkan verməz ki, kimsə onun dostunun arxasınca nəsə danışsın. Dərhal müdafiə edər, həm də elə hay-həşirlə müdafiə edər ki, heç adam təpər tapıb özünü elə müdafiə edəmməz. Bu xasiyyətini onu tanıyanların hamısı bilir. Bir dəfə Yazıçılar Birliyində bir tədbirdə kimsə “Ədəbiyyat qəzeti” ni tənqid etdi. Tənqiddə bir az da qərəz vardı və Anar müəllim zarafatla dedi ki, siz Allah, bircə “Ədəbiyyat qəzeti”nə toxunmayın, Faiq Balabəyli də burda yoxdur ki, qalxıb müdafiə etsin.
Onunla bir neçə dəfə uzaq səfərlərdə olmuşam. Bir dəfə Türkiyənin Elazığ şəhərində “Xəzər şeir axşamları”nda yol yoldaşı olmuşduq. Tədbirdə 11 ölkədən gəlmiş şairlər iştirak edirdi. Onun oradakı vətənpərvər çıxşları, ölkəmiz haqqında necə təəssbkeşlik göstərməsi hafizəmdən silinmir. Bir qazax şair dostumuzun:- “Gəlin, xorla bir mahnı oxuyaq, elə mahnı olsun ki, hamı birlikdə oxuya bilsin” təklifindən sonra, səhnəyə çıxıb Azərbaycan mahnısını iştirakçılara xorla oxutmasını da heç zaman unutmaram.
Faiqlə yol yoldaşı olanlar bilir ki, onunla yola çıxan heç vaxt darıxmaz. Yolboyu zarafatları, maraqlı söhbətləri, xoş əhval-ruhiyyə yaratması çox gözəldir.
Faiq yaxşı şairdir. Lirik şeirləri axıcı, səmimi və təsirlidir. Onun kövrək şeirlərini oxuyub gözü dolanları da çox görmüşəm. Faiq yaxşı nasirdir. Təkcə “Bayıldan bayıra” adlı nəsr kitabı bu fikrimin əyani təsdiqidir. Və deyim ki, o qədər də təbliğ olunmur. Yəqin ki, onun təbliğata heç vaxtı da yoxdur. Çünki övladlarını, ailəsini çox sevir, onların üstündə əsim-əsim əsir. Onlar üçün canını fəda edər, necə ki, ömrünü fəda edir.
Faiq dənizi lap çox sevir. Bu həm onun peşəsi, həm də yaşamının “loqo”sudur. Evi düz dənizə baxır, iş yeri dənizdədir –gəmi kapitanıdır, nəvəsinin adı Dənizdir, şeir kitabının adı dənizlə başlayır. Daha sevmək necə olur ki?..
Sonda isə, yubiley günündə Faiqə cansağlığı, uzun ömür, uğurlar arzulayaraq, onun haqqında söylədiyim, söyləyəcəyim və söyləyə bilmədiyim bütün tərifləri yekunlaşdırıram və deyirəm:
-Sükanı belə saxla, kapitan!

Narıngül

Share: