Südabə Sərvi “Ağrıların kölgəsi” ni təqdim etdi

Bu günlərdə Yazıçılar Burliyində kitab təqdimatı vardı. Natəvan klubunda boş yer yox idi, hətta yanımdakı bir stulu iki xanım bölüşməli oldu. Bu, yaxşı göstəricidir, demək, yazıçının heyranları çoxdur. Əlbəttə söhbət tanınmış qələm adamı, Südabə Sərvinin “Ağrıların kölgəsi” kitabından gedir.

Təqdimat mərasimini giriş sözü ilə, tanınmış yazıçı, AYB-ni katibi Elçin Hüseynbəyli etdi və sözü AYB-nin sədri, xaqlq yazıçısı Anara verdi. Anar müəllim Südabə xanımı təbrik etdi, kitab barədə xoş sözlər dedi və tövsiyələrini bildirdi.

Yeri gəlmişkən deyim ki, kitabı oxumadan rəy bildirmək doğru deyil. Südabə xanım çox doğru etmişdi, əvvəlcədən ustad yazıçılara, tənqidçilərə kitabını verib, onların fikrini öyrənmək istəmişdi. Demək ki, yazıçı öz yaradıcılığına çox ciddi yanaşır, tənqid edilməkdən nəinki çəkinmir, əksinə tənqiddən nəticə çıxarıb səhvlərini düzəltmək və gələcəkdə təkrar etməmək niyyətindədir.

Beləliklə, söz verildikcə Südabə xanımın qələm yoldaşları əsər barədə fikirlərini yerli-yerində bildirirdilər. Bu, təqdimat mərasimindən çox, kitab müzakirəsi idi və düşünürəm ki, Ədəbiyyat Məbədimizdə tədbirlar bu yöndə olmalıdır. Müzakirələr insanları əsərləri oxumağa maraqlandırır. Südabə xanım sağ olsun, mənə də kitabını hədiyyə etmişdi. Mən kitabı birnəfəsə oxumuşdum. Xüsusi ilə qeyd edim ki,  əsər vacib və təsirli mövzuya həsr olunub, hansı ki, Anar müəllim də çıxışı zamanı bunu qeyd etmişdi.

Əsərdə 1918-ci ilin soyqırım faciəsindən bir epizod işıqlandırılır. Şamaxıda bir ailənin düçar olduğu fəlakət o qədər sərrast təsvir olunub ki, nəinki bir bölgəni, sanki vətənimizin bütün ərazilərini  və təsvir edilən hadisələr də faciəmizin pik nöqtəsi olan 1918-ci ili deyil, bütün ərazilırini əhatə edir .

Ürəyiyumşaq, mərhəmətli millət kimi biz ermənilərin törətdikləri qəddarlığı nəinki edə bilmərik, hətta o barədə danışmaq, yazmaq da bizim üçün olduqca çətindir. Əsəri oxuduqca ürəyimdə deyirdim, Südabə xanım ermənilərin isanlarımıza verdiyi işkəncələri təsvir edəndə nə qədər əziyyət çəkib, Allah bilir. Ermənilərin sadizmini bütün çalarları ilə təsvir etməyə belə Azərbaycan yazıçısının əli gəlməz. Düşmənin qaniçənliyi müqabilində bizim şirürəkli ağsaqqalımızın, yeddi yaşlı balamızın dilsiz-ağızsız canlılara – ata, inəyə, toyuğa, itə şəfqətli davranışı oxucunu kövrəldir. İşkəncə epizodları daha qatı ola bilərdi. Ermənilərin işkəncə üsulları yalnız onların ağlına gələ bilərdi, insan əzabından həzz alan bir tayfa üçüncü minilliyin ərəfəsində də inkvizitorları mat qoyacaq sadizm nümayiş etdirib, heç vaxt islah olunmayacağını göstərdi.

Bir əsr öncənin fəkakətli günləri təsvir olunsa da, əsərdə mübarizlik ruhu var. Çox vaxt soyqırımdan bəhs olunanda, belə təsəvvür yaranır ki, əhalimiz sakit dayanıb ölümünü gözləyib. Südabə xanım çox doğru olaraq təsvir edir ki, əli silah tutan kişilər şəhərlərinin, kəndlərinin müdafiəsinə səfərbər olmuşdular. Ciddi döyüşlər gedirdi. Minnətdar olduğumuz Qafqaz İslam Ordusu gələnəcən yerli əhali artıq üç ay idi ki, təpədən-dırnağa silahlı daşnak-bolşeviklərə müqavimət göstərirdi. Bu, çox vacib detaldır və düşünürəm ki, o döyüşlərin qəhrəmanları araşdırılmalı və xalqımıza layiqincə tanıtdırılmalıdır.

Əsər alınıb. Mərasimdə  qeyd edildi ki, roman rus, ingilis və başqa dillərə də tərcümə olunub yayılmalıdır. İndi bir oğul gərəkdi ki, bu missiyanı üzərinə götürsün.

Südabə xanım, sizi bu uğurlu əsərinizdən yana təbrik edirəm. Əsəri oxuduqca onu da deyirdim ki, müəllifin əsilzadəliyi sətirlərə hopub. Hər bir əsər müəllifin şəxsiyyətinin güzgüsüdür, qəhrəmanlardamı, epizodlardamı, yanaşmalardamı mütləq özünü göstərir. Əsərin döyüşkən, mübariz ruhu da bir obrazdır və bu sima sizə bənzəyir, mənim tanıdığım Südabə Sərvi.

ARİFƏ ƏLİYEVA 

AYB-də Kadrlar şöbəsinin müdiri

Share: