İŞIQLI ÖMRÜN İZLƏRİ…- Xatirə Xatun yazır

Kim deyir ki, əvəzolunmaz insanlar yoxdu? Var, həm də necə…Onlar sanki bu dünyaya xüsusi missiya ilə göndərilmişlərdir...

Ətrafındakılara xoş anlar bəxş edən, əməlləri ilə doğru yol göstərən, bir mayak kimi daim hər kəsin yoluna işıq saçan, gedişi ilə böyük bir boşluq yaradan, yeri dolmayan, yoxluğu ürək sızladan, həmişə axtarılan, hüznlə, qürurla yad edilən, bir elin fəxr yeri olan insanlar var…Bu yazıda sizə onlardan biri –lənkəranlı doktor İdrak Kazımov haqqında söhbət acmaq istəyirəm…
Cənub mirvarisi xan Lənkəranın Kiçik bazar adlı məhəlləsində, bölgənin tanınmış ziyalılarından olan, uzun illər Qızılağac milli parkının müdiri olmuş Kamal kisi ilə Şayəstə müəllimənin halal ocağında dünyaya göz açmışdı İdrak həkim…Uşaqlığı və ilk gəncliyi kiçik bazarın hələ də yerli koloriti qoruyan əyri-üyrü dar dalanlarında, mehriban, zəhmətkeş, halal ruzi ilə dolanan insanların arasında keçmişdi gələcəyin həkiminin.Süfrəsi daim qonaqlı- qaralı Kamal kişinin, ağırbaşlı, təmkinli, xanım-xatın agbirçək Şayəstə müəllimənin tərbiyəsi, öyüdü, nəsihəti ilə böyümüşdü. Bəlkə elə məhz bu mühit idi ona Vətəni sevməyi, sevdiklərinə sahiblənməyi, ona pənah gətirən hər kəsə bir şəkildə yardım etməyi, dostcanlı, ailəcanlı, qohumcanlı, səxavət əhli olmağı öyrədən, bu qədər gözəl keyfiyyətləri aşılayan? Onu tanıyan hər kəsin yadında-yaddaşında xeyirxah, qayğıkeş, səmimi, dürüst biri kimi qalan, xatırlanan İdrak həkimin həyat yoluna sizinlə birgə səyahət edək.
Kazımov İdrak Kamal oğlu 1956-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.Öncə 4, sonra isə 1 nomrəli orta məktəbdə təhsil almış, orta məktəbi bitirən il isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra 1981-1985 -ci illərdə Lənkəran rayonlararası onkoloji dispanserdə həkim-onkoloq kimi fəaliyyət göstərib.1985-ci ildən Azərbaycan Elmi Tədqiqat Rentgen Radilogiya və Onkologiya İnsitutuna klinik- ordinaturaya daxil olmuş, 1987 -ci ildə oranı bitirmişdir.1990-cı ildə Moskvada N.N.Bloxin adına Ümumittifaq Onkoloji Mərkəzində “Süd vəzisi xərçəngi xəstəliklərin cərrahi müalicədən əvvəl termoradioterapiyanın tətbiqi ” mövzusunda dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 26 elmi əsərin müəllifidir. 1990-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş həkimi vəzifəsində çalışmışdır. Təvazökar, xeyirxah, alicənab vətənsevər, yüksək təşkilatçılıq bacarığı olan alim-həkim Kazımov İdrak 2019-cu ildə dünyasını dəyişmişdir.
Beşinci sinfə qədər şəhər 4 saylı orta məktəbin rus bölməsində təhsil almışdı doktor İdrak Kazımov. VI sinifdə isə 1 saylı məktəbə getmiş və oranı da bitirmişdi. O təkrarsız məktəb illərinin şahidi olan dostları ilə söhbətləşirik, xatirələr kələfi açılıb tökülür. Bir xatirədən başqa birinə ani keçidlər, o uzaq uşaqlıq və gənclik çağında yaşanmış, indi illərin tozlu yaddaşında yatıb qalan maraqlı hadisələr, yol çəkən baxışlar, arada doluxsunmalar, qəhərlənmələr…Heç biri nəzərimdən qaçmır…Mən sağlığında heç vaxt üzünü görmədiyim qəhrəmanımı bu saydıqlarımdan zərrə-zərrə tanıyıram, obrazını pazl kimi yığıram sanki…Ortaya möhtəşəm bir mənzərə çıxacağından əminəm.Əmin olduğum daha bir şey də bu yazının sonunda sizin də onu yaxından tanıyacağınız və ,,nə yaxşı ki, bu dünyadan bir İdrak doktor keçdi” deyəcəyinizdir.O sözləri eşidirəmmiş kimi bir duyğu var içimdə.İndilik isə eşitdiyim onun haqqında xatirələrini bölüşmək üçün tez-tez bir-birinin sözünü kəsən köhnə və sadiq dostları Yusif müəllim, Tahir müəllim və Qabil doktorun söhbətidir.
-Bir neçə lənkəranlı həkim barəsində söhbət düşəndə qürur hissi keçirirəm.Doktor Məmmədsadıq Abdullayev, Miri Cavadzadə, Abbas Talışınski və dostum İdrak Kazımov. Onun haqqında günlərlə danışsam, zaman çatmaz, söz bitməz.O qədər mehriban, səmimi, xoşrəftar biri idi ki…Həddən artıq mədəni, qayğıkeş, səxavətli…O olan yerdə imkan verməzdi ki, bir başqası əlini cibinə salsın. Özü də aldığı hər nəyin ən yaxşısını alardı.Hər rayona gələndə bizi bir yerə yığardı, o qədər işin arasında dostlara daim vaxt ayırardı.Xəyanəti, yalanı və bunları edənləri sevməzdi.Çox sadə idi, hər kəsi özü kimi bilirdi.Dosta canın verməyə hazır olan biri idi.Xatirələr çoxdu, indi hamısı yandırır…
,,Onun yoxluğu nə boydadı sizin üçün?” sualına dostu , rayonlararası sərnişindaşıma avtobazasının şöbə müdiri Tahir Sadıqov belə cavab verir:
-Mən onun yoxluğuna inanmıram ki, nə boyda olduğunu da deyə biləm…Dost tapmaqda, dostluğu qoruyub saxlamaqda onun tayı yox idi.Əhatəsi çox geniş idi, bizi də tanış edirdi.Yoxluğuna inanmıram, elə bilirəm ki, harasa gedib, yenə də gələcək…Burdakı evinin açarları hələ də məndədir…
Doktor Kazımovun yaxın dostlarından biri, uzun illər şəhər icra aparatında çalışmış, indi isə təqaüddə olan Yusif Məmmədov :
-Onda qəribə bir birləşdirici enerji vardı.Orta məktəbi bitirməyimizdən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq biz sinif yoldaşlarımızla tez-tez görüşürdük.Və bu görüşlərin təşəbbüskarı demək olar ki, həmişə İdrak olurdu.Balıq ovunu çox sevirdi, yeməklərdən yaxşı başı çıxırdı.Geniş dünyagörüşə malik idi, rus dilini mükəmməl bilməyi onun daha bir üstün cəhəti idi. Gözəl yol yoldaşlığı vardı, getdiyimiz yerlərdə heç kimin görmədiyi, fikir vermədiyi ən xırda detalları belə gözdən qaçırmazdı, bizimlə də bölüşərdi. Çox diqqətli idi, hər kəslə öz dilində danışa bilirdi. Çox təvazökar idi. İnana bilmirik ki, o yoxdu.Hərdən elə bilirəm ki, o bizi görür, bizimlə bir yerdədir. Yadımdadı, onun ölüm xəbərini eşidəndə sinif qızlarımızdan birinin reaksiyası –indi bizə kim başçılıq edəcək? Etiraf edirəm ki, biz onun kimi ola bilmədik…
Orta məktəbi bitirən kimi tibb institutuna qəbul olan bu işıqlı gəncə ali təhsil illəri ona təkcə diplom və ixtisas yox, taleyin ən böyük mükafatını da verir.Gələcək həkim burda həm də ömür-gün yoldaşı Gülbəniz xanımla tanış olur.Sonralar bu tanışlıq nümunəvi və xoşbəxt bir evliliyin təməlinə çevrilir.Göyçaydan mühafizəkar, mental dəyərlərin ciddiyyətlə qorunduğu Lənkərana gəlin gələn Gülbəniz xanım çox keçməmiş Kazımovlar nəslinin, eləcə də çalışdığı Semaşko adına xəstəxananın kollektivinin sevimlisinə çevrilir.Amma çox təəssüf ki, əlindən hər kəsin şəfa aldığı Gülbəniz həkim özü amansız xəstəliyin pəncəsindən xilas ola bilmir.2003-cü ilin xoş bir bahar günü sevgili həyat yoldaşını, can parçası iki oğlunu bir –birlərinə əmanət edib bu dünya ilə xudahafizləşir.Eyni xəstəlikdən əziyyət çəkən minlərlə insana yardım edən İdrak həkim belə vəfalı ömür-gün yoldaşına kömək edə bilmir…
Yusif telefonun qalereyasından şəkillər göstərir: İdrak həkimlə bir yerdə olduqları məclislərdən , yığıncaqlardan çəkilmiş fotolar vərəqlənir ekranda, tarıxçələrini anladır. İndi uzaq, amma çox şirin bir xatirəyə dönən günlərdən geriyə qalan kadrlar hər biri özündə nə qədər xoş anı birləşdirir. Qabil həkim söhbətinə davam edir:
-Maraqlı bir cəhəti də vardı, səyahət etməyi çox sevirdi və gedib gəzdiyi ölkələrdə -Bavariyada, Hindistanda, Gürcüstanda, Türkiyədə şahidi olduğu hadisələri, mənzərələri, oraların adət-ənənələrini elə dillə bizə danışırdı ki, sanki özümüz də onunla birgə gedib oraları gəzmiş kimi olurduq.Xeyirxah idi çox, etdiyi yaxşılıqlara əvəz gözləməzdi.
-Heç dərsdən qaçmısızmı ?-sualına Qabil həkim çox maraqlı bir cavab verir:
-Qaçmışıq, amma mənim təşəbbüsümlə.İdrakdan olsa, qaçmazdı.Qaçıb da hara getsək yaxşıdır?-gülümsünür bu yerdə doktor…-Hara ?- deyə soruşmuram, istəmirəm xatirələrin bu kövrək səfi pozulsun.Bilirəm ki, ardı gələcək,-muzeyə,-deyə kövrək, uzaq xatirələrin axınına düşən doktor bu sualına özü də cavab verir.O vaxt burda kənd təsərrüfatı muzeyi vardı, tarix muzeyi vardı, gedib ora baxardıq…
Adətən həkimlərin ürəyi bir qədər möhkəm olur- yəni yaşadıqları, rastlaşdıqları müxtəlif hadisələr, insanlar, bəzən qaçılmaz olan insan itkiləri onların ən kövrəyini belə zamanla sərt birinə çevirir.Amma bu amillər belə İdrak həkimin mülayim, xoş xasiyyətinə, içindəki o humanist adama ciddi təsir edə bilməmişdi. ,,Xeyirxah idi olduqca, etdiyi yaxşılıqlara əvəz gözləməzdi,”-deyir Qabil həkim və bu sözdən sonra onunla bağlı təzə bir xatirənin – doktorun özünün danışdığı çox təsirli bir həyat hekayəsinin qatı açılır .Rayondan bir xanım ona müraciət edir.Ailə qurmamış, qurmaq yaşı da ötüb keçməkdə olan bu xanım süd vəzi xərçənginin irəli dərəcəsindən əziyyət çəkirmiş.Bir az gecikmiş olsa da doktor müalicəni öz boynuna götürür.Bilənlər bilir, bu xəstəlik necə bahalı müalicə prosedurları tələb edir.Bir zamanlar meyvə- tərəvəz kombinatında fəhlə kimi çalışan bu xanımın isə maddi durumu belə bahalı müalicəyə imkan vermirmiş.Və bunu bilən doktor tam təmənnasız olaraq o xanımı müalicə edir, lazım olan bütün prosedurları həyata keçirir.Müalicədən bir xeyli keçəndən sonra o xanım həkimin görüşünə gəlir və gətirdiyi kiçik bir bağlamanı minnətdarlıq ifadəsi olaraq doktora verir.Bağlamanın içində isə nə çıxsa yaxşıdır?Bir xeyli banka qapağı- böyük ehtimal ki, işlədiyi vaxt kombinatdan verilibmiş.Doktor bəlkə heç vaxt ona lazım olmayacaq bu qapaq yığınını belə böyük bir hədiyyə kimi qəbul edir.
,,Elə bir məclis yoxdur ki, onu xatırlamayaq, yeri həmişə görünür.O, dünyasını dəyişəndən sonra sinif qızlarımızdan biri sual verdi ki, İdrak daha yoxdur, bizə kim başçılıq edəcək? Heç birimiz cürət edib deyə bilmədik ki, mən edərəm…Biz o ola bilmədik…”-deyə etiraf edir doktor Qabil Bəşirov…Ağrılı etirafdır…
Bu yerdə xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri yada düşür.Məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq – artığı ziyan verməyən bir əməldir. Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi:,,Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun.Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın.Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın.”
Bir müddət birlikdə çalışdığı Lənkəran Onkoloji Dispanserinin həkimi İlyas Səmədovun da həmkarı, dostu haqqında deməyə çox sözü var.Bəlkə elə buna görədir ki, sohbətə belə başlayır:
-İdrakla bağlı o qədər xatirəm var ki, heç bilmirəm hansından başlayım.Gözəl dost, maraqlı həmsöhbət idi.Hər yerdən, hər şeydən məlumatı vardı və bunları bölüşməyi də çox sevərdi.İstiqanlı, humanist, insansevər biri idi.Çox dost itirdik, amma İdrakın vaxtsiz-vədəsiz gedişi qədər yandıranı olmadı…
-Babamızı görməmişik, biz dünyaya gələndə o artıq həyatda yox idi…Əmim bizim üçün baba rolunu oynayıb.Həmişə deyərdik ki, bizim bir əmimiz var- İlqar əmi.İdrak əmi isə bizə əmidən daha çox baba idi-zəhmətkeş, uzaqgörən bir baba…Yayın gəlməsini səbirsizliklə gözləyərdik.Sırf onun maraqlı söhbətlərinə, qızıldan qiymətli öyüd-nəsihətlərinə görə. Dərslərimizdən suallar verərdi, bitirdiyimiz sinfin proqramını nə dərəcədə mənimsəmişik deyə bir növ imtahan edərdi.Dəqiq elmləri elə də sevməsəm də seçdiyim 3-cü qrupa görə riyaziyyatdan çox yaxşı bal yığdım- məhz İdrak əmimin sayəsində. O, bizə hər şeyin ən yaxşısını, ən gözəlini öyrədib.Heç vaxt çətinlikdən qaçmayın, özünüzü harda görürsəniz, ora hədəflənin, arzularınıza, məqsədlərinizə yönəlik addımlar atın.İşindən danışardı bizə, hətta bir dəfə etdiyi əməliyyatı da canlı şəkildə izləmək fürsətimiz oldu. Bu, maraqlı və qeyri-adi bir şey idi.Çox şadam və fəxr edirəm ki, belə bir ailədə böyümüşəm, belə bir insanla eyni qanı, eyni soyadı daşıyıram. Harda olmagımızdan asılı olmayaraq, doktor İdrak Kazımovun adı gələn kimi onu tanıyan hər kəs haqqında çox gözəl sözlər danışır və bu, bizə sözlə ifadə edilə bilməyəcək bir qürur hissi yaşadır.
Bunları isə doktorun kiçik qardaşı İftixarın qızı Şayəstə – nənəsi, nurlu çöhrəsi, nüfuzedici baxışları, təmkinli oturuşu-duruşu ilə əsl aristokratlıq nümunəsi olan Şayəstə müəlimənin adaşı danışır.
Evin gəlini- İdrak Kazımovun qardaşı İftixarın həyat yoldaşı Gülarə xanım da qızı Şayəstənin söhbətinin davamını gətirir:
-Onu qayın yox, qardaş bilirdim, hətta daha artıq.O qədər qohumcanlı, diqqətli, şəfqətli biri idi ki…Evimizə hər gəlişi bir bayram idi sanki.Ölümü ilə nə onda,nə də indi barışmadım.Ölümündən sonra saatlarla şəkilləri ilə danışdığım olub desəm, yalan olmaz.Küsürdüm hətta, niyə bizi belə vaxtsız tərk etdin deyə…Güman,məsləhət yerimiz idi o bizim…
,,Uşaqlarınıza gözəl təhsil və tərbiyə verin. İmkan varsa, almalı olduğunuz şeylərin ən yaxşını alın, “-deyərmiş həmişə. Kübar təfəkkürü, aristokrat yanaşması, alicənablığı onu daim başqalarından fərqləndirən cəhətlərindən olmaqla yanaşı iki oğlunun tərbiyəsinə də təsirini göstərmişdi.İxtisasca iqtisadçı olan Mirmehdi də, indi atasınıın yolunu davam etdirib onun bir zamanlar işlədiyi milli onkologiya xəstəxanasında çalışan Kamal da məhz belə bir mühitdə böyüyüb boya-başa çatdı.
Düzgün tərbiyə olunmuş, sağlam mühitdə böyümüş, yetişmiş bir fərd əlbəttə ki cəmiyyət üçün faydasız ola bilməz. Bu aksiomanın doğruluğunu fransız yazıçısı Jozef Jubertin fikirləri də təsdiq edir:,,Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var.”Məhz o sağlam ailə ortamından və doğru nümunədən bəhrələnən Kamal Kazımov da atasının yolunu davam etməyi qarşısına məqsəd qoyur.Orta məktəbi bitirib (1998-2004) Azərbaycan Tibb Universitetinin Müalicə- profilaktika fakültəsinə daxil olur.Oranı müvəffəqiyyətlə bitirdikdən sonra RF Onkoloji Mərkəzində Şüa terapiya şöbəsində ordinatura keçir(2004-2007).Ardinca isə Milli Onkologiya Mərkəzində doktorantura təhsili alır(2008-2010).Elə həmin illərdən də mərkəzin şüa terapiya şöbəsində radiasyon onkoloq kimi fəaliyyətə başlayır.Türkiyə , Almaniya və İtaliyada uzun müddətli ixtisas artırma kursları keçən gənc həkim 2010-cu ildə Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin IIIa mərhələsinin kimya-şüa terapiyası mövzsunda dissertasiya işini müdafiə edir.İndiyə kimi 30-a yaxın elmi nəşri çap olunmuşdur.Tibb üzrə fəlsəfə doktoru, elmi əməkdaşdir.
Kamal həkimlə söhbətimiz isə yaddaşında silinməz izlər saxlayan doğma ata yurdu Lənkəranla bağlı xatirələrini yeniləmək, təəssüratlarını bölüşməklə başlayır.40 yaşın astanasına yenicə qədəm qoyan,peşəkarlığı ilə bütün ölkədə nömrə bir radioloq kimi tanınan doktor Kamal Kazımov Lənkəran adı gələndə illərin o tayında qalmış o köhnə, əlçatmaz xatirələrə, atalı- analı günlərinə qayıdır sanki.
–Atam mənim üçün bir məktəb idi, örnək idi.Bu gün qazandığım uğurlar həm də onun verdiyi tərbiyənin, düzgün nümunə olmağın nəticəsidir.O, heç vaxt bizə ,,dərsini oxu, mühəndis ol, həkim ol” kimi təzyiq etməyib.Düzünü desəm, bəlkə heç inanmazsınız, heç acıqlanıdığı da yadıma gəlmir.Səsinin tonundan və üz ifadəsindən hiss edirdik ki, deyəsən nəyisə düz etməmişik.Atam ən yaxın dostum, məsləhətçim və yol göstərənim idi.Deyirlər valideyni seçmək olmur, amma əgər mənim bir övlad kimi belə bir seçimim olsaydı, birmənalı olaraq yenə onu seçərdim.O, yaxşı, nümunəvi valideyn olmaqla yanaşı, həm də güvənilə bilinəcək bir dost idi.Bu həyatda ata-oğul kimi yox, başqa şəraitdə də onu tanısaydım mütləq ki, biz dost olardıq.Cünki atam bunu çox gözəl bacarır və bizə də öyrədirdi.Yoxluğu hər addımda özünü göstərir.Uğurlarımı görüb sevinməsini çox istərdim…Bəlkə də görür, bilmirəm…”
Hərə öz taleyinə düşən ömür payını yaşayır bu dünyada.Əslində ömür dedikləri doğum və ölüm tarixləri arasındakı o kiçik xəttdən ibarətdir-kim o xəttə nə yükləyə bilibsə, bü dünyada qazancı da elə odur.Elə yaşamaq lazımdır ki, özündən sonra izin qalsın və bu iz səni sənin olmadığın məkan və zamanda belə yaşatsın.Ölümün özü belə səni unutdura bilməsin, bu acizliyindən utansın.Lap elə bu yazıda haqqında söhbət açdığımız , yüzlərlə xəstəyə şəfa verən, ümid yeri, güman yeri olan, boşluğu göz çıxaran, yaddaşlarda, xatirələrdə anılan, yaşayan, sevilən doktor İdrak Kazımov kimi…

Xatirə Xatun
Bakı-Lənkəran, sentyabr,2023

Share: