Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin  göstəricisidir. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Müasir dünyamızın çağırışlarını əks etdirən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.  Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə — VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edərək, dövlətlərarası    münasibətlərin  inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Bakıda Forumun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Xüsusi olaraq vurgulayaq ki, “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilib. Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesi”nin tərkib hissəsi olaraq uğurla sona catdı. Bu, ölkəmizin durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Üç gün davam edən Forum  100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdi. Forumun açılış mərasimində çıxışında Prezident İlham Əliyevin bildirdiyi kimi,  “VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”.         
          Azərbaycan özünün sülh və dinlərarası dialoq müstəvisində oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir.  Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışında verdiyi mesajlar böyuk əhəmiyyət kəsb edir,  xalqlar və millətlər arasında dözümlülüyün və birgə yaşamanın gücləndirilməsi üçün bu cür tədbirlərin çox böyük mənası vardır. Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirən Cənab Prezident bizim coğrafi mövqeyimizin, Şərq ilə Qərb arasında yerləşməyimizin bu tendensiyaya imkan yaratdığını diqqətə çəkib. Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Tolerant mühitin məkanına çevrilən Azərbaycan sülhsevər dövlət olaraq özünəməxsus xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır.
          Azərbaycandakı birgəyaşayış mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və  islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. 
          Sözügedən Forum artıq beynəlxalq səviyyədə böyük nüfuz qazanıbdır. Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. “Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”, – deyə Cənab Prezident bildirib: “Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”.
Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.      
          Paytaxt Bakı Forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş oldu, Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. 

          Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. Belə bir ölkə tolerant dövlət kimi də tanınır. “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”, – deyə dövlətimizin başçısı bildirib.
          Qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasında olduğundan Azərbaycan məhz belə mövzuların müzakirə edilərək, mühüm qərərlar qəbul edilən dövlət kimi yüksək imicə sahibdir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb.
          Forumda bir sıra məsələlərə, eləcə də Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinə də diqqət yetirilib, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi sülhün bərqərar olmasında maraqlıdır, Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.        
          Forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğu diqqətə cəkilib,  Azərbaycan güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin qarşısında keçilməz səddir. Sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin sülh şəraitində yaşamasina ölkəmiz töhfələrini verir. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan sülhün və həmrəyliyin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini verir.

İlham Rəhimli, Azərbaycanın əməkdar incəsənət xadimi, professor

Share: