Suallarını sözlə çözən şair

Laçın elinin gözəl şairi Eynulla Sadığın bu yaxınlarda (09.05.2022) 65 illik yubiley tədbiri və “Hara gedir bu insanlar” kitabının təqdimatı keçirildi. Bu münasibətlə sevimli şairimizi təbrik edirəm və onun yaradıcılığına, həmçinin sənət şəcərəsinə qısa bir nəzər salmaq istəyirəm.

Saz sənəti nəhayətsiz dünyadır. Minillikləri keçib gəlsə də, yenə kəşf olunmamış incəlikləri var. Çünki əsl sənət bitməz-tükənməzdir.
Belə nəhayətsiz dünyada sözə yoldaşlıq, bələdçilik edən, sözü qoruyan, urvatdan düşməyə qoymayan söz-sənət sahibidir Eynulla Axundov. Qoşmaları minillik gələnəklərə söykənir, yurdlardan güc, ilham alır. Nəvəsinə yazdığı “Gözəldir” rədifli şeiri bu baxımdan doğrudan da gözəldir:

Zirvəyə qalxınca könlün atlanır,
Demək, alçaqdansa, uca gözəldir.
Gedəsən Lilpara, Qızılboğaza,
Səni sərin külək quca, gözəldir.

Daha nə gözəldir, deyim, ay bala,
Pir, Çöplü, Ağbaba… özün sadala.
Dağ döşündə ağır ellər yurd sala…
Dağlar ulu, dağlar qoca gözəldir.

Gözəldir, zirvədə görünən qarsa,
Döşdə tərəkəmə alaçıq qursa.
İnsanın namusu, vicdanı varsa,
Hacı yaraşırsa Haca – gözəldir.

Gözəldir ürəkdə qalmaya həvəs,
Güldəki təravət, bülbüldəki səs.
İçdən mərhəmətli, insaflı hər kəs
Kömək eyləyirsə aca – gözəldir.

Gözəldir, Eynulla vətəndə ölsə,
Yasına dost-tanış, el-oba gəlsə.
Əgər bir ölkənin şahı adilsə,
Başı layiqdirsə taca – gözəldir.

Onun sözə gəlməyi də təsadüfi deyil, belə ki, bu şəcərə ünlü saz-söz ustadlarıyla tanınır. Aşıq Umbay, Aşıq Ədalət Axundov, Əmrah Axundov… Söz bu nəsildən boy verən sənətkarlar üçün müqəddəs dəyərdir və onu layiqincə yaşatmağı özlərinə mənəvi borc bilirlər.

Açıklama yok.
Bu şəcərədə yalnız sənətin gizlinləri deyil, həm də sənətin sehri, cazibəsi gənclərə ötürülüb. Reallıqdan çox möcüzəyə oxşayan saz havaları bu şəcərədə boy vermiş Elvin Axundov və Pərviz Axundovun da könlündə əzəldən özünə yer eləyib. Onların sazla ülfəti ayrıca bir dünyadır.
Eynulla Axundovun qoşmalarında yurd bütün dərinliyi və qəribliyilə görünür. Taleyinə köçkünlük yazılandan o yurdları sözlə haraylayıb. Yurda bağlı suallarını sözə verib, sözdən cavab alıb. Bəlkə də söz olmasaydı, bu illər ərzində köçkünlük dərdinə tab gətirə bilməzdi, həyatı yenidən qurmaq üçün özündə güc tapmazdı. Əgər müdrik sözün işığını könlündə gəzdirməsəydi, bəlkə də hər şey başqa cür olardı.
Amma taledə o yurdların qəmini ürəyinin başında hifz edərək yaşamaq, çalışmaq varmış.
Taledə Laçının şad xəbərini almaq da varmış.
Taledə o yurdlara qayıdış da vardır, əlbət.
Sözün sədası hər zaman könlünüzdə olsun və yalnız xoş olacaqların sorağını eşidəsiz, Eynulla müəllim!

Günel NATİQ
Yazar-jurnalist

Share: