Siyasi Azərbaycançılıq qurtuluşumuz deyil, fəlakətimizdir -Soylu Atalının təbirincə

Son çağlar hakmiyyətə yaxın basın orqanları yenidən “Azərbaycançılıq” təbliğatı aparırlar. Bu təbliğat siyasi xarakter daşımaqla Azərbaycanın özül sütunlarına bütünlüklə tərsdir. “Siyasi Azərbaycançılıq” ideyasını hələ 90-cı illərdə keçmiş dövlət başçısı H.Əliyev ortaya atmışdı.

 

O çağlardan biz, “Siyasi Azərbaycançılığın” dövlət ideolojisinə çevrilməsinin zərərlərini, gərəksizliyini dönə-dönə yazmışıq. Bu gün də bu məsələ ilə bağlı baxış sərgiləməyi gərəkli sayırıq. Öncə onu deyək, mücərrəd “Azərbaycan xalqı” deyilişi “Sovet xalqı” deyilişi qədər absurd bir anlayışdır. Xalqın konkret bir etnik kimliyi, mədəniyyəti olar. “Sovet xalqı” anlayışı heç bir etnik kimliyə, mədəniyyət varlığına, aydınlığına bağlı deyildi. Başqa sözlə, rus mədəniyyətinin, etnik kimliyinin basqısı, etkisi altında idi, başqa xalqların dünya çapında yeri, rolu, varlığı bəlli deyildi. Ona görə “Sovet xalqı” anlayışının ideoloji baza əsaslarından biri kimi götürülməsi imperiyaçılıq məqsədinə qulluq edirdi. Burada milli problem yaradılmış, qorxu altında qapadılmışdı. Ona görə sovet sistemini dağıdan Batı gücləri, milli problem kartını açaraq, basqı altında olan xalqlar üçün onu mübarizə faktına çevirmişdilər. “Azərbaycan xalqı” anlayışını da dövlət siyasətinin ideoloji faktına çevirmək aşağı-yuxarı bir təkrarçılıqdır. Ancaq nə Azərbaycan imperiyadır, nə də Azərbaycanda yaşayanlar imperiya subyektləri deyil. Azərbaycan heç kimi, dövləti ilə birgə, işğal etməyib, nə də heç kimin etnik kimliyini sıradan çıxarmaq siyasəti yürütməyib. Azərbaycanda yaşayan, hər bir etnik toplum bu ölkənin tarixi sakinləridir. Azərbaycan – hər bir etnik toplumun unitar dövlətidir, heç bir dartışma, çəkişmə tələbi olmayan ortaq vətənidir. Azərbaycan çoxmillətli ölkə, dövlət deyil. Etnik qardaşlarımızın hamısı bir yerdə Azərbaycan toplumunun 8%-i olduğu halda, “Siyasi Azərbaycançılıq” oyunu qurmaq – dövləti sarsıtmaqdır, gələcəkdə qarşıdurmalar yaratmaq istəyənlərə səbəb verməkdir. Çünkü siyasi Azərbaycançılıq – Azərbaycanı federallaşdırmaq anlamı daşıyır. Yəni istər Rusiyanın, istər başqa imperialist güclərin gözlənilən siyasi-ideoloji basqılarına qarşı belə bir qarşılıq vermək çıxış yolu deyil, fəlakət yoludur. Çünkü Azərbaycanın əsas aparıcı xalqı türkdür. Türkün adını, dilini, kimliyini dövlətin varlığından çıxarmaq, gizləmək – gələcək üçün qarşısıalınmaz anarxiya yaratmaq deməkdir. Bütün etnik topluluqları birləşdirən vahid mədəniyyət, vahid güc Türkdür. Bunu danmaq yerinə ədalətli yerini, rolunu göstərmək gərəkdir. Azərbaycan bütün dövrlərdə Türk dövləti olub, bunu demək heç kimdə qıcıq doğurmamalıdır. Necə ki İngiltərədə təkcə ingilislər yaşamır, burada yaşayan hər kəsin haqqı-hüququ eyni statusdadır. Eləcə də Fransada, eləcə də Almaniyada. Ancaq dövlətin adı İngilis dövləti, Fransız dövləti, Alman dövləti adlanır. Azərbaycan da eləcə – Dövlət Türk dövlətidir, ancaq burada yaşayan başqa etnik toplumlarımız türklərlə eyni hüququ paylaşırlar. Bu tarixi həqiqəti hər kəsə anlatmaq, öyrətmək yerinə siyasi maxinasiyalar yerinə yetirmək nə türklərin xeyrinədir, nə də başqa etnik qardaşlarımızın. Heç kimin hakimiyyət ehtirası burada yaşayan insanlarımızın aqibətindən üstün deyil.

Türk bu dövlətin, burada yaşayan topluluqların Birliyinin yiyəsi deyilsə, anarxiya hər zaman gözləniləndir. Azərbaycanda yaşayan etnik topluluqların hamısına yalançı siyasi ad qoymaq yerinə, onlara (saylarından asılı olaraq) mədəni muxtarlıq tanımaq doğru olar, “türk” adımızı danmaq yox…

Bununla belə, Mənəvi-Ruhani Azərbaycançılıq – Azərbaycanın qədim sakinləri olan hər kəsin ortaq dəyəridir, insani ölçü yönüdür. O dəyərlər ki hər bir etnik topluluğun birgə gələnəyini, görənəyini (adət-ənənələrini), doğmalıq, Birlik yönünü yaradır, Ruhani Azərbaycançılıq odur. Məsələn, qədim inanc yönümüz olan Zərdüştçülük, Dədə Qorqudluğun yaratdığı mənəvi yaşam sistemi, Azərbaycan uğrunda özündən keçən Babək qəhrəmanlığı, Nəimi-Nəsimi insançılığı, Füzuli şeiriyyətinin insanlıq çağıran gözəlliyi, dünya mədəniyyətinin özül sütunlarından olan muğam musiqisi – Azərbaycanda yaşayan hər bir insan üçün qürur yaradan dəyərlərdir. Talışı da, ləzgini də, Türkü də, Azərbaycanda yaşayan bütün azlıqları da bir arada tutan bu dəyərlər – Ruhani Azərbaycançılıq deməkdir. Birliyimizin dünənidir, Gələcəyimizin Birliyidir.

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

08 Ata Ayı, 43-cü il. Saray-Soylu.

(sentyabr, 2021.)

Share: