Siyasi Əxlaqsızlığın Banisi Nikkolo Makiavelli …

Makiavellizm, yoxsa siyasi əxlaqsızlıq?

Aldat, xeyirxah olma, qorxut, pislik eləməkdən çəkinmə!

1. Makiavellilər…

Makiavellilər...“Machiavelli” soyadını daşıyan bu nəslin şəcərəsi vaxtilə Florensiya yaxınlığındakı Val de Qrev və Val di Pezuda geniş malikanələr sahibi olan qədim Toskaniya markizlərinə gedib çıxır. Florensiya Respublikasının qurulması ilə bütün nəsil respublikadan asılı vəziyyətə düşür və get-gedə müflisləşir, var-dövlətlərindən yalnız Montespersolidə o qədər də böyük olmayan qəsr qalır. XIII əsrdən makiavellilər Montespersolidən Florensiyaya köçərək San-Sprito rayonundakı Santa Trinata məhəlləsində məskunlaşırlar. Elə buradan da sonralar belə bir Toskaniya deyimi yaranır: “Montespersolidə birinci ailə olmaqdansa, San Trinatada 452-ci ailə olmaq yaxşıdır”.

Popalan qvelflərdən olan makiavellilərin bu məhəllədə bir neçə evi varmış. Hibbelinlərin qələbəsindən sonra 1260-cı ildə Florensiyanı tərk edən qvelflər arasında makiavellililər ailəsi də olub. Ancaq sonradan digər qvelf ailələri kimi yenə geri qayıdırlar. O zaman hibbelinlər nobillərin və yad imperatorların tərəfində durduqları halda, qvelflər yenicə yaranmaqda olan burjuaziyanın maraqlarının müdafiəçiləri idilər. Buna görə demək olar ki, makiavellilər həmişə əqidəli respublikaçı olmaqla bərabər, həm də özlərinin böyük şəxsiyyətləri ilə fəxr edə bilən bir nəsil olmuşdu. Təsadüfi deyil ki, respublika dövründə bu nəsil ali şəhər  magistiraturasına 13 dəfə ədalət qanfolenyeri, 53 prior və sinyor verib. Soyada məxsus gerb hər dörd tərəfdən gümüş müstəviyə mismarlanmış mavi xaçdan ibarət idi. Bu isə gerb sahiblərinin özlərini istənilən  hücumdan qorumağa qabil olduğunu bildirir. İtalyan dilində də “malchiavello”- “zərərli mismar” deməkdir. (malle – zərərli, chiavello – mismar).

Nikkolo ixtisasca hüquqşünas olan Bernardo Makiavelli və Borqondoho di Fuçenye qrafları nəslindən olan Bartolomeyi di Stefao Nellinin nikahından doğulan ikinci uşaq idi. Ondan başqa ailədə daha bir oğlan və 2 qız da doğulmuşdu.

2. Bernardonun ailəsində həmişə intibah dövrünün ruhu duyulurdu.

Bernardonun ailəsində həmişə intibah dövrünün ruhu duyulurdu. Hətta qızlardan birinə xalis intibah dövrünə aid olan Primavera (“Bahar”) adı da verilmişdi. Bernardo Makiavelli dindarlığa meylli olmasa da, donna Bartolemeyi müqəddəs Məryəmə həsr etdiyi himn və kansonlarını Santa Triniti kilsəsində həvəslə oxuyardı.

Ata Makiavelli o dövrün məşhur kitabsatanları ilə əlaqə saxlasa da, bu ailənin kitabxanasında heç vaxt kilsə və din xadimlərinin yazdığı kitablar olmazdı. Burada daha çox antik müəlliflərin – Siseron, Tit Livi, Aristotel, Plininin kitablarına rast gəlmək olardı. Ailənin ümumi gəliri kadastr üzrə 110 florin idi ki, bu da Florensiyanın varlı ailələrinin gəliri ilə müqayisədə çox cüzi idi. Nikkolo məhz belə bir ailədə 1469-cu il mayın 3-də Florensiyada anadan olmuşdu. 1476-cı il mayın 6-dan 7 yaşlı Makiavelli magistr Matteonun məktəbində Elio Donatonun dərsliyi üzrə latın qrammatikasını öyrənməyə başlayır. 1477-ci il martın 5-dən Nikkolo şəhər məktəbində təhsilini davam etdirir. Burada da latın klassikləri öyrədilirdi. 1480-ci ildə o Pyero Marionun yanında hesabı, 1481-ci ildən isə Panqilyon məktəbində latın stilistikasını mənimsəyir. Onun təhsil aldığı məktəbləri belə dəqiqliklə sadalamaqda məqsəd var. Çünki məhz 1481-ci ildən sonra Nikkolo ailədəki maddi vəziyyətin çətinliyi üzündən məktəblərdə təhsilini davam etdirə bilmir.

Məktublarından bəlli olur ki, Nikkolo musiqiyə də bələd idi və Somerst Moemin romanında təsvir edilənlərə inansaq, hətta simli alətlərdə ifa edə bilirmiş. Yunan dilini öyrənə bilməsə də, yunan müəlliflərini tərcümədə çox həvəslə oxuyarmış. Və sözsüz ki, onun bütün həyatı boyu Tut Livi, Tosit, Siseron, Sezar, Vergili, Ovidi daim müraciət etdiyi müəlliflər idi. Dante və Petrarka – erkən intibahın bu iki titanı isə onu həmişə heyrətdə qoyardı.

Beləliklə, Nikkolo Makiavelli öz doğma şəhəri, eləcə də bütün İtaliyada siyasi vəziyyətin gərgin olduğu bir dövrdə gənclik illərini səs-küydən uzaqda keçirir, həddən artıq oxuyur, öyrənir, müşahidə edir. Qeyd etdik ki, o, universitet təhsili ala bilməmişdi. Bir çox tədqiqatçıların fikrincə, bu nəinki çatışmazlıq, əksinə üstünlük idi və onun xidmətindəki gələcək uğurlarının əsasını qoymuşdu. Məhz universitet təhsili görməyən Nikkolo, XV əsr sxolastik elm ənənəsindən azad və xəbərsiz olaraq özünəməxsus orijinal üslub yaratmışdı.

3. Respublikaya qulluq

Respublikaya qulluqMakiavellinin Respublika dövründəki fəaliyyətinə keçməzdən əvvəl XV əsr Florensiyanın siyasi mənzərəsinə qısaca da olsa nəzər salmalıyıq.

XV əsr Florensiya üçün şəhərin ən varlı ailələrinin uzun illər boyu bir-biri ilə və xarici düşmənlə apardıqları mübarizənin keyfiyyətcə yeni dövrü oldu. Əgər bu vaxta qədər Florensiyanın siyasi həyatında ümumilikdə çoxlu sayda, ancaq zəif qüvvələr çıxış edirdilərsə və nəticədə dayanıqlı, sabit hakimiyyət bərqərar ola bilmirdisə, XV əsrin ortalarından başlayaraq “vecsiz, xırda” qüvvələr aradan çıxmağa başlayır ki, bu da nəticədə “nəhənglər”in mübarizəsinə, qalib “nəhəng”in isə uzunömürlü hakimiyyətinə gətirib çıxardı. Sonsuz çevrilişlər, daxili çəkişmə və mübarizələrdən cana gəlmiş vətəndaşların tələbini yerinə yetirmək get-gedə çətinləşirdi. Hər şey eynilə qəhrəmanımızın “Florensiya tarixi” əsərində yazdığı kimiydi: “Möhkəm əsaslarla qurulmayan, ancaq respublika kimi idarə olunan dövlətlər tez-tez hökumət və idarəetmə formasını dəyişməli olurlar. Bu isə dövləti hamının güman etdiyi kimi azadlıqdan köləliyə deyil, köləlikdən nizamsız özbaşınalığa gətirib çıxarır. Çünki özbaşınalığa can atan popolanlar və başqalarını kölə etmək arzusuyla alışıb-yanan nobillər nə hökmdara, nə də qanunlara tabe olmaq istəyirlər. Belə halda taleyin xoş gərdişindən bu cür dövlətdə müdrik və güclü bir vətəndaş meydana gəlsə, həm nobillərin, həm də popolanların istəklərini həyata keçirsə və ya onları pis əməllərdən çəkindirib əzməyə qabil olsa, yalnız bu dövlət özünü azad, hökumət isə möhkəm və güclü sayıla bilər”.

Sözsüz ki, belə müdrik və güclü hökmdar bu dövrə qədər şəhərin siyasi həyatında az-çox rol oynamış nüfuzlu soyadlardan ola bilərdi. Florensiyada uzun sürən iğtişaşlar və pərakəndəlik dövründə xalq arasında digər ailələrin nüfuzunu itirməsi şəhərin adlı-sanlı nəsillərindən olan mediçilərin yenidən əvvəlki mövqelərini əldə etmələrinə səbəb oldu.

4. Məhz mediçilər ailəsinin Florensiyada üstünlük əldə etmələri şəhərin taleyində böyük rol oynadı. İppolit Ten yazırdı:

Məhz mediçilər ailəsinin Florensiyada üstünlük əldə etmələri şəhərin taleyində böyük rol oynadı. İppolit Ten yazırdı:“Florensiyada mediçilər ailəsinin rəhbərliyə gəlməsi ilə sülh bərqərar oldu; burjuaziya şəhərin və cəmiyyətin sülhsevər sahibinə çevrildi. Mediçilər kimi digər iri burjua ailələri də fabriklər açır, ticarət edir, banklar təşkil eləyirdilər. Bu isə böyük məbləğdə pulun dövriyyəsi demək idi”.

Beləliklə, Florensiyada mediçilərin hakimiyyəti 1434-cü ildən bank sahibi Kozimo Mediçinin hakimiyyətə gəlməsindən sonra başladı. 1464-cü ildə Kazimo Mediçinin ölümündən sonra oğlu Pyero onun vəfatından sonra Pyeronun oğlu Lorenso hakimiyyətə gəlir. Lorensonun hakimiyyəti 1492-ci ilə qədər davam edir və İtaliya bu illər ərzində ən sakit vaxtlarını yaşayır. Lorenso Mediçinin ölümündən sonra 7 övladı qalmışdı ki, onlar üçün də Lorenso sağlığında müəyyən mövqelər əldə etməyə nail olmuşdu. Bu haqda Makiavelli “Florensiya tarixi”ndə yazır: “O, böyük oğlu Pyeronu kavaler Opisinin qızı ilə evləndirdi. İkinci oğlu Covanninin vur-tut 14 yaşı olmasına baxmayaraq, ona kardinal rütbəsi verilməsinə nail oldu ki, bu da sonralar Mediçilər nəslinin papalığa gedən yolda ilk pilləsi oldu. O, üçüncü oğlu Culyanaya isə elə bir mövqe düzəldə bilməmişdi”.

5. Beləliklə, Pyero Mediçi Florensiyada hakimiyyətə gəlir. Ancaq onun hakimiyyəti Fransa kralı VIII Karlın 1494-cü ildə İtaliyaya hücumu ilə sona çatdı.

Beləliklə, Pyero Mediçi Florensiyada hakimiyyətə gəlir. Ancaq onun hakimiyyəti Fransa kralı VIII Karlın 1494-cü ildə İtaliyaya hücumu ilə sona çatdı.Toskanaya doğru istiqamət götürmüş Karlın qarşısına çıxan Pyero Florensiyanın kapitulyasiyasına razı olur. Rəhbərlik tərəfindən təslim edilən şəhərdə xalq üsyanı baş verir və mediçilər devrilir. Onların sürgünündən sonra şəhərə daxil olan fransızlar özlərini respublika hökumətinin himayəçisi kimi göstərməyə çalışsalar da, ümumi narazılıq onları şəhəri tərk etməyə məcbur edir. 1494-cü ildən etibarən şəhərin faktiki hakimi San-Mark dominikan monastırının başçısı İeronun Cirolamo Savanarola oldu. Nikkolo Makiavelli Fleronsiyanın siyasi meydanında Savonarola hakimiyyətinin axırıncı ili görünməyə başlayır.

1498-ci il fevralın 18-də Makiavelli respublikanın II kansleriyasının katibi vəzifəsi üçün seçkilərə gedir. Burada Savonarolanın tərəfdarına uduzur. Ancaq rahibin partiyası artıq nüfuzunu itirməkdə idi. Elə həmin il, mayın əvvəllərində Savonarola həbs olunur və mayın 23-də meydanda yandırılır. Bu hadisələrdən 5 gün sonra Makiavelli Mediçi tərəfdarı olan rəqibinə seçkidə qalib gələrək iyunun 18-də II kansleriyanın katibi seçilir. İyulun 14-də isə “Onlar komissiyası”nın dəftərxanası da ona tapşırılır.

Beləliklə, 29 yaşlı Nikkolo Makiavelli mühüm işləri yerinə yetirən Sinyoriyaya katib vəzifəsinə təyin olunur. Hələ bundan əvvəl Romada səfərdə olarkən hüquqi bir işi uğurla həll etmiş Nikkolanın atasının köməyi ilə hüququn əsaslarından xəbərdar olması şübhəsiz idi. Elə Florensiya Sinyoriyası da bu seçimdə yanılmadığını dəqiqləşdirə bilir. Təsadüfi deyil ki, Makiavelli düz 14 il ardıcıl həmin vəzifəyə seçilir. Bu illər ərzində o, minlərlə diplomatik məktub, xəbər, dövlət əmrləri, hərbi və qanun layihələri hazırlamışdı. “Onlar komissiyası”nın katibi kimi Nikkolo Makiavelli hərbi yürüşlərin təşkilatçısı və iştirakçısı, respublika fədailərinin yaradıcısı idi. Bu cür mühüm işləri yerinə yetirən Makiavelli heç də qapalı dövlət məmuru rolunu həyatı keçirmirdi. Təsadüfü deyil ki, o, “Onlar komissiyası”nın hərdən təşkil etdiyi karnavalların sevimlisi idi.

6. Makiavellinin birinci işgüzar səfəri 1499-cu ilin mart ayına düşdü.

Makiavellinin birinci işgüzar səfəri 1499-cu ilin mart ayına düşdü.O, Florensiyadan təxminən 100 km cənub-qərbdə yerləşən Pyombinonun sahibi IV Yakon Appianonun yanına gedir. IV Yakon Florensiya hökuməti qarşısında şəhərə xidmət edən hərbçi kimi maaşının artırılmasını tələb edirdi. 30 yaşlı katib onu inandıra bildi ki, Florensiya onsuz da kondotyerlərin saxlanılmasına kifayət qədər vəsait ayırır. Elə həmin ilin iyulunda Makiavelli Florensiya üçün mühüm strateji mövqe olan Forliyə yollanır. O zaman Forlinin hakimi Qalaesso Sforsanın qızı Katerina idi. Makiavelli bu təcrübəli və hiyləgər hökmdar qadının bütün səylərinə baxmayaraq onunla dostluq münasibətlərini saxlayır. Bu səfərlər haqda Makiavelli özünün 1499-cu ildə yazdığı “Pizada baş verən hadisələrlə bağlı ““Onlar komissiyası”na göndəriş” adlı ilk traktatında məlumat verir.

1499-cu ildən başlayaraq İtaliyada siyasi və hərbi vəziyyət get-gedə daha mürəkkəb şəkil almağa başlayır. Həmin ilin oktyabrında fransız orduları Milana daxil olurlar. İtaliya get-gedə fransız kralı XII Lüdoviqdən daha çox asılı olmağa doğru gedir. Əvvəllər Piza ilə bağlı istənilən problemi Florensiya həll edirdisə, bu səlahiyyət artıq fransızlara keçmişdi. Fransızlar isə Florensiyaya hərbi kömək üçün əlavə vəsait tələb edirdilər. Bu problemin həlli üçün Makiavelli 1500-cü ildə Fransaya göndərilir. O, Fransada olarkən Liona, Neberə, Nelenə, Parisə səfərlər edir, latın və fransız dillərində danışıqlar aparır. Onun Sinyoriyaya göndərdiyi hər hesabat respublika üçün böyük əhəmiyyətə malik idi.

7. Fransa səfəri 1501-ci ildə başa çatdıqdan sonra Makiavelli yeni işə təhkim edilir:

Fransa səfəri 1501-ci ildə başa çatdıqdan sonra Makiavelli yeni işə təhkim edilir:Bu yenə də Pistoya ilə bağlı idi. Nikkolo bu şəhərdə bütün imkanları səfərbərliyə alaraq siyasi qüvvələrin toqquşmasının qarşısını almalı idi. Burada keçdiyi təcrübə ona 1502-ci ildə “Pistoyada partiyaların dondurulması üçün Florensiya Respublikasının tədbirləri haqda xəbərlər” adlı məruzə hazırlamağa imkan verir. Elə həmin il Florensiya katibi xüsusi tapşırıqla Sien və Kaminə göndərilir ki, burada məşhur “Hökmdar”əsərinin qəhrəmanı Sezar Borcia ilə görüşür.

Valentino hersoqu adlandıran bu adam Roma papası VI Aleksandrın qanunsuz oğlu idi. Atasının köməyi ilə özü üçün dövlət yaratmaq istəyən Sezar müasirləri tərəfindən həddən artıq hiyləgər, heç bir mənəvi prinsipə məhəl qoymayan, qətiyyətli hökmdar kimi tanınırdı. Volterra yepiskopu Françesko Soderini ilə bu səfərə çıxan Makiavelli Sezar Borcia ilə onun işğal etdiyi Urbinada görüşür. Hersoq Soderini və Makiavellini 1502-ci il iyunun 24-də gecə saat 1-də qəbul edir. O, 1503-cü ildə Peruca və Sien qəsrlərini zəbt etmiş Sezar Borcianın qoşunu içərisində müşahidə aparır. Elə həmin il Papa VI Aleksandrın ölümü və II Yulinin Papa seçilməsi ilə bağlı Romaya gedir.

8. Bütün bu işlərdə o özünü nəinki bacarıqlı icraçı, həm də səriştəli təşkilatçı kimi də göstərir.

Bütün bu işlərdə o özünü nəinki bacarıqlı icraçı, həm də səriştəli təşkilatçı kimi də göstərir.Makiavelli bu illərdə hərbi düşərgələri gəzir, vəziyyətlə şəxsən tanış olurdu. Artıq 1505-ci ildə o, xalq fədailərinin təsisi haqda məsələ qaldırır. Bir ildən sonra isə xalq fədailərinin işi üzrə yeni hökumət orqanı – “Doqquzlar Komissiyası” təşkil olunur. Elə həmin il Makiavelli özünün “Florensiya Respublikasının hərbi qüvvələri haqda düşüncələr” adlı traktatını yazır. 1511-ci ilə qədər Makiavelli “Doqquzlar Komissiyası”nın katibi kimi fəaliyyət göstərir və faktiki olaraq komissiyanın bütün işinə nəzarət edir.

1512-ci ildə Florensiya respublikası gərgin anlar yaşayır. Ravennadakı məğlubiyyətdən sonra fransızlar Lombaddiyanı tərk edirlər və ispanlar Pratonu tutaraq qarət edirlər. Pyero Soderini Florensiyadan qaçır və nəticədə şəhərdə yenidən Mediçi sinyoriyası bərpa olunur. Çevriliş nəticəsində Makiavelli vəzifədən uzaqlaşdırılaraq bir illiyə sürgün olunur.

Növbəti 1513-cü ildə antimediçi qiyamın üstü açılır və Makiavelli də bu işdə günahkar bilinərək zindana salınır. Sonradan o, yeni papanın seçilməsi ilə bağlı amnistiyaya düşür və ona Florensiya yaxınlığında yerləşən Sant-Andreada yaşamağa icazə verilir. Sürgün illərində fəaliyyətsizliyə məhkum olunmuş respublikanın keçmiş katibi hətta mediçilərdən belə hər hansı dövlət tapşırığı almağa razı idi. Öz dövlətinə xidmət etməyi hər şeydən yüksək tutan Makiavelli fransız monarxiyasına qulluqdan boyun qaçırır. Buna baxmayaraq “Florensiyada acından ölməyi, Fontenteblada toxluqdan üstün tuturam” deyən Makiavelliyə mediçilər hakimiyyəti heç nəyi etibar etmir. Bu illər Makiavelli “Hökmdar” (1513), “Tut Livinin birinci dekadası” (1513-16), “Hərb sənəti haqda traktat” (1519-1526), “Florensiya tarixi” və digər əsərlərini yazır.

9. Makiavellinin həyat qrafiki yüksək və enən iki düz xətdən ibarətdir.

Makiavellinin həyat qrafiki yüksək və enən iki düz xətdən ibarətdir. İlk 14 ilin gərgin fəaliyyətindən sonra, 14 il yaradıcı əzabkeş olmaq onun qismətinə düşmüşdü. Ancaq gözlənilən vaxt gəlib çatdıqda belə yenə heç kəs onu xatırlamadı və ya xatırlamaq istəmədi. Belə ki, 1526-cı ildə V Karlın başçılığı altında ispanlar İtaliyaya hücum edir və 1527-ci il may ayının 4-də Roma alman landsknextləri tərəfindən tutulur. Bunun ardınca Florensiyada mediçilər devrilir və respublika bərpa olunur.

58 yaşlı Makiavelli yenidən öz namizədliyini II kansler vəzifəsinə irəli sürür. Ancaq heç nəyə nail ola bilmir. 555 səs əleyhinə və yalnız 12 səs lehinə! Bu səsvermə 1527-ci il may ayının 10-da olur. 1527-ci il iyunun 21-də isə Nikkolo Makiavelli mədə xəstəliyindən vəfat edir. Bir neçə gün sonra onu Santa Kroçe kilsəsinin qəbiristanlığında dəfn edirlər.

10. Makiavelli bəşər mədəniyyətinə sadədən də sadə bir həqiqət bəxş edib:

Makiavelli bəşər mədəniyyətinə sadədən də sadə bir həqiqət bəxş edib:İnsanların yaşayışları ilə necə yaşamalı olduqları arasında böyük fərq var! Onun İtaliyanı vahid dövlət səviyyəsinə gətirmək üçün etdiyi bütün cəhdlər çoxları tərəfindən rədd edilirdi. Hamı belə bir adi məqsəd naminə olan bütün çağırışlarda yalnız tiranlığın mədhini görür, məqsəd qəbul edilsə də, ona çatmağın yolları haqda uzun-uzadı mənəviyyat moizələri oxunurdu. Heç kəs başa düşmək istəmirdi ki, zəhərləmə və qətllərin adi silaha çevrildiyi şəraiti yumşaq tədbirlərə dəyişmək olmaz. Hegelin Makiavellini oxumağın yolu haqda çox məşhur bir tələbi var: “Hökmdar”ı mütləq Makiavelli dövrünün İtaliya tarixini nəzərə almaqla oxumaq lazımdır”.

11. Hegelə görə bütün dövlətlər böyük şəxsiyyətlərin gücü hesabına meydana gəlib ki, bu şəxsiyyətin başqalarından üstünlüyü də mütləq iradəsinin gücünə inanmağıdır:

Hegelə görə bütün dövlətlər böyük şəxsiyyətlərin gücü hesabına meydana gəlib ki, bu şəxsiyyətin başqalarından üstünlüyü də mütləq iradəsinin gücünə inanmağıdır: “Necə ki, Tesey Afina dövlətini qurdu… Bu güc despotizm deyil, tiranlıqdır, ancaq həm də zəruri və ədalətlidir; çünki bu güc dövləti qoruyur və saxlayır. Bu cür dövlət yalnız özü-özünü tanıyan mütləq ruhdur. Ona nə yaxşı və nə pis, nə alçaqlıq, nə riyakarlıq və xəyanət anlayışları daxil deyil. O bunların hamısının fövqündədir. Digər tərəfdən isə Makiavellinin vətəni əcnəbilər tərəfindən talan və zəbt edilirdi: hər mülkədar, hər şəhər öz müstəqilliyini elan etmişdi. Dövləti xilas etməyin yeganə yolu bu cür xırda süverenitetlərinin məhvində idi. Özünün zəngin siyasi və hərbi təcrübəsinə əsaslanan Makiavelli mənəviyyat problemlərini önə çəkir və onları siyasi problemlərlə sıx əlaqədə həll edir. Buna baxmayaraq o həmişə mənəviyyatı və dini siyasətdən ayırmışdı. Siyasət Makiavelli üçün ayrıca bir elm idi”.

Makiavelli yeni hökmdara öz dostları və təbəələri ilə necə rəftar etməli olduğu haqda məsləhət verərkən “Hökmdar”da yazır: “Həyatda baş verənlərlə, baş verməsi lazım olanlar arasında böyük fərq var: çünki insanların yaşayışları ilə necə yaşamalı olduqları arasındakı məsafə elə böyükdür ki, lazım olan naminə həqiqi həyatı rədd edənlər həqiqət naminə gördüyü işdən daha çox özünə ziyan vurur. Çünki xeyir dəfələrlə şərlə üzləşdikdən sonra ya məhv olur, ya da xeyirliyini itirir. Ona görə də hakimiyyətini saxlamaq istəyən hökmdar mütləq xeyirxahlıqdan uzaqlaşmağı və bundan yalnız zəruri hallarda istifadə etməlidir“.

Hamıya yüksək əxlaq dərsi verməyi sevən, yalnız yaxşı keyfiyyətlərə malik ideal hökmdar arzulayan, özləri isə ağıllarına gələni eləməyə öyrənmiş mənəviyyat moizəçilərindən fərqli olaraq Makiavelli bu qul psixologiyasından çox-çox uzaq olduğu üçün vaxtilə yaşamış və dövründə olan hökmdarın həqiqi insani keyfiyyətlərindən misal gətirir, yeni hökmdara real həyatda necə yaşamaq lazım gəldiyindən danışır: “İnsan təbiətində yalnız comərdlik olmadığından və insanlar da xeyrə heç də həvəslə qulluq etmədiklərindən, ağıllı hökmdar dövlətin məhvinə gətirib çıxara bilən vərdişlərdən qurtulmalıdır”.

12. Makiavelli insanlarda olan “yaxşı” və “pis” keyfiyyətləri birgə nəzərdən keçirir.

Makiavelli insanlarda olan “yaxşı” və “pis” keyfiyyətləri birgə nəzərdən keçirir.Belə ki, bütün bu keyfiyyətlərə xeyirxahlıq və pisliklərə həyatda rast gəlmək olur. Bunlarsız nəinki hökmdar, heç adi adam da ola bilməz. Ancaq bundan da çətini belə bir adamın bütün bu yaxşı xüsusiyyət və xeyirxahlıqları nümayiş etdirməsidir.

Çünki həyatın diktə etdiyi şərtlər bunlara uyğun deyil. “Real həyatın şərtlərini və real həqiqətləri insani keyfiyyətlərlə həmişə müqayisə etmək Makiavelli siyasi realizminin əsas tərəfidir. O, hadisələrin arxasında mahiyyəti görməyə çalışır” yazan Marks məhz bunu nəzərdə tuturdu. Makiavellinin hökmdarı dağılmaqda olan feodalizm dövrünün feodallarının əvəzində meydana gələn yeni burjuaziyanın nümayəndəsidir. Və ondan tələb olunanlar tək Makiavellinin deyil, həmin dövrdə yeni mərhələyə qədəm qoyan ictimai-iqtisadi münasibətlərin tələbi idi.

13. Makiavelliyə görə hökmdardan daha çox qorxsalar yaxşıdır.

Makiavelliyə görə hökmdardan daha çox qorxsalar yaxşıdır.Çünki adamlar təhlükə qarşısında tez dəyişə bilirlər. Nə qədər ki, onlara yaxşılıq olunur, sənə meylli olurlar, ancaq elə ki, nə isə baş verdi, öz xeyirxahlarına nəinki xəyanət, hətta onu məhv edirlər.

Makiavelli çox gözəl başa düşürdü ki, ali insani keyfiyyətlər olan məhəbbət, dostluq, sədaqət, xeyirxahlıq kimi hisslər onun dövründə maddi şeylər kimi alınıb satılır. Bunu yeni hökmdar da bilməlidir ki, adamlar bu hisslərdən daha çox əmlakı, pulu, var-dövləti qiymətləndirirlər. Və onların hörmət etdiyi bir şey varsa o da qorxu hissi aşılayan gücdür: “Onların vədlərinə inanaraq öz təhlükəsizliyi qeydinə qalmayan hökmdara o qədər də asan olmayacaq. Xeyirxahlıq və comərdliklə alınan dostluğu qazanmaq olar, ancaq çətin vaxtlarda istifadə etmək olmaz. Bundan əlavə adamlar onlara qorxu hissi aşılayanı incitməkdən daha çox çəkinirlər, nəinki sevgi hissi aşılayanı. Çünki xeyirxahlıqla saxlanılan məhəbbət pis adamlar tərəfindən öz xeyirləri naminə nəzərə alınmaya bilər, ancaq qorxu, cəza hədəsi ilə saxlanılan dostluq və hörmət isə nəzərə alınmaya bilmir”. Ancaq hökmdar elə qorxu hissi yaratmalıdır ki, məhəbbət qazanmasa da, nifrətdən də yayına bilsin. Çünki nifrətsiz qorxu hissi aşılamaq mümkündür. Bu nifrətdən qaçmaq üçün vətəndaşlarının mal-mülkünə və arvadlarına, uşaqlarına toxunmaq olmaz.

14. Makiavelli haqda xoşagəlməz sözləri əsasən “Hökmdar”ın XVIII fəslinin məzmunu ilə bağlı daha çox deyirlər.

Makiavelli haqda xoşagəlməz sözləri əsasən “Hökmdar”ın XVIII fəslinin məzmunu ilə bağlı daha çox deyirlər. Hökmdarın öz sözünə əməl etməsi haqda” adlanan bu bölmə hər bir hökmdar üçün böyük müşkülə çevrilən problemin qoyuluşundan başlayır: “Hökmdarın öz sözünə əməl etməsinin, səmimiliyinin, ədalətli olmasının nə qədər tərifəlayiq olduğunu söyləmək artıqdır. Ancaq dövrümüzün təcrübələri bizə göstərdi ki, bizim vaxtlarda böyük işlər, daha böyük uğurlar yalnız o zaman qazanılır ki, verilən sözə əməl olunmağa cəhd göstərilmir: belə hökmdarlar son nəticədə daha çox irəli gediblər, nəinki ancaq düzlüyə bel bağlayanlar. Düşmənlə mübarizə aparmağın 2 yolu var: I qanunla, II güclə. I insana xasdır, II heyvanlara. Ancaq I çox zaman kifayət etmir və II-nin köməyindən istifadə etmək lazım gəlir. Buradan belə nəticə çıxır ki, hökmdar insan və heyvan təbiətində hər nə varsa mənimsəməlidir. Qədim müəlliflər öz əsərlərində Axilli yarıminsan, yarımheyvan canlı olan Kentavra-Xirona tərbiyəyə verməkdə məqsədləri nə idi? Bu, hökmdarın özündə 2 xisləti birləşdirməli olduğuna işarədir. Bunlardan biri, o birindən kifayət qədər gücə malik deyil”.

15. Doğrudan da, Makiavelli kentavr obrazından əbəs yerə danışmır.

Doğrudan da, Makiavelli kentavr obrazından əbəs yerə danışmır.Siyasi xadimlərin fəaliyyətini nəzərdən keçirib öyrənən Makiavelli ən yaxşı qanunların belə müvəqqəti olduğunun şahidi olur. Buna görə də təbii əzəliliyə müraciət edir, hökmdar və dövlət üçün bu qanunların saxlanılmasında ən böyük köməyi gücdə görür; bu isə kor-koranə işlədilən güc deyil, ağılla hiyləgərliklə işlənən gücdür.

Yəni, Makiavelliyə görə hökmdar siyasətdə romantik və utopist deyil, əksinə realist olmalıdır; yaranmış vəziyyəti əsaslı şəkildə öyrənməli, işin gedişini ölçüb-biçməli, üzləşə biləcəyi xəyanəti, qeyri-sabitliyi, hiyləgərliyi və çətinlikləri nəzərə almalıdır: “Beləliklə, qoy hökmdar heyvanlardan ikisinə oxşasın: şirə və tülküyə. Şir tələdən qorxur, tülkü canavarlardan, deməli tülkü olmaq lazımdır ki, tələləri keçəsən, şir olmaq lazımdır ki, canavarları qorxudasan. Ağıllı hökmdar söz verərkən onu buna vadar edən səbəblər aradan çıxdığı halda ümumi marağına xələl gətirən vədlərə əməl etməyə bilər. Əlbəttə, əgər adamlar sözlərinə əməl etsəydilər, onda bu məsləhət düzgün olmazdı, ancaq heç kəs sözünün ağası olmadığından, sən də onlara özləri kimi davranmalısan”.

16. Buradan göründüyü kimi Makiavelli heç də amoralizmin təbliği ilə məşğul olmur.

Buradan göründüyü kimi Makiavelli heç də amoralizmin təbliği ilə məşğul olmur.Əksinə, o, cəmiyyətdə mövcud olan amoralizmi şərh edir, hökmdarı sayıqlığa və öz şəxsi mənafeyi naminə hər vədinə xilaf çıxa bilən adamların qurbanına çevrilməməyə çağırır. Filosof inanır ki, pafoslu sözlər və mənəvi dəyərlər pərdəsi altında gizlənən real həyatda əslində ən alçaq oyunlar gedir. Comərdlik və xeyirxah nəsihətlər çox zaman ən qanlı və amansız cinayətlərlə başa çatır: “Buradan belə nəticə çıxır ki, hökmdar heç də bütün sadalanan comərdliklərə malik olmasa ziyan etməz, təki o hamı tərəfindən xeyirxah kimi qəbul edilsin. Cəsarətlə əlavə edə bilərəm ki, bu comərdliklərə malik olmaq onun özünə xeyir gətirməyəcək. Başqa sözlə, adamların gözündə rəhmdil, səmimi və əzabkeş görünməklə işdə də bunu sübut etməli, ancaq zərurət yarandıqda daxildə həmişə tamam əks xüsusiyyətləri hazır saxlamaq lazımdır. Çünki Hökmdar dövlətin qorunub saxlanması naminə bəzən öz sözünün əksinə getməyi, rəhmsizlik və amansızlıq göstərməli olur. Ona görə də yeni hökmdar həmişə hadisələrin gedişi əks istiqamət alanda, mümkün qədər xeyirxahlıqdan uzaqlaşsa da, zülm etməkdən də qaçmamalıdır”.

 

Makiavelliyə görə hökmdar üçün iki əsas təhlükə var: daxildən və xaricdən: “Ölkə daxilində yüngülbeyin, qətiyyətsiz hökmdarlar həmişə nifrət obyekti olurlar. Rəiyyətin xüsusi işlərinin həlli hökmdar tərəfindən qəti həllini tapmalıdır. Və heç kəsin ağlına belə gəlməməlidir ki, nədəsə hökmdara fırıldaq gəlmək, onu aldatmaq olar”.

17. Makiavelliyə görə, qiyamdan qorunmaq üçün ən yaxşı vasitə:“Xalqın etimadını qazanmaqdır. Belə hökmdar heç nədən və heç kəsdən qorxmaya bilər.”

Makiavelliyə görə, qiyamdan qorunmaq üçün ən yaxşı vasitə:“Xalqın etimadını qazanmaqdır. Belə hökmdar heç nədən və heç kəsdən qorxmaya bilər.”Makiavelli yeni hökmdarın müxtəlif vəzifələr daşıdığını da unutmur: “Hökmdar hər sənətdə qeyri-adi bacarıq nümayiş etdirən adamları himayə etməlidir. O, vətəndaşların sakit tərzdə təsərrüfatla məşğul olmaları üçün şərait yaratmalıdır. Hökmdar iş adamlarına qoyulan vergilərlə onları bezdirməməlidir, əksinə ticarət qurmaq, binalar tikmək istəyən adamları mükafatlandırmalıdır. O həmçinin xalqın əylənməsi üçün bayramlar düzəltməli, şəhərin müxtəlif yerlərində yığıncaqlar təşkil etməlidir”.

Makiavelli yeni hökmdara məhdudiyyətsiz səlahiyyətlər verməklə dövlətin qorunması və möhkəmlənməsi üçün bütün məsuliyyəti ona tapşırır. Onun hökmdarı taleyin gərdişinə və başqa adamların köməyinə heç vaxt arxayın olmamalı, daha çox öz ağlına, bacarığına inanmalıdır.

Makiavellinin siyasi ideologiyası konkret siyasi məqsədə -vahid, möhtəşəm İtaliya dövlətinin formalaşmasına yönəlib. Bu nəzəriyyə utopiya deyil və bura tarixilik xasdır. Çünki o hər şeydən əvvəl konkret ictimai hadisələri öyrənir və nəticələr çıxarır. Buna görə də Makiavelliyə yalnız siyasətçi kimi baxmaq olmaz. Bu barədə italyan filosofu Qramşi yazırdı: “Makiavelliyə hər şeydən əvvəl öz dövrünün tələbləri ilə bağlı olan adam kimi yanaşmaq lazımdır. Çünki onun siyasi elmi dövrünün fəlsəfəsidir”.

Share: