Sitatbazlar… -Jalə Mütəllimova yazdı

Az.TV-də birinci vitse-prezident Mehriban Əliyevanın xarici səfərlərindən bəhs edən süjetlər yığırdıq. Bu işi rəhmətlik Nizami Xudiyevdən sonra şirkətə gətirilən yenilikçi kimi iki-üç adam da cəlb edilmişdi. Etibar olunan əməkdaşlardan biri də mən idim.

Bir dəfə təklifdə bulunduq ki, tədbirlərə uyğun deyilsin birinci xanımın titulları. Belə daha səmimi və estetikdir. Ənənəvi variantsa bu cür idi, hər dəfə xanımın adı çəkilən cümlədə, mütləq bütün titullarını sadalayırdılar. Millət vəkili, Azərbaycanın birinci xanımı, YUNESKO və ISESKO-nun xoş məramli səfiri, Heydər Əliyev Fondunun prezidenti və sair. Bu qeyri-peşəkarlıq idi. Həm də estetik deyildi.
Diqqət edin, bütün titullar bir süjetdə azı dörd dəfə təkrarlanır. Məsələn beş dəqiqəlik video materialın iki dəqiqəsini həmin təkrar götürürdü. Bu efir estetikasının altından girib, üstündən çıxmaq idi. Üstəlik, diqqəti əsas məsələdən yayındırırdı. Eyni zamanda kimlərinsə yarınmaq hissinin ehtivası idi. Düzü və səmimisi utanırdım, mətnə baxanda, bəzən özüm səsləndirəndə, hətta başqası oxuyanda belə, utanırdım. Elə bilirdim deyirlər, axı bu yaltaqlığı biz görürük, axı bu olmaz. Bu üzdən, gəlin belə etməyək, təklifimiz qüvvəsində qalırdı. Özümsə, həmin materialları səsləndirəndə bəzən ixtisarlar edirdim. Nəticəsi belə oldu, məni “Prezidentskiyə”, inqilabçıdır deyə, rəsmi xronika səsləndirməyə çağırmadılar. Sonra haqqımda harada nə dedilərsə, səsimi efirdən tamamən çıxardılar. Pomrejə, katibəyə səs oxudurdular, jurnalistə, yəni mənə yox. Sonra özümə hörmətimdən işdən çıxmaq haqda ərizə yazdım. Görmədiyim işə görə quru maaş almaq istəməmişəm heç vaxt. Az.TV-də ərizəmin üstünü çox asan yazdılar. Sonra da xəbər yolladılar ki, bəs sənin ərizənin üstünü bilməyərəkdən qollamışıq, qayıtmaq istəmirsən? Artıq məni konkret adamlara qarşı istifadə edəcəkdilər, bilirdim, odur ki, qayıtmadım. Bir müddət sonra qayıtmaq istədim düzü, çünki Rövşən gəlmişdi, bizim Rövşən… Onda da dostlar utana-utana dedilər, ki, vallah Jalə xanım, sizi tanımadı. Yanımda iyirmi qəpiklik peraşki yeyə-yeyə, “Azadlıq” qəzetindən, Xəqani-33-dən, AMIP-in Binəqədidəki qərərgahına, abtobusla praktikaya apardığım, Rövşən deyib ki, hansı Jalə Mütəllimovadır, tanımadım. Dedim day neynək, bəlkə elə yaxşısı budur, qoy tanımasın, yəni ona da yarınmaq haqda düşünmədim…
Və deməm o ki, yaltaqlıq ayıbdı, əxlaqlı adam işi deyil, yarınmaq ayıbdı, mənəviyyatsızlıqdır, yerli-yersiz liderlərdən sitat gətirmək, nüfuzdan salmaqdı onları, bir az utanmaq lazımdır. Bir az da bilmək lazım ki, bir gün onlar da dilə gəlir. Məsələn, məni Az.tv-dən uzaqlaşdırmağın bünövrəsini qoyan “gəlin belə deməyək” təklifim, bir gün, lap yuxarıdan ƏMR olaraq gəlir: ETMƏYIN!
…Bu arada Az.TV-də daha heç kimin titullarını sadalamırlar. Arada mən qurban getdim, haqlı söz dediyimə görə…
…Niyə ağlıma gəldi bu olay desəniz. Düzü efirdə dövlət başçısı və xanımından yeri gəldi, gəlmədi sitat gətirən, bir cümlə öz sözü, öz müşahidəsi, öz yanaşması, öz izahı olmayan, özü araşdırma apara bilməyən, xəbər mənbələri dedi-qoduluqdan o yana adlamayan, “analitiklərin” və “siyasətçilərin” əqli dəngəsi məndə ciddi şübhə doğurur. Noolubun?!. Görürlər ax…
10.08.2021.
Share: