Sığorta ilə bağlı ilk tədqiqat işi təqdim olundu


Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində fəaliyyət göstərən Araşdırma və İnkişaf Mərkəzi və ASA Tədris Mərkəzinin “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” mövzusunda apardığı ilk tədqiqat işinin təqdimat mərasimi keçirilib.
ASA-nın Müşahidə Şurasının iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev sosial tədqiqatların çoxunun sosial problemlərə, sosial nizamın pozuntularına diqqət yetirdiyini bildirib. O qeyd edib ki, bu problemlərin səbəblərinin təhlili mümkün həll yollarını üzə çıxara bilər və məhz bu səbəbdən əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi və maarifləndirmə üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə bu tədqiqat aparılıb.
Tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib. Bildirib ki, tədqiqat işində “Azərbaycan əhalisi sığorta barədə nə qədər məlumatlıdır?”, “Azərbaycan əhalisində sığortalanmaq vərdişləri nə dərəcədə formalaşıb?”, “Azərbaycan əhalisi “Sığortalı olmağ”ı özünə dəb kimi seçə bilmişdirmi?” kimi suallara cavablar axtarılıb.
Tədqiqata 1201 nəfər əhali, 403 nəfər sığorta şirkətlərinin əməkdaşları və 13 nəfər peşəkar sığorta eksperti cəlb edilib. Tədqiqat Bakı və Bakıətrafı kənd və qəsəbələrdə aparılıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası, sığorta və təkrarsığorta şirkətləri və sığorta agentləri ilə tətqiqat prosesində əməkdaşlıq edilib.

Share: