“Seçsəm dərdlərimin ən kiçiyini, Yüz filə yük olar qarışqa dərdim…”-Mənsur Həsənzadənin şeirləri…

Müstəqil.Az istedadlı,gənc şair Mənsur Həsənzadənin şeirlərini təqdim edir:

… DƏRDİM…

Dolu dərdlərimi ta boşaldıram,
Ya boş buraxıram, ya boşaldıram,
İçimi çöllərə ha boşaldıram,
Azalmır ağıda, qarğışda dərdim!

Bu köpük dərdləri yığmaz bu kəfkir…!
Güc yox ürəyimdə, göstərə təpki.
Yazda allergiya, payızda səpki,
İsti- yayda dərdim, qar-qışda dərdim.

Kim tutub burnuma bu hiss iyini?
Kim atıb ortaya sözün çiyini?
Seçsəm dərdlərimin ən kiçiyini,
Yüz filə yük olar qarışqa dərdim.

Hər gün qırmağını durmadan atır,
Sancılır kürəyə, sinəmdən batır.
Gözümün yaşında yuyunub yatır,
Gör necə xoşbəxtdi balışda, dərdim.

Nə ömür xoş gedir, nə gəlir əcəl,
Əcəb divan tutur mənə şər, əcəb.
Ha cəhd elədimsə, səni zərrəcə
Azalda bilmədim, bağışla, dərdim!

 

Yandırır

Beşin yoxdu, birin vardı,
Ürək adlı pirin vardı,
Gözüm üstə yerin vardı,
Yerin gözümü yandırır!

Bu zülüm – ha zarı, inlə,
Davam edir ayla, illə.
Taleyin vurduğu şillə
Yaman üzümü yandırır.

Yola verdi ili, könlüm…
Gəzir şirin dili, könlüm,
Çırpındıqca dəli könlüm
Çırpım közümü yandırır.

Görən nəyi qazandı baş?
Başa quyu qazandı baş,
Baş deyil ha, qazandı baş,
Dilim sözümü yandırır!

Nə xeyri var, yüz danışsam?
Xirtdəyimi üz, danışsam,
” Çəp oturub, düz danış”sam,
Əyrim düzümü yandırır!

Min ildi ruhum qışqırır,
Yüz ildi qanım fışqırır,
Çölüm yadı alışdırır,
İçim özümü yandırır!

 

Tüstüm təpəmdən çıxdı

Bu sahil öz sahilimdir,
Bu öz dənizim, öz gəmim.
Lövbərini ata bilmir,
Neçə ildi ki, söz gəmim.
Açıb- bükəmmədim, fəqət
Özümə qaldı öz qəmim,
Özümə qaldı öz kəmim.
İçim özümü yandırdı,
Yandırdı çölüm özgəni…
Tüstüm təpəmdən çıxdı!

Fikrim yoxdu gün keçirəm
ahlar ilə, aman ilə.
Ta ovunmaz bu göynəklər,
Sızıltılar kaman ilə.
Bilirdim ki, zaman gəlməz,
Qarın doymaz saman ilə.
Olanlar üst- üstə düşdü
Ürəyimə daman ilə.
Odur ki, ayaqlaşmadım,
Kəllələşdim zaman ilə.
Tüstüm təpəmdən çıxdı!

….

Xəyallarım alt- üst oldu,
Üstünü göstər- dedilər.
” Sən oğrusan, cibini tök,
Üstünü göstər- dedilər.”
Bu görünən sən deyilsən
Büstünü göstər- dedilər.
“Od olmasa, tüstü çıxmaz.”
Ayağımdan od vurdular,
Tüstünü göstər- dedilər.
Tüstüm təpəmdən çıxdı!

Çəkməmişəm bağ həsrəti,
Sinəmdəki dağ yeridir.
Alnım yumruq tapdağıdır,
Üzüm şapalaq yeridir.
Öz- özümə bir təsəlli…
“Bəlkə də bu qara günlər
Taleyimin ağ yeridir.”
Ümidimi üzməmişəm
Bax, yenə də arzularım
Düşüncəmin sağ yeridir.
Gec də olsa bilmişəm ki,
Nəfəsim alov misalı,
Ürəyim ocaq yeridir,
Tüstüm təpəmdən çıxır!

 

 

Share: