SEÇƏSİ OLSAQ… MƏN ÖLÜMÜ SEÇİRƏM

Pərviz CƏBRAYIL

Bəzən adama elə gəlir ki, intihar deyilən şey ölüm deyiləndən çox baş verir. Bitib-tükənmir. Sanki bütün insanlar intihar edir, bəziləri isə hansısa səbəbdən ölür.

Və sanki ona görə ölümdən ara-bir danışırıq, intihar söhbəti isə bitmir ki, bitmir. Və elə bil hər gün ölən olmur, ancaq allahın ver günü kimsə intihar edir. Daha hər yer Kərbəla, hər gün aşura deyil. Artıq hər gün intihar!

İntihardan nə zaman durub yazsan, yeni bir şey olacaq, qəttəzə, çünki statistikaya bax, elə dünəncə bir intihar baş verib – həm də çox acı, çox kədərli və çox boş bir səbəblə.

Bu gün intihardan yaz, bir il sonra çap elə. Köhnəlməyəcək. Elə biləcəklər dünənki intihardan yazıbsan.

İntihar dəbə minmiş kimi görünür daha. Sanki dəyişməyən bir gündəm var: İntihar!

Əslində, yeni bir şey deyil. Ölüm tarixən təsir gücünə, ad-sanına görə intihara uduzub.

İntihar hadisə ola bilir, ölümsə həmişə statistika olaraq qalır.

Hətta ölüm sözü də həmişə “intihar”ın ardıyca gəlir…

Əslində, intihar nə zaman gələcəyi bilinməyən ölümə doğru yürüşdü, ona hazırlıqdı, onunla savaşdı. Xəyal edək, ömür hərbi xidmətdi, ölümsə azadlıqdı, xidməti başa vurmaqdı. Hər gün qarşımıza çıxan intihar isə fərarilikdi, xidmətdən, hərbi hissədən qaçmaqdı. Xidmətin başa çatmasını gözləmədən tələm-tələsik azadlığa qovuşmaqdı. Borcu ödəmədən. Dostlara xəyanət edərək. Cəbhə, döyüş, savaş yoldaşlarına arxa çevirərək. Bu, bir versiyadı intiharla bağlı.

Böyük adamlar fərar etmir!

Və bütün bunlardan sonra bəziləri intiharın cəsarət tələb etdiyini deyir. Guya bu, yalnız güclü adamların bacaracağı işdi. Yəni bilə-bilə ölümün, heçliyin qucağına atılmaq. Həyatına nöqtə qoymaq. Bundan sonra daha olmayacağını dərk edərək son addımı atmaq.

Əslində isə cəsarət artıq bezdiyin, yolunu-rizini tapa bilmədiyin daş-kəsəkli, yaşamağı bacarmadığın həyatda qala bilməyi seçməkdi. Həyat ən böyük və ən uzun vədəli, bəzən 150 ilə qədər uzanan milyardlarca ölüm anıdı, intihardı elə. Boğazına anında kəndir sala bilənlər Herman Hessenin “Yalquzaq”da istifadə etdiyi «Özünü öldürənlər» ifadəsinin daşıdığı anlamın cərgəsinə düşə bilməyənlərdi. Özünü öldürə bilənlər hər gün intihar kimi məşəqqəti ruhən qəbul edə bilənlərdi. Bu tip adamlar, demək olar, heç vaxt ani qərardan doğan intiharı seçmir və həyatla, əslində, ölümlə son nəfəslərinədək vuruşub ölürlər.

Böyük yazıçı (və başqa sənət adamları) hələ böyük adam demək deyil.

Heminqueyi xatırladım. Və əlbəttə, Van Qoq, Stefan Sveyq, Ziqmund Freyd, Mariya Svetayeva, Vladimir Mayakovski, Sergey Yesenin, Virciniya Vulf, Merilin Monro, Robin Vilyams, Murat Nasırov, Kurt Kobein və Ernest Heminqueyin nəvəsi gözəllər gözəli Marqo Heminqueyi… Bura yazıçının atasını da əlavə etmək olar…

Sadalanan adlar qədər səbəblər var demək.

Ömrü hərbi xidmətə, ölümü azadlığa, xidmətin bitməsinə bənzətdik. İntihar edənlərə fərari dedik. Ancaq bu gün pasifizm deyilən bir xətt də var. Savaşa, hərbə, hərbi xidmətə qarşı olanlar. Bəlkə intiharlarla bağlı da nəsə elə bir şey var? Həyatdan imtina! Onlara haqq qazandıra bilərikmi? Orduda xidmətdən, savaşdan imtina edənlər üçün hərbi məhkəmələr həbs qərarı çıxarır. Bəs intihar edənlər üçün hansı cəza çıxarıla bilər? O dünyada cəhənnəm? Absurddu.

Demək, intihar səbəbləri bəlkə də dünyada yaşayan insanların sayı qədərdi. Ancaq bunları təsnifləşdirib konkret səbəb tapmaq çətindi.

Mənə görə isə, intihar beyinə, şüura düşən virusdu. Hətta bəlkə QİÇS (AİDS) kimi yoluxucu virus. Onu qəsdən yaya da bilərlər dünyada, öz-özünə yayıla da bilər. Bəlkə də insanın yaşı qədər qocaman bir virusdu bu. Ancaq heç vaxt, heç kim ona bu gözlə yanaşmayıb, onun müalicəsi üçün təcrübələr aparılmayıb. Vaxt gələcək, alimlər bunu sübut edəcək. Buna inanıram.

Hələliksə intihar etməyə davam edirik – kimi ölən günəcən hər an, kimi də ölümə bir anda çatmaqla…

Mən ölümü intihardan üstün tutanlardanam…

Share: