Saxta kredit səhifələri yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs saxlanılıb
Sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının adından saxta səhifələr yaradaraq vətəndaşların bank kartı məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Müstəqil.az” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbiri nəticəsində bu əməllərdə şübhəli bilinən Elcan Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, E.Cəfərov sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının səhifələrinə bənzər saxta hesablar yaradıb və həmin səhifələrdə kredit elanları yerləşdirib. Elanlara müraciət edən vətəndaşlardan bank kartlarının nömrəsi, CVV/CVC və OTP kodları tələb olunub.
Əldə edilən məlumatlara əsasən, bu yolla vətəndaşların kart hesablarına giriş əldə edilərək həmin hesablardakı vəsaitlər nağdlaşdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb. E.Cəfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşları sosial şəbəkələrdə yayılan kredit elanlarına qarşı diqqətli olmağa çağırıb. Nazirlik kredit təkliflərinin etibarlılığının əvvəlcədən yoxlanılmasını, bank kartı məlumatlarının, xüsusilə CVV/CVC və OTP kodlarının heç bir halda digər şəxslərlə paylaşılmamasını tövsiyə edir.
#DİN #KartDələduzluğu #MəlumatlıOlQorun #BankTəhlükəsizliyi #OTPniVermə #kibertəhlükəsizlik #Çağırış #Xəbərdarlıq #PolisAzerbaycan #102 #MaliyyəTəhlükəsizliyi #EhtiyatlıOlun #KiberPolis
https://www.facebook.com/reel/1376747823911476




















