“ŞAİR-MƏCLİSdən LƏYAQƏT SİMFONİYASI reportajı…”-Aydın Caniyev İlqar Türkoğludan yazır….

ŞAİR-MƏCLİSdən LƏYAQƏT SİMFONİYASI reportajı

Var məclis şairi, var şair məclisi, var da məclis-şair, şair-məclis. Ustadımız Kamil Vəlinin təsnifatını da nəzərə alsaq, gərək əlavə edək: xalq üçün, sıravi oxucu üçün yazan sair var, bir də şairlər üçün yazan sair var!
İndi bu təqdim etdiyim oğlan ki var ha, 12.01.1962 ci ildə (yeri gəlmişkən, bu yazı ad günü hədiyyəsi əvəzi də sayıla bilər – gecikmə nəzərə alınmamalıdır!) Gədəbəy rayonunun Alnabat kəndində anadan olub, bu oğlan həm ali təhsillidir, həm Hüquq Mərkəzinin təsisçisi və direktorudur, həm də şeirləri və publisistik yazıları Azərbaycanda və müxtəlif ölkələrdə dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla kifayətlənməyib, Türkiyə Yazarlar Birliyinin də, İraq Türkmən Yazarlar Birliyinin də, İLESAM-ın da üzvüdür. Üstəlik də üç övladıyla bərabər, o üç uşaq anasının aman-zaman uman yeridir. Həə, bir dənə də “Ülvi duyğuların günahı olmaz” adlı şeirlər kitabının müəllifidir. Bütün verdiklərinin, yazdıqlarının qarşılığında aldığı təkcə… Prezident mükafatıdır!
Bu “rəsmi hissə” oldu!
Keçək “bədii hissə”yə.
Həqiqətdə isə İlqarı tanımaq üçün misralarına boylanmaq lazımdır – bütün kodlar, parollar, mesajlar, bəyanatlar o misralardadı! Diqqətlə oxuyanda görərsiniz ki, İlqar bütün sahələr üzrə “dərs”ləri bir sualda bitirib! İlqar bütün “ağrıları gömrükdə” qoyub. Naturası “dözmür yaya qədər,
qışda “istilənir”. Görüntüdə “siqarı daha yanmır, özü “tüstülənir”. Ruhundan danışası olsaq, gərək izn verək, “qoy çıxsın göy üzünə, Yerdə xəstələnir”. Çünki Yerdəki adamlarla alınmır. Adam oturur, “saqi şərab süzür, süzür, o da içir, içir, yenə içir, adamlar da hələ də şübhələri varaqlayırlar. Özü də bəzən elə olur ki, baxırsan “nə vaxtdı ki, durulmayan kefinə nə yaxşı ki, dayaq olur dostları”. Ancaq bu da kömək eləmir. Elə də olur ki, məcbur qalır:

Ürəyimi kabab edib, demir “off”,
Elə bil ki, heç qalmayıb insafı.
Məlhəm olur, kömək olur “Nemiroff”, –
Dar günümdə dostlarımın ən safı!

Burasınacan gəlib çatdıqsa, “çuğulluq borcu”mdan çıxıb deyim ki, İlqar Türkoğlu özünü “klassik şair” anlamında aparmır həyatda. Yəni o mənada ki, şeyini… zadını… bağışlayın, istedadını və şeirlərini götürüb özünü düşürmür tuman ətəklərinə.
İlgar Turkoglu bu məqamına görə dəyərləndirdiyim daha bir neçə imza ilə birlikdədir ki, onları yalnız və yalnız İlahi eşqə sadiq sayıram – Ramiz Qusarçaylı, Ayaz Arabaçı, Zəka Vilayətoğlu, İbrahim İlyaslı, Zahir Əzəmətlə bir sırada: bütün yaş qruplarından hərəsi olmaqla.
“Canımı canından ayırma daha,
İki təkimiz də bir cəmnən keçir”, – deyən oğlandı İlqar Türkoğlu! Əgər bunu deyibsə, deməli, sadiq də qalacaq: “Yollarda dolanan ayaq səslərin,
Sinəmdə saldığın küçəmnən keçir”. Hə, valla, onun düşüb səfil-sərsəri gəzəcəyi küçə ola bilməz! Sinəsi küçədi ayaq səslərinə… sevdiyinin!
Özü də sadiq olmaqdan da ötə etibarlı, etimadlı oğlandı ha, İlqar abi!
Tutmuşam üzümü dönüşə tərəf,
Dolanıb gəzsə də ruhum min yeri.
Asılıb gedirəm Günəşə tərəf,
Əlindən buraxma, saxla sən Yeri.

Doymadınızsa İlqar Türkoğludan, təqdimata davam edim…
Demək boynumun borcudur: Azərbaycanın, Türkiyənin, İraqın, türkdilli xalqların toplumunu əhatə edən İLESAM-ın üzvü haqqında Aydın Canıyev yazsa nə olasıdı ki, yazmasa nə olasıydı ki? Üstəlik də, nəinki Aydın Canıyev kimi onlarca jurnalist, elə Aydın Canıyev və ondan da ötə onlarca jurnalistin müəllimləri İlqar Türkoğlunu etiraf edib, edir, yəqin ki də, edəcək. Ola biləcək bir məqam var ki, ona görə yazdım, deyim, siz də bilin!
İlqar Türkoğlu cılxa və teyxa Türk Ərənidir! – bunu bilirsiniz! Amma bilmədiyiniz yox ha, görüb dəyərləndirmədiyinizi deyirəm.
Deməli, İlqar Türkoğlunu vur-öldür, Söz Adamının adına-namına, şərəfinə, qüruruna toxunacaq sözə meydan verməz! Eşitdisə, gördüsə, anında başının üstünü ley kimi alar, hadisə yerini zərərsizləşdirər! Killer və yaxud cangüdən kimi çıxmaz e ortaya! Kişi kimi gələr və ağsaqqal kimi “eldən ayıbdır” tipində söz deyər, xərcini çəkər, zəhmətini sərf edər, haqqını halal edər və hətta… bunu elə edər ki, iş bitəndən sonra “sağ ol” deməyə onu tapmazsan. Bir də görərsən ki, İlqar Türkiyədədi, Belorusiyadadı, Qazaxıstandan qayıtmağına hələ var.
Mən deyirəm, siz yadınıza salın neçə dəfə şahid olmağınıza. Həyatda bir dəfə iştirakçısı özüm olmuşam, fb-də də həmçinin, amma həm də fb-də də dəfələrlə şahid olmuşam!
Çox kəskin insidentli məqamda İlqar Türkoğlunun sərgilədiyi xarakterə baxın: haqlı durumda olanı inkar etmədən, böhtana, şərə, şayiəyə əl atmadan, qəbilə-tayfa, klan-dinastiya təəssübü göstərmədən tərəfin birinin, inadından, tərsliyindən, yaxud da dünyagörüşü və sosial-siyasi mövqeyinə görə haqsız duruma düşəni də müdafiə təəssüratı yaratmadan tərəfin digərinin söhbətinə qoşulub, dərhal və qeyd-şərtsiz “atəşkəs”ə nail olub, hətta “konsensus” əldə edib!
Bu onun polemika mədəniyyətinin bariz nümunəsidir: hər mübahisə söyüşlə-təhqirlə bitməməli, insanlar bir-birinin vətən, torpaq, mübarizə sevgisinə sayğı göstərməlidir və anlamalıdır ki, dost olan Söz Adamları anında əqidə və mövqe düşməninə çevrilmirlərsə də, içlərində kin də daşımamalıdırlar!
Mən həmişə sosial şəbəkədə onun belə obrazına şahid olmuşam! Bir dəfə də mənə belə “ağsaqqallıq” edib. Halbuki həyatda bircə dəfə də rastlaşmamışdıq. Adam illər uzunu yazdığı şərhlərdə nə qədər səmimi olduğunu ərkiylə möhürlədi!
Düzdür, mən heç real həyatda – tələbəlik, iş, əsgər, sinif yoldaşlarımla görüşüb oturmağa çatdırmıram, ancaq İlqar Türkoğlunun qəlbimdəki obrazı amansızlıqla məni onun məclisinə dartırdı. Təbii ki, bu səadət mənə Ayaz Arabaçıdan gəldi. Deyim ki, Ayaz Arabaçı ilə dostluq mənə bir neçə dəyərli imza-insan qazandırıb, onlardan birincisi də elə İlqar abidir! Həm də İlqar abi mənim ilimiz 12 ay “görüşərik” deyib görüşdən qaçan dostlarımdan olmadığını da sübut etdi!
Yadınızdan çıxarmayıbsınızsa, mərhəmət göstərib unudubsunuzsa, demişdim: dostlardan biri deyir ki, Aydın, sən nə adam kimi adamsan, nə də şeytan kimi şeytan! Gülümsədinizmi? Keçək söhbətimizin ardına: mən olam, İlqarı tıncıxdırmayam, bezdirməyəm, küsdürmək həddinə çatdırmayam, ola bilməz ki!
Deməli, həmin “o müdhiş” olaydan sonra bir neçə dəfə məclisdə olduq. Əlbəttə ki, mən “cığallıqlarımı” sərgiləməkdən qalmırdım, amma dozası az olurdu, yəni bağışlamamaq mümkün deyildi. Əslində, bunu İlqarın qəlbimdə formalaşmış obrazını daşlaşdırmaq üçün edirdim. O obrazı ki: Adam Söz Adamının qüruruna, şərəfinə və ovqatına belə laqeyd deyil.
Növbəti görüşlərin birində… azı 10 il əvvəldən bildiyim problemi adamı azından on məclisdə, on dəfə görsəm də, üzə vurmamışdım. İlqar abi olan məclisdə “beynim çöndü”.
Bir qələm bəyi kimi and içirəm bəyliyimə, adamın doğma qardaşı belə əsməzdi, narahat olmazdı! – halbuki heç bir insident yox idi, sadəcə, görüntüdə guya “mübahisəli durum” vardı.
Düzdü, adamlar var ki, nə qədər içsələr də belə, gedəndə hesabı ödəyəcək qədər ayıq olurlar, amma İlqar abi dostlarının ovqatının pozulmamasını bir an da olsa, gözdən qoymayacaq qədər ayıqdır!
Bəli, söhbət məclisə dəvətdən getmir! Dədə Qorqud sayağı desək, məclisi təşkil eləmə, elədinsə, dava salmağa qoyma, dava düşdüsə, adamlar düşmən oldusa, neyləyirdin satın almağı… düşmənçiliyi?
Bəli, söhbət haqsıza haqsız, pisə pis demək cəsarətindən getmir! – adını yaza bilməyn nənəm də bunları deyir də!
Bəli, söhbət haqsız duruma düşəni vəziyyətdən çıxarmaqdan, yaxşıya yaxşı demək kişiliyindən gedir!
Bu, İlqar abinin son sınağıydı! Bundan sonra yüz il keçə… İlqar Türkoğlu kişiliyin və mərdliyin simvolluğundan enməyəcək! Adam kişidirsə, həmişə kişidir!
Şair olmaq, lap yaxşı şair olmaq olar da, olmaz da!
Amma Dost, Qardaş, Kişi, Mərd şair olmaq hələ hər şairin taleyinə həkk olunmayıb!
Mən İlqar Türkoğlunun şeirlərini sevdim, bəyəndim – çünki o KİŞİ MİSRALARI çooox böyük KİŞİ YAZA bilərdi. Mən o kişini tanımadan sevsəydim, bu qədər ləzzət eləməzdi!
Mən İlqar Türkoğlunun şeirlərində səmimiyyəti və gözəlliyi sevdim – mən İlqar Türkoğlunu tanımasaydım, o səmimiyyəti, gözəlliyi bu qədər sevə bilməzdim: şeytan da hər əməlini, sözünü şirin və gözəl qiyafədə yedizdirir!
Mən İlqar Türkoğlunu bütöv adam kimi sevdim: hər mübahisə düşmən olmaq üçün əsas ola bilmədiyi kimi, hər içki məclisi də dost itkisinə bəhanə olmamalıdır!
İlqar abi haqqında bu sətirləri oxuyanda fikirləşməyin ki, biz dartışmışıq, dalaşmışıq, indi dostuq, əksinə, ƏVVƏLDƏN – əvvəldə dedim axı, adamı misralarından tanıyın, – DOST gəlmişik bu dünyaya.
Görürsünüzmü, tanımayıbsınız. Sonra da deyirsiniz biz hər şeyi bilirik, hər kəsi tanıyırıq…
Bilirdiniz, tanıyırdınız?

QARAGILƏ

Ötüb keçən bu da gündü,
Bu da bir səs, bu da ündü.
Qaranlığa hey büründü,
Ha çalışdım üzü gülə.
Daha gecdi, qaragilə!

Günəş çıxdı, oyanmadı,
Yolum üstə dayanmadı.
Töküb zülfün sayammadı,
Sığal çəkdim bir də telə…
Daha gecdi, qaragilə!

Eşqi bahar biçimdədir,
Qaranquşlar köçündədir.
Könlü hələ seçimdədir,
Bir də düşməz fürsət ələ.
Daha gecdi, qaragilə!

Lalə-nərgiz düzüm-düzüm,
Yollarına düzdüm özüm.
Sönməyibdi odum-közüm,
Bir gecədə döndər külə.
Daha gecdi, qaragilə!

Yüz demədim, min demədim,
Meysiz günə gün demədim.
“Şahlığından en”, – demədim,
Saya-saya gözlə hələ…
Daha gecdi, qaragilə!

Eşq oduna necə saldı,
Sinəm üstən küçə saldı.
Ay üzünə gecə saldı,
Hara gedim indən belə?
Daha gecdi, qaragilə!

YAZININ MÖHÜRBƏNDİ: İlqar Türkoğlu ŞAİR-MƏCLİS və şairlər üçün yazan şair mənsəbindədir!

AYDIN CANIYEV

Share: