Sənin saçlarını ağardan həyat, Məndə ağ günləri götürdü getdi…- Cabir Həsənov

Barı bir işinə yarayım sənin

Bir külək fürsəti olmadı məndə,
Səhərlər telini darayım sənin.
İçimdədir duyğu, hissin üsyanı,
Çatmır qulağına harayım sənin.

Köçəri quşların döndüyü yerdə,
Səni gözləyirəm gözümdə pərdə.
Allahın verdiyi sənsiz ömürdə,
Olaydı hər ildən bir ayım sənin.

Ot olmadın şehlə örtəm üstünü,
Od olmadın çəkim gözə tüstünü,
Qəfil ölsəm, yoxla şair büstünü,
Barı bir işinə yarayım sənin.

Qalıb ortalıqda

Həyat şirin bir yalana bağlanır,
Dilsiz həqiqət qalıb ortalıqda.
Ayrılığın çox könüldə yeri var,
Sevinc, səadət qalıb ortalıqda.

Tox çəkə bilmir hələ acdan gözün,
Pul ağardır gün qaraldanın üzün,
Hörmətə layiq bilir hər kəs özün,
Utanc, xəcalət qalıb ortalıqda.

Arsız utanmır elin adətindən,
Duyur iftixar öz fərasətindən,
Həyat, sənin bu tərs ədalətindən,
Şərəf, ləyaqət qalıb ortalıqda!

Sinəm üstə qövr eləyir söz yaram,
Duyğu ölürmü insanda? Qorxuram.
Eşqə dəyər yox, vəfaya ehtiram,
Əhdə sədaqət qalıb ortalıqda.

Ömür gedir, baş qarışıb qəflətə,
Cabir yaxın gəl, çəkilmə xəlvətə!
Gözəl məqamdır səmimi ülfətə,
Ülvi məhəbbət qalıb ortalıqda…

Keçə bilmir

Hər güzəştin arxasında səbəb var,
Çörək kəsən, çörəkdən keçə bilmir.
Ömür keçir, zövq dəyişir, neyləsən-
Ağla keçən – ürəkdən keçə bilmir.

Hər sevgiyə fürsət ürəkdən gəlir,
Hər həyəcan əlbət, ürəkdən gəlir,
Hər yaraya müddət ürəkdən gəlir,
Hər gizilti kürəkdən keçə bilmir.

Bəxti gülən təsəlliyə ac olmur,
Hər yaxşılıq gəlib başa tac olmur.
Çox arzular dönüb ehtiyac olmur,
Hər ehtiyac gərəkdən keçə bilmir.

Hamıya bir qalmır xətir ürəkdə

Hamı öz hissini danışa bilmir,
Qalır neçə gözəl sətir ürəkdə.
Hər təsəlli açıb yara sağaltmır,
Hər sevgi yaratmır ətir ürəkdə.

Hamıya toxunur həyatın daşı,
Dərdini danışır, anlamır naşı,
Axdıqca içinə gözünün yaşı,
Yenə səbir tutur çətir ürəkdə.

Ömrü uzatdıqca uca Yaradan,
Nə qədər il gəlib keçir aradan,
Zaman ayırdıqca ağı qaradan,
Hamıya bir qalmır xətir ürəkdə.

Vəfanın zərrəcə dəyəri yoxmuş

Vəfanın zərrəcə dəyəri yoxmuş,
Xəyanət sonrası qanırmış adam.
Nə qədər şux olsa, doğmalarının
Bir acı sözündən sınırmış adam.

Diqqəti, qayğısı bəs olmayanda,
Axtaran, arayan səs olmayanda,
Dərdini deyəcək kəs olmayanda,
Qovrulub, gizlicə yanırmış adam.

Həyatda büdrəyib dala düşəndə,
Xəlvət əyilirmiş pula… düşəndə.
Ümidsiz, çıxılmaz hala düşəndə,
Görüb, bildiyini danırmış adam.

Dünyanın şövqünə uyana kimi,
Zaman yaddaşını yuyana kimi,
Bir acı gerçək var, duyana kimi,
Özünü bəxtəvər sanırmış adam.

Tanımazsan yaratdığın dünyanı

Xalqımızı pənahında hifz edib,
Salma bir an nəzərindən, İlahi!
Qullarını – bəla üstə bənd atıb,
Keçirt bir-bir üzərindən, İlahi!

Çağır dünya üzərindən şeytanı,
Qaytar ötən günü, keçən dövranı,
Tanımazsan yaratdığın dünyanı,
Bəzəyindən, üz zərindən, İlahi!

Alınmasın yaratdığın can hədər,
Çək ipini bu dünyanın bir qədər,
Od-alovu söndürməyə bəs edər,
Bir ovuc su – Xəzərindən, İlahi!

İnsana yaratmaq qüdrəti verdin

Yaxşı ki, sevgini tanıtdın, Allah!
Sevib-sevilməyə fürsəti verdin.
İnsana anlayıb, duyub, düşünmək,
Ürəyə döyünmək möhləti verdin.

Günəşin nurunu dağıtdın göyə,
Qoymadın zərrəni zərrəyə dəyə,
Hər şeyi yaratdın, yaşasın deyə,-
İnsana bir ömür müddəti verdin.

Göz verdin, ayırdıq ağı qaradan,
Güc verdin, sağaldıq ağır yaradan.
Şükür varlığına böyük Yaradan!
İnsana yaratmaq qüdrəti verdin.

Yaxşını yaxşıya tuş elə, Allah

Kim təmiz niyyətlə evindən çıxır,
Özün qismətini xoş elə, Allah!
Paxıldan, xaindən, xəbisdən qoru,
Yaxşını yaxşıya tuş elə, Allah.

Həya sahibinə gülməsin üzsüz,
Şükür edənlərin yoluna nur düz.
Başı olmayanın qolunu gücsüz,
Başı olanları baş elə, Allah!

Mərdi el içində qınağa çəkmə,
Rəzilə şans verib qabağa çəkmə,
Heç kimi övladla sınağa çəkmə,
Gözünü sevincdən yaş elə, Allah!

Qaytar öz yoluna qəsdə duranı,
Salma nəzərindən könül quranı.
Qəlbi şeytan, bədxah, ara vuranı,
Dondurub, yerində daş elə, Allah!

El gözündə tərəzidən keçirsən

Qərarından günah çıxma kimsəyə,
Seçdiyini öz ağlınla seçirsən.
Ömür keçir, əməlinlə, sözünlə,-
El gözündə tərəzidən keçirsən.

Mükafatı bitməz təmiz xislətin,
Yaşı yoxdur abır, həya, ismətin.
Yaxşı düşün, yaxşı ola qismətin,
Bu dünyada əkdiyini biçirsən.

Cabir, bir gün izin qalmaz dünyada,
Qürrələnmə, bir damcısan dəryada.
Bir yolçusan, sevinc sudur səhrada,
Hər tapanda qurtum-qurtum içirsən.

Sənin saçlarını ağardan həyat

Sənin saçlarını ağardan həyat,
Mənim ürəyimdə neçə tel qırıb.
Nə vaxt arzularım çiçək açıbsa,
Bəxtin ünvanından əsən yel qırıb.

Vaxt elə tez gəlib keçdi deyirsən,
Həyatı dərindən yaşayan adam!
Neyləsin həyatı bəs mənim kimi,
Ən çətin yerindən yaşayan adam!?

Bu axşam yazdığım şeir kimiyəm,
Bu axşam sözümü sözün anlamaz.
Üz-üzə dayanıb baxsan bu axşam,
Qübardan gözümü gözün anlamaz.

Bu axşam boğazım qəhərlə dolub,
Nə bilsəm tək sənə yazıb, silirəm.
Bu axşam soruşma: sənə nə olub?
Mən səndən öyrənib, yazıb, bilirəm!

Sənin saçlarını ağardan həyat,
Məndə ağ günləri götürdü getdi.
Sakitcə əlindən tutub zəhmətin,
Qapımdan içəri ötürdü, getdi…

 

Cabir Həsənov

Müstəqil.az

Share: