Sən saçlarını açdın, məni güllələdilər- Sözün Güneyi

Kulis.az “Sözün Güneyi” layihəsindən Səid Muğanlının yeni şeirini təqdim edir.

Səid Muğanlı 1974-cü ildə Muğan bölgəsinin Üngüt mahalında anadan olub. İlk təhsilatını orda başa çatdırmış, daha sonra Qum və Tehran şəhərlərində islami biliklər üzrə təhsil almışdır. 1999-cu ilin əvəllərindən başlayaraq “Yaşmaq Ədəbi Yayın Evi”ni təsis etmişdir və “Yaşmaq” nəşriyyatında 400-ə yaxın Azərbaycan türkcəsində (Azərbaycan, Türkiyə və güneyli müəlliflər) kitab nəşr edibdir. Səid Muğanlı “Qucağın əmniyyət, gözün terrorist” və “Sənsiz yalqız qalıb Təbriz” adlı şeirlər kitabının müəllifidir.

Məcnundan Leyliyə yazılan divar yazıları

Adına yazıram etirafları.

Boyənumun sağ damarında paslı tüfəng hənirtisi,

saqqalımda sənin gümüşü barmaqlarının gəzişəməsi.

Adına yazıram bu şeiri,

qol çəkirəm sonuna,

ürək qoyuram, smaylik – ♥️

Demişdin, mənə şeir yaz,

şeir sevginin etirafıdır.

Bu şeirin sevgi sızıltısından hara qaçacaqsan, Leyli?!

mən əyilirəm önündə, daş götürmək üçün yox.

əyildim, əyildim, əyildim…

kölgəni öpməyə qədər əyildim.

Eşq deyilmi əyilmək?

deyilsə mən yoxam bu qumarda…

Misal olaraq,

mən qatarlara əyilmirəm heç vaxt

uçaqlara, diktator allahlara əyilmirəm.

Day demirəm işkəncədə dərimi boğazımdan çıxaralar,

əyiləm dərimi götürəm dabbağlara satmaq üçün.

Eşq deyilmi bu? Yox, deyil.

Mən sənin dəlinəm, Leyli.

Sən saçlarını açırsan,

edama məhkum olacaqsan,

diktatur allahların məhəkəmələrində.

Saçlarını açırsan, şairlər əyilir,

Çınar ağacı kölgəsini öpmək üçün.

saçlarını açıb öldürmə nə olar.

Daraq gətir,

daratdır mənə o pırpızaq düşmüş qan qırmızı rəngdə

şərab qoxulu ittiham nişanələrini!

Şərabı saçlarından içirtdır, Leyli,

susuzam…

Susuzluqdan ölürəm lüt xiyabanlarda şüar verməkdən.

Mən səni bağırırdım, qonşu kişisi çörəyi,

mənə su lazım idı, ona şeir.

Eşq deyilmi bu?

Deyilsə, hardadı Dəlibala Məcənun ağa?

Gəlsin, gözlərimin yaşıllığını bağışlayıram ona,

gəlsin, dərimi peşkəş elədim Nəsimi ağanın “Allahu əkbərinə”.

Açma saçlarını, Leyli,

mən günaha batsam səni etiraf edəcəm.

Allahın özünə satacam bu eşqi.

Aç saçlarını, Leyli!

Şallaq izi budlarımın göyərtilərində tərləyib.

Məcnun dözə bilməzdi bu “Qadın, yaşam, özgürlük” devriminin işkəncələrinə.

İbn Salam yalan deyir,

heç bir şey saraylarda və müsəllalarda gəzəmir,

hətta azadlıq, xanım.

hətta Sevginaz…!

Aç saçlarını, aç saçlarını, aç!

Hər şey xiyabanların düz ortasındadır,

düz xiyabanların ortasındakı o ağ xəttdə.

“yeri haa yeri,

yeri gəlim dalınca…”

Aç, yaylığını ver mənə,

yaralarımı bağlamaq istəyirəm.

qan aparmasın məni bu gediş- gəlişdə.

“İnqilab”dan “azadlığa” kimi dalınca gələcəm,

izbəiz, şüarbəşüar.

Bax, Ayları söykədilər Ərkın divarlarına

qanı axdı

yeni cücərmiş lalalara qədər.

Səni qəlbimə qoyub güllələdilər.

Sən get xiyabanların o ağ xəttini…

mənə su lazımdı,

şeir yazıram- ürəyim tutulub, Leyli.

“Yeri haa yeri,

yeri, gələcəm dalınca…”

Fəqət saçlarını aç,

aç və bağla!

yəni, at quyruğu kimi bağla.

qoy şərab qoxusu gəlsin küçələrdən

tərləmiş Cıdır atlarının yal qoxusu…

Aç və dayan, Leyli.

Güllə səsi kəsilməmişdən deyim:

mənə bir çargah oxu Xurşidbanu kafesində,

Heyran xanımların polislərə “gala barmağını” göstərən o şahnaz dördyolunda,

nə olar…

Habilin kamançasını çal, Ramizin tarını.

Bax, Qabilin qanı tökülür sinəmdən.

Qardaş qardaşı vurur inqilablarda,

qarğa qarğanı basdırır yalqızcasına.

“İqra”- oxu!

oxu, qoy muğam səsi qarışsın bu qadın haraylarına

yaşam səsi,

azadlıq səsi…

Eşq deyilmi bu, ömrüm-günüm?

Sən saçlarını açdın,

məni güllələdilər,

eşq deyilmi bu?

Yox, deyil! bu sənə yazılan şeirdir sadəcə.

Şərab rəngli saçlarını daramaq günah imiş

müqəddəs kıtabların varaqlarında

çaxır gətir, çaxır gətir, çax, çaxır, çaxır, Həzrəti-eşq!

Küçələrdə güllələnən var.

yeri sən, yeri,

bu döngədə mən şeirimi qurtarım,

yazım avtobus dayanacaqlarına.

Spreylə yazım məscidlərin divarlarına.

Bu şeiri sənə bağışlayıram xiyaban qadını,

Füzulinin Leylisi! Devrimin şahpərisi…!

Yeri, şeirini yazdım, borcum qalmasın.

Yeri, qəlbim göynəyir, Qabilin çomağına tuş gəldim.

“Yeri haa, yeri

yeri, mən də gəlim dalınca”

Əlvida,

qan aparır məni şeirlərimdə…

Share: