Sən də məni tək qoyub getmişdin Tanrı kimi… – Aydan AY

“O Ay Hilal saçıma…”
 
Saçlarıma yağışlar yağdı qərib küçədə..
Gözlərimin gecəsi hələ sevirdi səni…
Məni oğurlamadın o divanə gecədən…
Sən də məni tək qoyub getmişdin Tanrı kimi…
 
Saçlarımın tufanı qopur şeirlərində..
Qurduğum xülyaları göylərə demədim mən…
Möcüzə gözləyirsən… Ümidlisən hələ də…
Mənsə dəli həsrətin bətnində can verirəm…
 
Sən o saçlara xatir qayıtma buralara…
Yollarının sonunda yolsuzluğam mən indi…
Qəhərlənib eşqini anlatma buludlara…
Buludların ağıdı saçlarımın qənimi…
 
Bilmirəm.. O qatarlar kimi gözlədir indi?..
Ah.. o vida edənlər… necə oxşayır sənə…
Səninçün ağrı çəkən saçlarımı kəsdirdim…
Yetim qalan əllərin ağrı çəkirmi söylə…
 
Birdə şeirə gəlməz, dəli etməz saçlarım…
Bir nəfəs hənirtisi yaslanır qoxusunda…
Sən məndən getdiyintək uzaq getməz saçlarım…
Bircə aynalar görər saçımı yuxusunda…
 
O divanə göylərim çələng hörər saçıma…
Bu saçların əzabı eşqdəndi deyər anam…
Anamın oxşadığı o ay hilal saçıma,
Gedişi ilə qarğayıb, qıyar sevdiyim adam…
“Yolçu…”
küləklər… anam küləklər…
külümdə yanan küləklər…
gözlərimdə çiçəklənən,
saçımda solan küləklər…
 
nədi nə haray salmısız?
yad qapıda qocalmısız…
nə olsun ki qayıtmısız?
virandı o dam, küləklər…
 
atam öldü… torpaq, üşü!
gülün soldu… yarpaq, üşü!
ahım oldu Allah… Üşü!
fərmanım edam, küləklər…
 
eyy uçurum! bu nə qədər?..
çölü yalın, içi kədər…
qərib yolçum! bir nəfəs dər…
əridi son”şam küləklər…”
 
bax, evimin ömrü qərib…
hamı ondan üz döndərib…
Tanrı göyə günəş sərib…
sübh nədən axşam, küləklər?…
 
ağac adam, toxun mənə…
budağınam… oxun mənə…
burax gəlsin qoxun mənə…
çəkil yolundan, küləklər!
 
ömür səhra… ölümsə… qum…
göyə üfür, gözünü yum…
ocaq-ocaq külünü soyun…
yuxuydu… oyan, küləklər….
***
ruhu viran sevgilim
yenə olan eşqə oldu…
susdun, susdum.. susduqca
canım yelə sovruldu…
 
ruhu viran sevgilim..
getmə.. yolum darıxar..
səni qucaqlamasa
ölər qolum… darıxar…
 
ruhu viran sevgilim…
gedirsənsə.. tez elə!
əllərini səsləyən,
saçlarıma kül ələ…
 
ruhu viran sevgilim…
getmə.. yollar tufandı..
gözlərim son nəfəsdə,
ürəyim bir ovuc qandı…
 
bayatı çağıran deyil
saçlarım ayrılığa…
səni o yolda kimsə,
məni ölüm çağırar…
 
ruhu viran sevgilim…
getmə… qayıt, qucaqla…
getmə… səni sevməz ki
mənim kimi uzaqlar…
 
ruhu viran sevgilim…
lap gecənin üçündə
qəfil yuxudan oyansan
sənə səni hönkürən
gözlərimi duyarsan….
 
ruhu viran sevgilim…
görsən ki darıxırsan…
göz yaşımı üstünə
örtərsən, uyuyarsan….
 
*
 
Sən bilmirsən, etdiyin ah nəfəsində kimə tərəf yeriyir…
Sən bilmirsən yel-yel əsən can
Ölüm-ölüm ağlayır sevdiyini…
Gözləri ərşə qucaq açır,
Əlçim-əlçim əriyir…
 
Sən bilmirsən
Bir ovuc torpaq var hamının canında…
Sən bilmirsən
Hər ürək ürkəkdi, sükutunun yanında…
 
*
 
sənə demişdim getmə, rüzgar sərt əsir axı..
getməyə tələsdinmi ömrümə gecikənim?..
sənin dəmi gecələr gözlərin yağışlayır?
ruhumu bulud alsa, üşüyürmü nəfəsin?..
 
sənə demişdim getmə, dalğınam bu aralar..
darıxır qağayılar, dəniz də susub çoxdan..
sən bilirdin içimdə çiliklənib aynalar,
sən bilirdin, bilirdin… sevirdim səni adam!
 
ah hilal saçlarımın nə bitməz çiləsi var,
sənə demişdim axı… alma ahını… alma…
gecə hörər saçıma, taleüzlü analar…
bax, onda unudaram, səni də, Tanrını da…
 
sənə demişdim axı hamı gedir, sən getmə..
kölgəni əskik etmə köksümdəki yuvadan..
eh mən dəli.. əsirdim bircə nəfəsin üstə..
getdin… nəfəsin də yetim qaldı Anadan!
Əzizim…
Bu aynanın o üzündə
Saçlarımın qürubunda ötən sənsən…
Gözlərimin göylərinə ayə-ayə zərrələnib
O ən dərin üfüqlərdə
görünüb qəfil   sönən sənsən…
 
Yuxumda körpə izi var…
Bətniməcən darıxar…
Tanrı agah… Ruhum sənə
Ah o dərviş nəfəsindən Əcələcən darıxar…
 
Sinən üstə buludlanıb ötən aham
Sarıl mənə…
Mənəm sənin gözlərinin hürriyəti…
Nöqtələrin bənizində savabam mən.
Daim sənə gələ-gələ,
Fəqət… Səndən getdiyimçün,
Nə küs nə də darıl mənə,
Yasağam mən…
 
Aydan Ay

Share: