Səhnəyə sədaqətin səsi – Şərafəddin İlkin yazdı

Səhnəyə sədaqətin səsi – Şərafəddin İlkin yazdı

Azərbaycan musiqi sənəti əsrlərin süzgəcindən keçərək formalaşmış, xalqın ruhunu, yaddaşını və duyğularını özündə yaşadan nadir mənəvi sərvətlərdən biridir.

Bu sənətin inkişafında böyük səhnələrdə tanınan sənətkarlarla yanaşı, uzun illər geniş təbliğ olunmadan, lakin sənətə dərin sədaqətlə fəaliyyət göstərən ifaçıların da rolu danılmazdır. Belə sənətkarlardan biri də dinləyicilərin “Xanım Əminə” kimi tanıdığı Əminə Bağırovadır.
Əminə Bağırova Azərbaycan musiqisinin köklərinə bağlılığı, ifasındakı səmimiyyət və səhnə mədəniyyəti ilə seçilən nadir sənətkarlardandır. Onun sənət yolu təsadüflərin deyil, zəhmətin, səbrin və daxili inamın nəticəsidir. O, bu yolda heç vaxt asan yolu seçməyib, sənəti hər zaman uca tutaraq, ona hörmətlə yanaşıb.
Onu ilk dəfə təxminən iyirmi il bundan əvvəl, əziz qardaşım, böyük sənətkar Baloğlan Əşrəfovun rəhbərlik etdiyi “Şəhriyar” ansamblında görmüşdüm. Həmin dövrdə gənc olmasına baxmayaraq, səhnədəki duruşu, səsinin özünəməxsus tembri və ifasındakı təbii səmimiyyət dərhal diqqətimi cəlb etmişdi. O gündən etibarən aydın idi ki, bu səs təsadüfi deyil. Bu səsin arxasında böyük potensial və gələcək dayanır.
İllər keçdikcə Əminə Bağırova bu ümidləri doğrultmaqla kifayətlənmədi, onları daha da aşdı. O, öz üzərində işləməyi dayandırmadı, repertuarını zənginləşdirdi, ifaçılıq üslubunu daha da cilaladı. Bu gün artıq formalaşmış, yetkin bir sənətkar kimi dinləyicilərin qarşısına çıxır. Onun səsindəki təbii ahəng, emosional dərinlik və incə ifadə qabiliyyəti dinləyicini ilk notlardan təsiri altına alır.
Əminə Bağırovanın sənətində diqqət çəkən ən mühüm cəhətlərdən biri onun daxili mədəniyyətidir. O, səhnəyə yalnız oxumaq üçün çıxmır. Səhnəyə bir mədəniyyət, davranış nümunəsi gətirir. Hər çıxışı ilə həm sənətə, həm də tamaşaçıya hörmətini nümayiş etdirir. Bu isə müasir dövrdə hər ifaçıda rast gəlinməyən keyfiyyətdir.
Onun ifasında xalq musiqisinin incəlikləri, muğamın ruhu və milli melodiyaların zənginliyi öz əksini tapır. Əminə xanım mahnını sadəcə ifa etmir, o, onu yaşayır, hiss edir və bu hissləri olduğu kimi dinləyiciyə ötürməyi bacaran sənətkardır. Bu xüsusiyyət onun ifasını fərqləndirir və yaddaqalan edir. Onun səsində həm kövrəklik, həm də güc var. Həm zəriflik, həm də möhkəmlik var. Bu balans isə yalnız həqiqi sənətkarlara məxsusdur.
Uzun illər müxtəlif ansambllarda fəaliyyət göstərən Əminə Bağırova, xüsusilə məclislərdə göstərdiyi yüksək peşəkarlıqla seçilib. O, hər bir məclisə məsuliyyətlə yanaşır, dinləyicinin zövqünü incəliklə hiss edir və proqramını buna uyğun qurur. Onun iştirakı ilə keçirilən məclislər hər zaman xüsusi bir ab-hava, səmimiyyət və yüksək səviyyə ilə yadda qalır.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Əminə xanım səhnədən kənarda da eyni dərəcədə sadə, səmimi və təvazökardır. O, sənəti ilə yanaşı, insanlığı ilə də hörmət qazanmış nadir şəxslərdəndir. Onun üçün sənət yalnız peşə deyil, həyat tərzi, mənəvi dəyər və daxili ehtiyacdır.
Bu gün “Xanım Əminə” adı artıq təkcə bir ifaçını deyil, həm də sənətə sədaqətin, zəhmətin, mədəniyyətin və peşəkarlığın simvolunu ifadə edir. Onun yaradıcılığı geniş şəkildə təbliğ olunmasa belə, onu dinləyən, onu tanıyan hər kəs onun dəyərini yaxşı bilir və yüksək qiymətləndirir.
Belə sənətkarlar bir daha sübut edir ki, əsl sənət səs-küydə deyil, illərlə qorunan zəhmətdə, sədaqətdə və ürəkdən gələn ifada yaşayır. Əminə Bağırova da məhz bu dəyərləri yaşadan, onları gələcək nəsillərə ötürən sənətkarlardandır.
Əminə xanımla saysız-hesabsız toy şənliklərində birlikdə çıxış etmişik. Onunla eyni səhnəni bölüşmək mənə hər zaman xüsusi sevinc və rahatlıq verir. Çünki biz çox vaxt sözə ehtiyac duymadan, bir baxışla bir-birimizi anlayırıq. Bu isə yalnız illərin dostluğu və səhnə yoldaşlığı ilə formalaşan bir etibardır.
Bu gün də Əminə xanım məclislərin yaraşığıdır. Əminəm ki, onun səsi, sənəti və səhnə mədəniyyəti hələ uzun illər bu məclislərə gözəllik, ruh və xüsusi bir dəyər qatacaq.


Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: