Səhnədə qardaşının qara xəbərini aldı, atasının ölümünü oğlundan gizlətdi, tərk etdiyi ərini ömür boyu sevdi…

Bu gün Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar Həsənovanın anım günüdür. Müstəqil.Az  bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

Tamaşaların birində gənc ifaçının çıxışını diqqətlə izləyən Üzeyir bəy onun səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edir.

***

Atasının arzusu ilə o Tibb Texnikumunda təhsil alır. Buranı bitirəndən sonra isə N. Nərimanov adına Tibb İnstitutuna qəbul olunur. Ancaq onun və ailəsinin sevinci uzun çəkmir. Gülxarın atasının yaxın qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanova “xalq düşməni” kimi həbs olunduğu üçün onu institutdan qovurlar.

Gəncliyinin ən gözəl çağında Gülxar özündən 11 yaş böyük olan aktyor Ağadadaş Qurbanovla tanış olur. Ağadadaş Qurbanov əmisinin köməkliyi ilə Sultanova soyadını dəyişməkdə ona köməklik edir. Bir müddət sonra onlar evlənirlər. Lakin, aktrisanın yaşı nikaha düşmədiyi üçün onlar dini kəbin kəsdirməli olurlar.

***

“Leyli və Məcnun” operasında Leyli kimi səhnəyə çıxmağa hazırlaşan aktrisa cəbhədə olan qardaşının qara kağızını alır. Hər kəs elə bilir ki, Gülxar rolu ifa etməkdən imtina edəcək, tamaşa təxirə salınacaq. Lakin, aktrisa özündə güc toplayıb səhnəyə çıxır.

Gülxar Həsənova həmin gündən sonra həyat yoldaşı ilə birgə tamaşalarda çıxış etməyə başlayır. Bir gün bir qadın düz onların evinə qədər gəlir və Gülxarla görüşüb Ağadadaşla bir-birlərini sevdiklərini deyir. Bu sözdən məyus olan Gülxar bir yaşı yenicə tamam olan oğlu Hamleti də götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.

***

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Ağadadaş Qurbanov rəhmətə gedən ərəfədə Hamlet Moskvada imtahanda olur. Bu səbəbdən aktrisa atasının ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet ona zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onun yola salardım”.

Ömrünün son günlərinə qədər ilk sevgisinə sadiq qalan xanəndə onu sevənlərin heç birinə razılıq vermir. Dünyasını dəyişmiş olsa da, Ağadadaşı sevdiyini isə heç kimdən gizlətmir, açıq etiraf edir. Ölümündən sonra aktyora sevgisi azalmayan aktrisa hər gün Ağadadaş üçün “Yasin” oxuyurmuş.

***

Yeganə övladı Hamlet Qurbanov mədə xorası xəstəliyindən əziyyət çəkir. Oğlunun səhhətinin pisləşdiyini görən aktrisa onu həkimə aparır. Həkimlər Hamleti Moskvaya aparmağı təklif edirlər. Lakin, oradakı xəstəxanada təmir getdiyindən onlara altı aydan sonra gəlməyi tapşırırlar. Altı aydan sonra isə aktrisa oğlunu yenidən ora aparmaq üçün pul tapmır. Bir çox yerlərə müraciət edir, yalvarır. Kömək olmur. Ağlaya-ağlaya küçədə gedərkən bir nəfər onu tanıyıb saxlayır, ağlamağının səbəbini biləndən sonra onlara kömək edəcəyi barədə söz verir. İkinci dəfə həmin adamın köməkliyi ilə Hamlet Moskvada əməliyyat olunur. Lakin, bu əməliyyatın da ona köməyi olmur və o, bir müddət sonra vəfat edir.

Aktrisanı sevənlər, onunla ailə qurmaq istəyənlər çox olub. Bir gün isə gözlənilmədən aktrisanın evinə altı qadın gəlir. Onlar ağlayıb deyirlər ki, evin tək oğlu olan qardaşları Gülxarı sevir və ondan başqa heç kimlə ailə qurmayacağını deyir. Gülxar qadınlara deyir ki, oğlana deyin mənim yanıma gəlsin. Bir gün oğlan onlara gəlir, aktrisa onunla birgə güzgünün qarşısına keçib ona deyir. “Özünə də bax, mənə də. Mən sənin müəllimən yaşındayam, adam da müəlliməsinə aşiq olar? Get, toy elə, mən heç bir toya getməsəm də sənin toyuna gəlib oxuyacam. Gənc oğlan onu dinləyir və başqa qadınla evlənir. Gülxar Həsənova vədinə əməl edir.

***

Oğlu Hamlet öləndə anasına iki şeyi vəsiyyət edib. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olub. Hamlet Qurbanov Rübabə Muradovanın yaxınlığında dəfn olunub. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş. Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır. Hətta onun üçün “Gülü budağında xar olan Gülxar” adlı şeir də yazır. Mənzilinin bir otağını başdan-başa Hamletin fotoları ilə bəzəyir. Hər dəfə oğlunun məzarı üstündən qayıdandan sonra halı pisləşən, ürəyi gedən Gülxar Həsənova 2005-ci ildə dünyadan köçür.

Kulis.az

Share: