“Şəhərlər gözəli Bakı haqqında..” – Minəxanım Nuriyeva yazır…

  Şəhərlər gözəli Bakı.  

Bakımız Xəzər dənizi sahilində, nal biçimli buxtanın kənarında Şıx (və ya Bayıl) burnu ilə Sultan burnu arasında yerləşən pillə-pillə enişli amfiteatr şəklində qədim bir şəhərdir. İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, Bakı şəhəri özünün iqtisadi və mədəni inkişafı baxımından bir çox Qərbi Avropa şəhərlərini qabaqlamaqda və dünyanın gözəl şəhərləri sırasına keçməkdə idi. Şəhər əhalisi tarixən Bakı əsilzadələrinin əlində olan neftin, duzun, zəfəranın gəliri ilə yaşayırdı. 19-cu əsrin ortalarından başlayaraq sənaye üsulu ilə neftçıxarmanın bəhrələri Bakının həm də misilsiz bir simaya malik müasir bir şəhərə çevrilməsinə təkan verdi. Milli Azərbaycan memarlıq məktəbi, habelə o zamankı Avropanın Bakıdakı məşhur memarlarının  əməyi sayəsində Şərq və Qərb memarlığının sintezi əsasında burada möhtəşəm abidələr meydana gəldi, bu gözəl və zəngin binalarla qədim Bakı yeni və müasir görkəm aldı.

Bakının qədimliyi binaların, küçələrin yaşı ilə bərabər, adlarının da özünəməxsusluğu, qədimliyi ilə ölçülür.  Gəlin bu məqsədlə Bakının əski coğrafiyasına nəzər salaq: Əhalinin məşğuliyyətini, peşə və sənətini, eləcə də bir sıra keyfiyyətləri əks etdirənlər: Zərgərpalan,  Bəzzaz məscidi, küçəsi; Bondarnı(Çəlləkçilər); Kömürçü bazarı; Doktor döngəsi və s.

Əhalinin etnik tərkibi ilə bağlı və etnoqrafik səciyyə daşıyan adlar: Ağşalvarlılar,  Əyriçalmanlar, Həmşəri palanı, Tatar küçəsi, Doqquzlar, Yeddilər məhəllələri…

Bakıya gəlmələrin ərazi mənsubiyyətini əks etdirənlər: Buxara karvansarası, Gilək məscidi, Moltanı karvansarası, Fars küçəsi(Persidskaya), Şirvanlılar təkyəsi, Ləzgi məscidi, Qarabağlılar təkyəsi, Cuhudlar məhəllələri, Qubalılar məscidi, Məhəmmədlilər məhəlləsi, İranlılar məscidi, Malakan bağı, Təbrizlilər məhəlləsi və s.;

Zahiri görünüş, oxşarlıq, forma əsasında yarananlar: Beşmərtəbə, Palçıqlı məhəllə, Qara şəhər, Ağ şəhər, Qoşa karvansara, Dağlıq küçələri, Daşlı küçə (Kərpicbasanlar məhəlləsi, Sallaqxana məhəllələri, Dəvəçi (Sereteli küç.), Seyidlər məhəlləsi, Daşlı (Kamenitsaya), Zincirli bina, Çəmbərəkənd vəs.

Bunun kimi Bakı və ətrafının Salxım təpələri, Dərəqılınc bağları, Çəmbərəkənd, Güldər dərəsi, Qanlı göl, Qanlı təpə məhəllələri, Pirvənzəri, Od dağı, Təmənnis düzəngahı, Çəmbərəkənd, Dərnəgül, Badamdar, Şağanbağ (Bayıl burnuna yaxın), Bibiheybət, Qırx Qızlar, At yalı, Keşlə, Şubanı, Alatava, Əhmədli yaylası, Salaxanı və s. adlarının get-gedə istifadədə passivləşməsi bir gün nəhayət onların unudulmasına gətirib çıxaracaqdır.

Bunlar xalqın dil varlığını mühafizə edən, əhalinin keşmiş məşğuliyyətini, şəhərin relyef biçimlərini, ərazinin təbii özəlliklərini əks edən və qorunması, mühafizəsi vacib olan dəyərlərdir. Təəssüf ki, bu tarixizmlər hazırda işləklikdən qalmışdır. Çünki hazırki adqoymada memuar-xatirə və ictimai-siyasi xarakterli toponimlər fəal iştirak edir.

İndi Azərbaycan memarlıq sənətinin qiymətli örnəkləri dünya memarlığı şedevrləri sırasına daxil edilmişdir. Ölkəmizin paytaxrı Bakıdakı qədim memarlıq abidələri bizim tariximizin və mədəniyyətimizin simvoluna çevrilmişdir. Elə isə niyə İsmailiyyə demirik? “İsmailiyyə, o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrinin, Azərbaycan hürriyyət və istiqlaliyyəti – məfkurəsini bir ana kibi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən o mərkəz, o gözəl və sevimli bina…Heyhat, İsmailiyyə yandırılmışdı… içərisinə daxil oldum. Fikirləşir, orada keçirilən gurultulu iclasları, məslək mübarizələrini birər-birər nəzərimdən keçiriyor, heç bir əsəri qalmayan müxtəlif təşkilatlar haqqında mühakimə ediyordum. …Birdən nəzərimdə İsmailiyyənin böyük salonu canlandı. (Seyid Hüseyn “İslamiyyə”)

Elə bunun kimi Sadıqovların evi və ya Hacınskilərin evi, Musa Nağıyev sarayı deyə bilmirik; həmin binalara bir xatirə lövhəsi asmaq olmazmı?! Belə evlərin hətta təmiri, bərpası özbaşına aparılmamalı, xüsusi nəzarətdə olmalıdır. Etiraf edək ki, bu barədə çox geçikmişik. Bakının memarlıq abidələri müntəzəm şəkildə məhv edilir, tarixi binalar yoxa çıxır, yerində isə şəhərin nə mühitinə, nə də ruhuna uyğun olmayan eybəcər biznes mərkəzləri və kompleksləri peyda olur.

Bakının – qədim şəhərə məxsus olan məhəllə, meydan, küçə adlarının dəyişdirilməsi eynilə onun hər hansı bir qədim tikilisinin məhvi qədər tarixi izlərin itib-batmasına, keçmişin unudulmasına səbəb olur.

Digər təəssüf olunmalı hal ondan ibarətdir ki, hazırda şəhər onun tarixi və keçmişi ilə əlaqəsi olmayan bir sıra adlarla doldurulmaqdadır: Buduq, Şınıx, Borçalı,  Dəmbəli, Xudafərin, İstisu, Zəngəzur və s. kimi zahiri ”vətənpərvər” niyyətlərin nəticəsi olaraq meydana çıxan bu adlar ilə Bakının özünəməxsus simasını itirməkdəyik…Paytaxtımızın qədim keçmişini, habelə tariximizin bədii mənzərəsini yaradarkən Bakının qədim adlarının yoxluğunun ciddi, acınacaqlı bəhrələr verəcəyi şübhəsizdir.

                                                                        Prof. Minaxanım Təkəli Nuriyeva

Share: