Şəlalə siqareti elə çəkirdi ki…

Bakı Dövlət Universitetində tələbə olduğum vaxtlar fakültəmizdə poeziya dərnəyi təşkil eləmişdim, hər həftə tanınmış bir şairlə görüş keçirir, tədbiri də özüm aparırdım. Hərdən atamın şeirlərini öz şeirim kimi də deyirdim. Birinci kursların başını aldatmağa nə var ki? Hər il universitetə yeni tələbələr daxil olanda bizi maraq bürüyürdü ki, görəsən, gözəl qızlar çoxmu olacaq, azmı olacaq? Onlar şeirə, ədəbiyyata maraq göstərəcəklərmi, dərnəyimizə gələcəklərmi?

Yaxşı xatırlayıram, yeni tədris ilinin ikinci ayında dərnəyimizə Şəlalə Həsənova (ad və soyad şərtidir) adlı bir qız gəlmişdi. O da şeir yazırdı. Sakitcə gəlirdi, zalın arxa tərəfində otururdu. Dindirməsən, dinmirdi. Danışdırmasan, danışmırdı. Elə bil Şəlalənin ağzı yox idi, elə bil dilini-dodağını pişik yemişdi. Mənə də çox qəribə gəlirdi ki, bu qız niyə bir söz demir, niyə danışmır? Utancaqlığından bilirdin ki, kənd qızıdır. Ucqar bir dağ kəndindən gəlmişdi.

Şəlalə bir neçə ay dərnəyimizə gəlib-getdi və nəhayət ki, günlərin bir günü dili açıldı. Açılan kimi də şeirlərini mənə verib qəribə bir xahiş elədi:

– Kəramət bəy, mən şeir yazıram, amma nə qədər edirəm qafiyələri düz gəlmir. Olarmı siz şeirlərimin qafiyələrini düzəldəsiniz?

– Əlbəttə, olar.

– Xahiş edirəm, qafiyələrini elə düzəldin ki, oxuyanda adamların ürəyinin sarı siminə toxunsun, – Şəlalə dedi.

Əvvəlcə elə bildim məni ələ salır, sonra gördüm ki, yox, elə ağlı belə kəsir. Hər halda mən də uşaq deyildim, ən azı üç il dərnək rəhbəri kimi təcrübəm vardı. Hələ digər sahələrdə təcrübəmi demirəm. Fırıldaq bir iş olsaydı, o saat hiss edərdim.

Şəlalə şeirlərini əlyazmada mənə verdi. Onun gözlərinin içinə baxıb düşündüm ki, doğrudanmı bu gözəllik şeir yazır? İnanın, dünyanın heç bir şeiri Şəlalənin işıqlı üzü, vulkan gözləri, aşmış qayığa oxşayan qaşları, qorxaq baxışları qədər gözəl ola bilməzdi. Amma işinə-gücünə baxın: məndən xahiş edir ki, ona qafiyə tapım.

Kim üzünə baxsa, bilərdi ki, yüz faiz birinci kursda oxuyur. Çünki hələ təcrübəsiz idi, hələ hiyləgərləşməmişdi, danışanda dili-dodağı əsirdi. Üzü o qədər təmiz idi, elə bil yanaqlarında ay doğmuşdu, gözləri işıq kimi yanıb sönürdü. Mən isə bu mənzərə qarşısında özümü tamamilə soyuqqanlı aparır, elə hərəkət eləyirəm ki, guya onun gözəlliyindən xəbərim yoxdur. Əslində, özümə etibar qazanırdım.

Amma necə oldusa, Şəlalə qəfil yoxa çıxdı, daha dərnəyimizə gəlmədi. Şeirləri də məndə qaldı, heç gəlib götürmədi. Özümlə o qədər gəzdirdim ki, axırda hardasa itirdim. O vaxt məndə qəribə bir eqoistlik də vardı, fikirləşdim ki, nəyimə lazımdır, o kimdir ki, arxasınca düşüm, yalvarım?

Aradan illər keçdi, universitetə yeni tələbələr gəldi, dərnəyimiz daha da məşhurlaşdı, parladı. Və günlərin bir günü Şəlaləni universitetin qaranlıq bir pilləkəninin altında gördüm, bir ayağını qaldırıb divara söykəyib siqaret çəkirdi. Yanında iki-üç oğlan da vardı. Özləri üçün deyib-gülürdülər. Qolunda döymə-zad bəsləyirdi. Kefi yaxşı idi, amma o işıqlı üzdən, o vulkan gözlərdən, o aşmış qayığa oxşayan qaşlardan, o qorxaq baxışlardan əsər-əlamət qalmamışdı. Yanındakı oğlanlarla şit-şit zarafatlar edəndə gördüm ki, abır-həyası da yanağında doğulmuş ay kimi yoxa çıxıb. Ən əsası isə Şəlalə siqareti elə çəkirdi, elə çəkirdi, tüstüsü adamın ürəyinin sarı siminə toxunurdu…

 

Share: