“Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bu il ən azı 800 mənzil veriləcək”

“Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq”.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Ölkə Prezidenti qeyd edib ki, altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib:

“Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar”.

Prezident əlavə edib ki, bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək:

“Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, – o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir”.


 Müstəqil.Az
Share: