RÜZGARLA ÇARPIŞIR TÜRKÜN BAYRAĞI

və yaxud 
ELÇİN İSKƏNDƏRZADƏNİN AVTOPORTRETİ
Müstəqil.Az şair Vasif Süleymanın Ədəbiyyat fədaisi Elçin İsgəndərzadənin 55 illik yubileyi münasibətilə illər öncə yazdığı yazınıtəqdim edir:

Bu günlərdə gözəl şairimiz, bir çox beynəlxalq təşkilatların fəxri və həqiqi üzvü Elçin İskəndərzadənin «Avtoportret» adlı nəfis tərtibatlı bir kitabını oxudum. Onun yaradıcılığı haqqında oxucu fikirlərimi yazmaq üçün çoxdan özümü hazırlayırdım. Bu kitab arzularımı reallaşdırmaq üçün əsl fürsət oldu.
Akademik Nizami Cəfərovun və kitaba ön söz yazmış Şimali Ütah Universiteinin professoru Dr. Satyam S. Moortyın redaktorluğu ilə işıq üzü görən kitab həqiqətən də Elçin İskəndərzadənin AVTOPORTETİdir.
Gözəl şairimizin azərbaycan və ingilis dillərində (şeirləri ingilis dilinə Sevil Gültən tərcümə edib) işıq üzü görən bu kitabını, necə deyərlər, fasilələrlə oxumaq mümkün deyil, birnəfəsə başa çıxmalısan. Çünki kitabda, demək olar ki, başdan-başa bir VƏTƏNDAŞın ürək yanğıları toplanıb. Elçin İskəndərzadə çoxşaxəli fəaliyyət sahibidir. Bir alim, bir naşir, bir ictimai xadim, Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edən bir ziyalı kimi fəaliyyəti ayrı-ayrı söhbətlərin mövzusudur. Amma bir şair olaraq ömrünün hansı paralelllərdə olduğunu Elçin İskəndərzadə hamıdan əvvəl duyub:
Bu dünyada mənim ömrüm,
qılıncla ləçək arası.
Nə gəzirsən dəli könlüm,
qəbirlə çiçək arası?
Qəbirlə çiçək arası sıralanmış ömürlərin arasında yaşam taleyi fərqli olan bir zümrə də var, onlar şairlərdir. Elçin özü gözəl şair olaraq bu taleyi yaşayanların haradan-haraya gələ biləcəyini çox yaxşı bilir:
Qol götürüb bu havaya,
Oyna havasız-havasız.
Şairləri-qərib durna,
Köçür yuvasız-yuvasız.
Bu kitabı oxuyandan sonra, bir daha yəqin etdim ki, Elçin İskəndərzadənin gərgin həyat tərzi, çoxpilləli fəaliyyəti onun şairliyinin yardımçı qollarıdır. Adil Mirseyidin təbirincə desək «dünyanın hər yerindən görünən adam»ı bu zirvəyə çatdıran məhz onun poeziyasıdır. Bu baxımdan indiyə kimi təhlilçilərin, səsi dünyanın hər yerindən gələn adamın bədii yaradıcılığına, yumşaq desək, biganə yanaşması anlaşılan deyil (bəzi istisnaları nəzərə almasaq Elçin İskəndərzadə poeziyası lazımınca təhlil olunmayıb). Şair taleyinin əsl sahiblərindən biri kimi Elçinin buna daha çox haqqı var axı:
Yenə bu dünyadan çıxıb gedərəm,
Köksümü ovcuma sıxıb gedərəm.
Axar sular durulanda bir səhər,
Mən axar sularla axıb gedərəm.


Bütün yaradıcılığında olduğu kimi, Elçin İskəndərzadənin bu kitabında da TORPAQ, VƏTƏN, QARABAĞ ağrıları daha qabarıq əksini tapıb. Əslən o gözəl diyardan olması belə burada əsas faktor ola bilməz. Elçin zatən VƏTƏNPƏRVƏR ziyalıdır. Bir çoxlarından fərqli olaraq şair Qarabağ dərdini qışqıraraq car eləmir, ürəksökən duyğularını özünəməxsus təmkinlə poeziyasına gətirir. O, yaxşı bilir ki, qışqırtı, emosiya hansısa ağrıdan, fərd olaraq, insanın özünün azad olmaq ehtimalıdır. Amma Qarabağ ağrısını yaşamadan, özü də toplum olaraq, çözmək müşküldür. Bu da çözülməyincə o yerlərə yazın necə gəlişinin şahidi olmaq eynən Elçin İskəndərzadənin poeziyasındakı kimi olacaq:
Ürəyində hələ dərddir gül açan,
Novruzgülün mənim kimi bağrı qan,
Xarıbülbül, qovuşarıq bəs haçan,
Qarabağa bizsiz gəlir bu yaz da…
Bizsiz qalan yazı bundan gözəl necə demək olar… Yanan tonqallar bəlkə də heç tonqal deyil, torpağın üsyanıdır. Əslində üsyanı biz etməliyik, amma torpaq yağıların ayaqları altında tapdağa dönməmək üçün köksündən alov püskürür:
İçimdə
Çərşənbə tonqalı kimi 
alışıb-yanır,
Cıdır düzünün qayaları, daşları…
Bayramdı…
Dağların bağrı qandı…


Bir az əvvəldə dedim axı, bu dərdi qışqırmaqla çözmək olmaz. Elə şair qardaşımız da belə düşünür. Onun da düşüncəsinə görə Qarabağ, hansı prizmadan baxsan, savaş məkanıdır, nostalji hisslərin şerlərdə ifadə olunması obyekti deyil (İstər-istəməz yadıma digər bir vətənpərvər şairimiz Musa Ələkbərlinin TORPAĞI GEDƏNİN BİRCƏ YOLU VAR, YAŞAYIB ÖLMƏK YOX, ÖLÜB YAŞAMAQ misraları düşür). Şair haqlı olaraq xiffətli göz yaşı tökülən misralardan usandığını bildirir:
Usandım, ah usandım,
qrafoman şairlərin
Xarıbülbül şəklinə
göz yaşları tökə-tökə,
yazdıqları dualardan.
Sonra da sanki bu «ah»ların göylərə bülənd olmamasından təsəlli tapır:
Yaxşı ki ahımız göylərə çatmır,
yoxsa baş götürüb qaçar mələklər.
Və belə dlüşünməkdə də haqlıdır şair. Mübarizə olmasa nostalji hisslər nəyi qaytara bilər ki… Bağrını candan almaq üçün, ilk növbədə, onun böyüməsinin qarşısını almalısan. Günün xoş keçəndə nostalji duyğuların oddan alışan cana su səpməyi ola bilir. Torpaqlarımızı yadelli baxışlardan qurtarandan sonra keçmiş ağrılarla duyğulanmaq olar. Amma hələ bunlar baş verməyib. Bəlkə düşmən də bu cür həsasslığımıza bələddir. Əslində nə qışqırtı lazımdır, nə də keçmişi göz yaşları ilə təsvir etmək. Çünki indiki məqamda buna ehtiyac yox. O cənnət diyarın hər qarışına soyuq nəzərlər dikilib. Ən sərrast fikirləri Elçin İskəndərzadə deyir:
Qabaq Ağdam
qənşər Şura.
Ürək qanlı bir çiçək,
könül sınıq bir şüşə.
Elçin İskəndərzadə ikinci onilliyini yadların əlində keçirən yurd yerlərimizin ağrısını məhz belə qələmə alır. Onun şerlərində bu ağır itki ilə barışmaq istəyi yoxdur. Şair sonrakı şerlərində bundan çıxış yollarını da arayır. Onun düşüncəsinə görə, belə olan halda, içimizdə qətiyyən reklama hesablanmayan bir qəzəb olmalıdır. Bizi yağı qarşısında xəcil etməyən bir qəzəb, Qarabağı azad etmək iqtidarında olan bir qəzəb:
Türk bir Allah quludu,
Sənin kimi, mənim kimi.
Qızıl qında qılıncdı,
Qarabağın qəzəbi.
Təkcə bununla da bitmir. Şairin poetik qənaəti də düşündürücüdür. Hələ ki, torpaqlarımızın qarşısında günahlarımızı yumaq imkanlarımız da tükənməyib. Elçin İskəndərzadənin ehkamına görə, xoşbəxtlikdən Tanrı əlini bizdən tamam üzməyib. Tövbə qapısı açıq olduğu kimi, günahlarımızın bağışlanma limiti də bitməyib. Bitməsini gözləyəkmi…
Tanrının gözü üstümüzdədi- 
alnımızı naxışlayır.
kölümüzü ovsunlayır
günahları bağışlayır.
Bütün bu hissləri, düşüncələri bizdə yaradan Elçin İskəndərzadənin qələmi oldu. Bu qələm deyilənin də idarəedilməsində bir yazılmamış qanun var. Qələmi ağ vərəq üzərində hərəkətə gətirən insan barmaqları olsa da, qələmdən gələnləri gətirən isə ürəkdəki təpərdir.
Şairin haqlı qənaətinə görə, qara qələmə qalsa, bir kimsədən qorxusu yoxdur, şeytana da uya bilər. Amma
Qələm şeytana uyanda
əlim tutub qələmin boğazından,
ağrıdan qələmin gözlərində
şimşəklər çaxar.
Qələm əlimin,
əlim ürəyimin 
quludu, köləsidi.
Qələm əlin, əl ürəyin qulu olanda şair də Elçin İskəndərzadə kimi duyğularını misralara düzə bilir. Getdikcə bizdən daha da uzaqlaşan yurd yerləri üçün qəribsəmiş insanın həsrətini ürək qələmə belə diqtə edir:
Alışıb yanan dodaqlarıma
bir damcı sarı limon sıxın,
ya bir qızıl lalə verin
Öpüm yanağından, ağrısız ölüm.
İndiyə kim yüzlərlə qələm adının kitabını çap edən (əksəriyyətini E. İskəndərzadənin birbaşa təşəbüsü ilə) «Vektor» Nəşrlər Evində işıq üzü görən «Avtoportret» kitabı mənim kimi yüzlərlə əsl poeziya tamarzısı olan oxucunun ürəyini fəth edəcək (zövqlərin parametrləri müxtəlif olsa da). Kitabı axıracan oxuyan oxucu Vətən, çiçək, sevda, arzu, yağmur, tənhalıq, Qobustan, röya, bənövşə, qürbət, rüzgar, ilkinlik, Yaşıl İrmak, müjdə türkülərini canına çəkəcəkdir. Sanki bü türkülərin akkordu kimi «Tokat türküsü» xüsusilə ibratəmizdir:
Rüzgarla çarpışır türkün bayrağı,
Uçuşur havada Tokat türküsü.
Bu kitab, sözün həqiqi mənasında, Elçin İskəndərzadənin bir vətəndaş, bir şair kimi avtoportretidir. Oxuyun və onu sevdiyiniz üçün yanılmadığınıza bir daha əmin olun. Əmin olun ki, bu şairin bütün yaradıcılığı böyük hərflərlə yazılan SEVGİ ilə yoğrulub:
Şəhid məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib ayağa qalxmasalar da,
Rahat uyuyacaqlar
qan qardaşlarım,rahat.
«Avtoportret» reallıqda bizi üzən, hələ ki, dərdinə çarə tapılmayan ağrıların poetik həllini özündə cəmləşdirib. Labirintə düşmüş bir çox siyasi proseslərin zaman-zaman bəddi düşüncədən bəhrələndiyini unutmaq olarmı…
Vasif SÜLEYMAN

Share: