Bir neçə gün bundan öncə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Təyyub Ərdoğan anonsunu verdiyi xoş xəbəri nəhayət bu gün açıqladı. Prezidentə bəyanatına qədər artıq söhbətin nədən gedəcəyi haqqında məlumatlar dolaşmaqda idi. Əlaqədar qurumlar müjdənin Türkiyənin energetika sahəsində əldə etdiyi nailiyyətlərlə bağlı olacağını bildirirdilər. Türkiyə öz tarixində yeni səhifənin başlanğıcını qoyur.
Kəşf edilən qaz yatağı və bundan sonra aparılaçaq tədqiqat işlərinin mahiyyətini izah etməzdən əvvəl Türkiyənin qaz istifadəçisi kimi ehtiyaclarını nəzərdən keçirək.Rəsmi qaynaqlarda mövcud olan statistik məlumatlara görə , Türkiyə ildə 45-50 milyard kubmetr qaz istehlak edir və demək olar ki bunun hamısını – 99 faizdən çoxunu – xaricdən alır. Ölkənin büdcəsindən xaricdən qazın alınmasına sərf olunan məbləğ illik 12-13 milyard dollar təşkil edir ki, bu da ümumi büdcənin 7-8 faizini təşkil edir
Türkiyə 2019-cu ildə 36,9 faiz təbii qazı Rusiyadan, 15,7 faizini Azərbaycandan, 13,5 faizini Əlcəzairdən, 11,7 faizini İrandan, 7 faizini Nigeriyadan, 5,8 faizini Qətərdən, 3,2 faizini ABŞ-dan, 3,1 faizini isə Trinidad Tobaqodan alıb.
Göstərilən rəqəmlər bu gün Türkiyənin qaza tələbatını tam ödəməkdən aşağıdır və ölkənin təbii qaza olan ehtiyacı ildən-ilə artır. İldən ilə artan tələbatı ödəmək üçün Türkiyə uzun müddətdir ki, yeni imkanlar axtarışındadır. Bu ehtiyacın qarşılanması zamanı idxaldan asılılığın minimuma endirilməsi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Çünki, Türkiyə iqtisadiyyatını yaxın illərdə dünyanın öndə gedən iqtisadiyyatları sırasına çıxarmaq yolunda idxaldan asılılıq böyük maneədir.Buna görə də Ərdoğan hökuməti ölkə daxilində təbii qaz yataqları tapmaq çalışmalarını son illərdə sürətləndirib. Quruda Adıyaman, Çanaqqala, Düzcə, Ədirnə, İstanbul, Qırxlareli və Tekirdağda irili-xırdalı yataqlar açılıb. On ilə yaxın bir müddətdə hasilata başlanması istiqamətində görülən işlər ötən il ərzində cəmi 37,8 milyon kubmetr qaz istehsalına imkan verib. Bu isə Türkiyənin illik istehlakının 0,63 faizinə bərabərdir.
Bütün bunları nəzərə aldığımız zaman ilk mərhələdə 320 milyard kubmetr qaz ehtiyatının kəşf edilməsi Türkiyə və onun ətrafında olan qonşu ölkələr üçün əhəmiyyətli bir hadisə hesab etmək olar.
İlk baxışdan 320 kub metr Türkiyə kimi ölkələr üçün 7-8 illik bir qaz ehtiyatıdır. Amma Ərdoğanın bildirdiyi kimi bu kəşf “ çox böyük bir qaynağın sadəcə bir hissəsidir.”
Deməli, Türkiyə dövlətinin əlində çox bir qaz ehtiyatına sahib olmaları haqqında ciddi məlumat var, lakin bu məlumatı indi dövrəyə buraxmağa tələsmədilər.
Regionda Rusiya və İrandan sonra külli miqdarda qaz ehtiyatına sahib olmaq Türkiyə üçün avantaj olmaqla yanaşı problemlər də yarada bilər. Buna görə Ərdoğan bu müjdəni verərkən olduqca ehtiyatlı tərpəndi və lazım olan səviyyədə özünü saxladı. Təbii ki, 320 milyard kubmetrə gələcək reaksiyalardan sonra növbəti addımlar atılacaq.
Təbii ki, bu nəhəng geoloji kəşfin iqtisadi tərəfi ilə yanaşı siyasi tərəfləri də mövcuddr. Türkiyənin iqtisadiyyatının inkişafına güclü təkan olacağı heç şübhəsizdir. Türkiyə qaz idxalçısından ixrac edən ölkəyə çevrilməyin bir addımlığındadır. Özünü qazla təmin etməsi Türkiyəyə hər il milyardlarla xalis gəlir qazandıracaq.
Siyasi baxımdan da Türkiyə mənfəətlər əldə edəcək. O beynəlxalq aləmdə daha fəal siyasət yeridə biləcək və enerji təzyiqlərinə boyun əyməyəcək.
Təbii ki, Azərbaycan üçün də Türkiyənin inkişaf etməsi və beynəlxalq aləmdə nüfuzunun artması önəmlidir. Bu iki dövlət enerji sahəsində birlikdə hərəkət edərək böyük dövlətləri onların siyasətlərini dəstəkləməyə istiqamətləndirə bilərlər. Xüsusilə Rusiya beynəlxalq münasibətlərdə Türkiyə və Azərbaycanla daha yaxın olmağa məcbur ola bilər. Çünki Rus qazı bundan sonra Türkiyə və Avropa üçün əvvəlki qədər əhəmiyyətli olmaya bilər
Əlimusa İbrahimov
Politoloq