Qorxunc “Ağdam bandası”nın işi: pula görə Rumiyəni də öldürüblər…

Uzun illər Rusiyada yaşayan Murad Məmmədov  Sankt Peterburqda bizneslə məşğul olan ağdamlılar arasında böyük nüfuza malik olub. Cinayət işi materiallarına görə, azərbaycanlı ticarətçilərdən pul yığaraq onlara himayədarlıq, “krışalıq” edib. Rusiyada polis, hüquq-mühafizə orqanları əməkdaşları arasında da sayılıb seçilən şəxs kimi tanınıb.

Hazırda qəsdən adam öldürmə, cinayətkar qrupa rəhbərlik, quldurluq və digər ağır cinayətlərdə ittiham olunaraq hakim qarşısına çıxarılıb. Lakin cinayət törətmədiyini, heç bir qətldə əli olmadığını, mütəşəkkil cinayətkar qrupa rəhbərlik etmədiyini  iddia edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə ittiham olunan  “Ağdam bandası” qruplaşmasının rəhbəri Ağdam rayonunun Salahlı-Kəngərli kəndindən olan 57 yaşlı Murad Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Ağdam bandası” və ağdamlılar

Virtualaz.org-un xəbərinə görə, 2005-ci ildə basqın və qarət məqsədilə yaradılan “Ağdam bandası”na Sankt Peterburqda yaşayan Murad Məmmədov rəhbərlik edib. Banda üzvləri Rusiyada yaşayan azərbaycanlılardan – Elnur Qafarov, Samir Məmmədov, Qədir Süleymanov və qeyrilərindən ibarət olub. Dəstə üzvləri odlu silahla təchiz edilib. Onlara məxsus odlu silahlar Murad Məmmədovun Sankt Peterburqdakı “Ağdam” restoranında saxlanılıb. Ümumiyyətlə, bir qayda olaraq qrup üzvləri törədəcəkləri cinayətləri məhz burda – “Ağdam” restoranında planlaşdırıblar. Həmin restorana bir qayda olaraq Sankt Peterburqda yaşayan azərbaycanlılar gəlib-gedib.

“Şəxsiyyət vəsiqəsini almağa gedəndə axtarışa verildiyimi öyrəndim”

Təqsirləndirilən Murad Məmmədov ona elan olunmuş ittihamlarla razılaşmayıb. İfadəsində deyir ki? 1990-cı illərdə işləmək  məqsədilə Rusiyaya köçdüb, gül alqı-satqısı ilə məşğul olub, maddi vəziyyəti yaxşılaşdıqdan sonra – təxminən 2001-ci ildə “Ağdam” restoranı açıb işlətməyə başlay;b. Həmin restoranı cəmisi 6 il işlədə bilib. 2007-ci ildə işləri ilə əlaqədar Azərbaycana gəlib. Cəmisi iki gün sonra isə övladının faciəli ölüm xəbərini alıb. Gecə saatlarında qızının balkondan yıxılıb keçindiyini  öyrənib. Bu faciədən sonra həyat yoldaşı da, oğlu da Bakıya köçüb.

“Həyat yoldaşımı 2009-cu ildə Rusiyaya iki günlük həkimə aparmışdım.. Ondan sonra Rusiyaya getməmişəm”,-M.Məmmədov deyir.

M.Muradovun ifadəsinə görə, həmin ərəfələrdə soyadının dəyişdirilməsi üçün mülki qaydada Ağdam rayon məhkəməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi almaq üçün qətnaməni Ağdam rayon Polis Şöbəsinə təqdim edərkən axtarışa veridiyini, barəsində cinayət işi açıldığını öyrənib.2011-ci ildə barəsində  Xətai rayon məhkəməsi tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Yeddi ildən sonra – 2018-ci ildə Ağdam rayon prokurorluğuna çağırılıb. Elə həmin gün Ağdam rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

“Cinayətkar dəstəm olmayıb, heç kimi öldürməyi göstəriş verməmişəm”

İfadəsində günahsız olduğunu, cinayətkar dəstə yaratmadığını, bandaya rəhbərlik etmədiyini,  Rusiyada yaşadığı dövrdə heç vaxt hüquq-mühafizə orqanları ilə problemi olmadığını, istintaqa cəlb edilmədiyini, cinayətlərin törədilməsi ilə bağlı kimlərəsə göstəriş vermədiyini deyib: “Rusiyada yaşayan Xəqani Kərimov bacım oğludur. 2007-ci ildə cinayət törətdiyinə görə həbs olunub, hazırda da Murmansk şəhərində cəza çəkir. Ədalət Əmrahovu bacım oğlu Xəqaniyə görə tanımışam, bir yerdə oxuyublar. Ədalətlə heç vaxt yaxın münasibətim olmayıb. Elnur Qafarov həmyerlimdi, nə işlə məşğul olduğunu bilmirəm. Mənsurə Əliyevaya gəlincə qonşu olmuşuq. Aramızda heç vaxt ədavət, düşmənçilik olmayıb. Onun evindən oğurluq edilməsinə, həmçinin Tahir Nəzərovun odlu silahla öldürülməsini heç kimə göstəriş verməmişəm. Həmin vaxt ailəmlə birgə Azərbaycanda olmuşam. Əslən Bərdədən olan “Emin” adı ilə tanınan “Qədir Süleymanovu (22 yaşlı Rumiyyə Kərimovanın qətlinin iştirakçılarından biri, onu güllələyən şəxs olub və qətldən iki gün sonra dəstənin digər üzvü Ədalət Əmrahov tərəfindən qətlə yetirilib-red) sadəcə tanımışam. Samir Məmmədovu da əmim Əvəzə görə tanımışam. Qətlə yetirilən Tahiri də həmyerli kimi tanımışam. Bu adamların hamısı mənim işlətdiyim restorana gəlib gedirdilər. İslam Qəribovun öldürülməsindən mənim xəbərim olmayıb”.

“Qızlarının qətlində məni günahkar bilmələrinin səbəbini anlaya bilmirəm”

Daha sonra ifadəsində mərhum Rumiyyə Kərimovanın qətlindən danışıb: “Rumiyə dayım qızı Yeganənin övladıdır. Qohum kimi münasibətimiz normal olub, düşmənçiliyimiz olmayıb. Onun ölümünə görə atası Qaffar Kərimov həbs edildi, bir neçə aydan sonra azadlığa çıxdı. Rumiyyənin öldürülməsini heç kimə göstəriş verməmişəm. Öz qohumumu öldürtməyim üçün heç bir səbəb olmayıb. Əksinə, bir qohum kimi bu ailəyə yaxşılığım dəyib, onlara dəstək olmuşam. Bunun müqabilində qızlarının qətlində məni günahkar bilmələrinin səbəbini anlaya bilmirəm. Qaffardan heç vaxt pul tələb etməmişəm, maşınının yandırılmasını göstəriş verməmişəm. Rumiyyə öldürüləndə Azərbaycanda olmuşam”.

Murad Məmmədov

M.Muradovun ifadəsinə inansaq, yuxarıda sadalanan heç bir qətldə nə əli olub, nə də iştirak edib. Çoxsaylı cinayətlərə görə, o cümlədən Rumiyyənin qətli ilə bağlı Rusiyada həbs olunan Elnur Qafarovun ifadəsinə ( E.Qafarov istintaqa verdiyi ifadəsində Rumiyyənin qətlinin sifarişçisinin məhz M.Məmmədov olduğunu deyib-red.) gəlincə isə M.Məmmədov bu ifadələrin həqiqətdən uzaq olduğunu bildirib. Elnurun bu cür ifadə verməsini isə ona edilən fiziki təzyiqlərlə əlaqələndirib.

“Həbs olunduqdan sonra Elnur mənə dəfələrlə zəng vurdu, işgəncələrə dözməyib yalan ifadə verdiyi üçün üzrxahlıq elədi. Sankt Peterburqda azərbaycanlıların diaspor təşkilatının üzvü olmuşam. Həmyerlilərimizin problemlərinin həllində bacardığım qədər iştirak etmişəm, çoxsaylı insanlara köməklik göstərmişəm. Rusiyada bu cinayət işinin istintaqına rəhbərlik edən şəxs qərəzli mövqedə olub, ittihamları düzüb-qoşub, banda qurulması ilə bağlı görüntü yaratmağa çalışıb. Məhkəmədən bəraət istəyirəm”,-təqsirləndirilən şəxs bildirir.

Qaffarın biznesini banditlərdən qoruyacaq, “krışalıq” edəcəkdi…

Zərərçəkmiş Yeganə Kərimova ifadəsində 1993-cü ildən əri ilə birgə Sankt Peterburqa köçdüklərini, hazırda da bu şəhərdə yaşadıqlarını, 1997-ci ilə qədər bibisi oğlu Murad Məmmədovla əri Qaffarın münasibətlərinin yaxşı olduğunu göstərib. 1997-ci ildə Qaffar iki mağaza açıb işlətməyə başlayıb. Həmin ərəfədə Qaffarın yanına Seymur adlı şəxs gələrək dükan işlətdiyinə görə Murada aylıq haqq verməli olduğunu deyib. Muradın da bunun müqabilində onun biznesini cinayətkarlardan qoruyacağını,  “krışalıq” edəcəyini söyləyib. Dükan sahibi həmin adamlara rədd cavabı verib, heç kimə bir qəpik ödəmək niyyəti olmadığını deyib. O vaxtdan bəri də Kərimovlar ailəsinin başına gəlməyənlər qalmayıb.

Bu söhbətdən bir müddət sonra işdən evə qayıdan Q.Kərimov elə binanın qarşısındaca üç nəfərin hücumuna məruz qalır. Avtomobildən düşən Qaffara hücum edən şəxslər onu döyüb maşınını əlindən almaq istəyirlər. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra isə qaçıb hadisə yerindən uzaqlaşırlar. Pal-paltarı cırılmış, üst-başı qanlı vəziyyətdə evə dönən  Qaffar başına gələnləri arvadına danışır. Qəribə də olsa nə polisə müraciət edilir, nə də təcili yardım çağırılır.  Ər-arvad bu işdə Muradın əli olmasından şübhələnsələr də, onun Sankt Peterburqda nüfuzlu şəxs kimi tanınmasından qorxduqları üçün səslərini çıxarmırlar.  Həm də əllərində tutarlı dəlil olmadığı üçün susmağa üstünlük verirlər.

“Bilsəydim Qaffarın pulu var, onu öldürərdim”

Rusiyada uzun müddət kirayə yaşayan Kərimovlar ailəsi 2000-ci ildə şəhərin mərkəzində mənzil alır və oraya köçürlər. Onların mənzil aldıqlarını öyrənən M.Məmmədovun məclislərin birində “bilsəydim Qaffarın pulu var, onu öldürərdim” deməsi Qaffarın qulağına çatdırılır. Bunu eşidən Qaffar tez-tələsik Azərbaycana qayıdır və bir ilə yaxıb burada qalır.  Sonradan hər şeyin qaydasında olacağına ümid edib yenidən Rusiyaya qayıdır. 2004-cü ildə Vitebsk prospektində ərzaq mağazası açır, spirtli içkilərin satışı ilə məşğul olur, üç-dörd obyekt işlədir. Bu arada Muradın təhdidləri də səngimək bilmir.

Zərərçəkmiş Qaffar Kərimovun ifadəsinə görə, 2005-ci ildə həmyerlilərisi Tahirin Muradın göstərişi ilə öldürüldüyünü eşidib. Belə ki, Murad Tahiri “Ağdam” restoranına çağırıb və biznesdən əldə etdiyi puldan ona da verməsini tələb edib. Bunun qarşılığında ona havadarlıq edəcəyini və biznesini quldurlardan qoruyacığını bildirib. Tahir razılaşmayıb. Üç gün sonra isə Tahiri odlu silahla güllələyiblər.

2007-ci ilin oktyabrında ad gününü qeyd etmək üçün Bakıdan Sankt Peterburqa gələn M.Məmmədov “Ağdam” restoranında Qaffarla qarşılaşır. Qaffarı öz kabinetinə çağırıb onu aşağılayır. Deyir ki, özünə “Mercedes” alırsan, amma bizə pul vermirsən:”Dedi ki, ailəni də götürüb buralardan getməsən səni məhv edəcəyəm. Mənim torpağımda, mənim rayonumda işlədiyinə görə pul verməlisən. Dedim ki, uşaqlarım burada oxuyurlar, Rusiyadan gedə bilmərəm. Sənə də borcun olmadığına görə pul verməyəcəyəm”.

“Muradın hesabına yaşayırsan, ona görə heç kim burada sənə dəymir”

Həmin ilin dekabrında M.Məmmədovun qızı yaşadığı mənzilin pəncərəsindən özünü atır. Q.Kərimov digər yerliləri ilə birgə Azərbaycana yas mərasiminə gəlir. Qızının ölümündən sonra düz bir il M.Məmmədov Rusiyaya ayaq basmır: “2009-cu ilin əvvəli idi. “Ağdam” restoranında Cəbrayıl Məmmədov məndən niyə Muradın qızının il mərasiminə getmədiyimi soruşduqda pulum olmadığını dedim. Cəbrayıl isə cavabında “Muradın hesabına yaşayırsan, ona görə heç kim burada sənə dəymir, özünə təzə maşın almısan, tez bir zamanda maşınsız qalacaqsan” bildirdi. Bir həftədən sonra gecəyarısı mənzilin pəncərəsindən baxanda mənə məxsus avtomobilin yandığını gördüm. Cinayət işi başlandı, amma maşını kimin yandırdığını bilmədiyimi dedim”.

Bu hadisədən iki ay sonra növbəti dəfə “Ağdam” restoranına gələn Qaffara digər azərbaycanlıların yanındaca Cəbrayıl Məmmədov yenə də ona Muradın hesabına yaşadığını və heç kimə pul vermədiyini deyir. Daha sonrasa “sabah sənin arvadını, qızını aparsalar kim sənə kömək edəcək?”dedikdə Qafar ona polisə müraciət edəcəyini bildirir.

Aprelin 2-də restoranda yemək sifariş edən Qaffara Muradın onu çağırdığını deyirlər. Qaffar kabinetə keçəndə Murad ona “Sən mənə qarşı çıxırsan? Maşınını yandırdılar, təzəsini aldın. Səni pul ödəməyə məcbur edəcəyəm. Əgər ödəməsən, səni də, ailəni də öldürəcəyım, heç kim kömək etməyəcək” deyib.

Qaffarın qızı niyə öldürülüb?

Aprelin 8-də Qaffar Kərimovun univeristetin 4-cü kursunda oxuyan qızı Rumiyyə Kərimova  tezdən dərsə yollanıb və bir daha geri qayıtmayıb. Qrup yoldaşı, yaxın rəfiqəsi onların evinə zəng vurub Rumiyyənin dərsə gəlmədiyini deyib.

“Qaffara zəng vurdum, evə gəldi, polisə məlumat verdik. Qızımın qaçırıldığı məlum oldu. Bundan əvvəl Rumiyyə bir neçə dəfə dərsdən çıxıb evə gələndə izlənildiyini demişdi. Rumiyyənin qaçırıldığını bilən kimi köməkilik etməsi üçün Murada zəng vurduq. Sankt Peterburqda Muradın qohumu olduğumuza görə heç kim mənim övladlarıma pis niyyətlə yaxlınlaşa bilməzdi. Murad Azərbaycanda olduğunu dedi, Rusiyaya gələn kimi qızın tapılmasına köməklik edəcəyini bildirdi. Ertəsi gün polisdən zəng vurub qızımın tapıldığını dedilər. Ərimlə birgə polisə gedəndə Rumiyyənin öldürüldüyünü öyrəndik. Qaffar da, mən də, bunun Muradın işi olduğunu başa düşdük, amma bizi də öldürəcəyindən  qorxduğumuz üçün susduq”- mərhumun anası ifadəsində deyib.

Y.Kərimova artıq dözməyib bibisi oğlunun Bakıdakı evinə gələrək ailəsinin başına niyə bu müsibətləri gətirdiyini soruşub. M.Məmmədov ona qətldə əli olmadığını, əgər bu cinayəti doğurdan da Samirlə Elnur törədibsə onları özünün öldürəcəyini deyib.

Rumiyyənin meyiti tapıldıqdan sonra polis əməkdaşları onun atası Q.Kərimovu həbs edib. Qaffar 7 ay həbsdə qalıb. Sonradan cinayətin üstü açılıb. Belə ki, Muradın dəstəsinin üzvləri həbs edildikdən sonra hər şeyi etiraf ediblər.

Qeyd edək ki, M. Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın üzvləri – Elnur Qafarov və Samir Məmmədov istintaq zamanı 22 yaşlı Rumiyə Kərimovanın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər. Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadələrdən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda sərbəst buraxılıb. Məlum olub ki, Murad Məmmədov həmin sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb.

Məhkəmənin hökmü ilə Murad Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org

Share: