Qılıncoynadanımız Dünya Kubokunun qalibi oldu

Azərbaycan sablyaçısı Anna Başta Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.

Müstəqil.Az xəbər verir ki, bu gün Yunanıstanın paytaxtı Afinada qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

Mübarizəyə əsas mərhələdən qoşulan milli komandamızın lideri Anna Başta startda Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib. Başta ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib.  Annanın finalda rəqibi ispan Lusia  Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsümdə ardıcıl ikinci dəfə Dünya Kubokunun qalibi olub.

Xatırladaq ki, Başta daha öncə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.

Müstəqil.Az

Share: