“Qayaların göz yaşı…” – Minəxanım Nuriyeva yazır…

Tarixən böyük ərazilərdə yaşamış, ekvator boyunca Sərqə, Sərqdən də Qərbə doğru hərəkət edən, nəhayətində düzlənib sıralanan türk boyları belə bir həyat tərzi üzündən ən çoxu da sözə tapınmış, nağıllar, əfsanələr, uzun-uzadı söylənən dastanlara sahib olmuşlar. Uzun əsrlərdən keçib gələn əfsanələrin öyrənilməsi hər halda qədim türklərin dünyagörüşü, əxlaqi dəyərlərinə yaxından bələd olmasında kömək edəcəkdir.

 

 

                                                                                                        

                                                                     Qayaların göz yaşı

Kırımda – onun incisi sayılan Bağçasaraydan 6 km. aralı Koş Deyirmen yaylağının zümrüd boyunbağısı olan Kaça çayının yatağında özünə məcra tapıb axdığı dərərlərə enmək istəsən, dərənin düz ağzında qorxunc enişli döngədə sütunabənzər, hündür iki qaya ucaldığını görərsən. Bir birinə yaxınlıqda yerləşən bu qayaların maraqlı və cəlbedici görünüşləri və çox düşündürücü adları vardı: “Vay-vay, anam” qayası və “Qorxma balam” qayası. Bu qaya adları bu yerlərin sirli olacaq qədər maraqlı tarixçələr daşımasına bizləri inandırmaqdadır. Görünüşlərində nə kədər, nisgil tökülən bu iki qaya həsrətlə bir-birinə baxmaqda və öz lal duruşuyla insanları təsirləndirməkdədir. O qədər dərin təəssüratlar ki, bu yanıqlı fəryadları, yanıqlı nidaları qulaqlarınla eşitmiş kimi olursan.

Həqiqətən qayaların adlarının özündə caziv, eyni zamanda qüssəli bir əhvalat saxlayır. Dərənin ağzında on metr hündürlükdə bu qaya doğrudan da bir insan fiquruna çox bənzəyir. Ikinci qaya bir az aralıda – yolun üstündə, başı həmin yolu bir tavan kimi qapamaqdadır. Onu asanlıqla kürsüdə oturmuş bir qadına bənzətmək mümükündür.

Kırım toprağında bu qayalar barədə çox kədərli bir əhvalat dillərdə dolaşmaqdadır: Zalım və qaniçən Topal bəy  nə vaxt idi ki gizli- gizli qonşuya yeni gəlin gəlmiş gənc qadının oduna yanırdı, lakin nə bahalı hədiyyələrlə, nə də şirnikləndirici vədlərlə onu yoldan çıxara bilmirdi. Hər dəfə əli ətəyindən uzun gələn araçı qarı ona “yox” deyəndə kindən, qəzəbdən əsim əsim əsirdi. Zaman ötdükcə təzə gəlin çoxdan ana olmuş, təzə açılmış qızıl gül kimi pardaqlanan qızı da böyüməkdə, boyu anasının boyuna çatmaqda idi. Lakin illər keçsə də heç nə Topal bəyin günahkar istəklərini, haram niyyətini soyuda bilmir. Bir gün əlinə göydən fürsət düşür; qonşusu Kamal mirzənin evdə olmamasından istifadə edib, yenicə dəyməkdə olan vişnəlikdə qulluqçuları ilə giləmeyvə dərən gözəllər gözəli gəlini ilə ay üzlü yeniyetmə qızını nökərlərinin köməyi ilə qaçırır. Topal bəy əsirlərini uzaq dağlarda qalın meşə içindəki malikanəsinə aparıb gizlədir, amma nə edirsə də onları ram edə bilmir. Namərd bəy məqsədinə çatmaqdan ötrü onlara çox işgəncələr verir, amma bu məsumları heç cür əyə bilmir.

Günlər bir-birini əvəz edir, həftələr, aylar sovuşur. Nadürüst əyyaş onlara sahib ola, hərəminə daxil edə bilmir ki, bilmir. Əsirlərinin bu inadı onun ağlını başından alır, çünki acıqlı başda ağıl olmaz deyiblər… Zalım bəy ana ilə balanın ona olan nifrətini görüb kin-küdurətdən dəli olur, onlara ağır cəza fikirləşir; ana ilə balanı diri-diri qayaya hörməyi əmr edir.  Qara niyyətli sehirbaz bəy eynən nağıllardakı əfsunçular kimi onları daşa döndərir; beləcə tilsimlənmiş bu iki günahsız əsirdən iki qaya ucalır. Beləliklə möcüzəli Kırım torpağında  Kaça çayı dərəsinə enən yerdə iki qəribə qaya zühur edir. Lakin çuğullar aylı gecələrdə qayanın mahcamallı  gözəl bir qıza çevrildiyini şorgöz bəyə xəbər verirlər. Kinli  Topal bəy bu səfər qayanı yerlə yeksan etməyi əmr edir.  Çünki asan “qələbələr”ə öyrənmiş bəy təhqiri-üzünə tüpürülüb rədd edilməsini unutmamışdı.

Onun əmri üzrə nökərlər atları, öküzləri  götürüb həmin qərib qayanın üzərinə gedirlər; ona çatıb örkənləri, kəməndləri atıb onu çəkib yıxmağa başlarkən birdən qayadan qorxudan dəhşətə gəlmiş qız səsi fəryad edir: “vay, vay, ana…”Dərhal:”qorxma,balam” –deyə o biri qaya səslənir. Qayalar həmin andan bədbəxt ana ilə balaya çevrilir; nalə, dəqan hər yeri tutur.Həmin vaxtdaca elə bil uca Tanrının da səbri tükənir; bu “şeytan nökərləri”nə qəzəbi tutur, dərədə kim vardısa, əllərindəkilərlə birlikdə, eləcə də gətirdikləri yük, qoşqu heyvanlar – atlar, öküzlər- hər şey daşa dönür.

İndi də Koş dermen yaylağında  həmin dərə müxtəlif biçimli və şəkilli saysız-hesabsız daş yığınları ilə doludur. Dərənin ağzında ana ilə balanın dərdli heykəlləri kədər qarışıq bir əzəmətlə durmaqdadır.

                                                                                                          Minaxanım Təkəli

Share: