“Qara əsalı qadın…”-Gülər Eldarqızının hekayəsi…

Qara əsalı qadın
Hekayə
 
Firuzə xala dilənçi idi. Uca boylu, arıq, hardasa 55- 60 yaşlarında olan bu qadın, küçələrdə pul dilənərdi. Amma onun səliqəli geyimi heç vaxt diqqətimdən yayınmazdı. Üst- başı nimdaş olsa da, həmişə təmiz geyinirdi. Əlindən uzun, qara əsası əskik olmurdu. Bunu sağ ayağının bərk ağraması ilə əlaqələndirirdi.
Onunla tanış olmağımın qəribə tarixçəsi var idi. Deməli, həyətimizdə, evimizdən əlavə olaraq “yay evi” adlandırdığımız kiçik bir ev tikmişdik. Yetərincə şəraiti də var idi. Yayda evin havası təmiz və sərin qalsın deyə, yeməyi burada bişirirdik. Otağa qaz, işıq, su xətləri də çəkdirmişdik. Otaqda stol, stullar, kiçik televizor, bir də rahat bir divan da var idi. Bir sözlə, şərait yaşayış üçün yararlı idi. Bir gün beynimizə yeni bir fikir gəldi. Əlimiz bir az aşağı olduğu üçün ailəlikcə belə bir qənaətə gəldik ki, evi kirayəyə verək. Babam qonşuluqdakı “ev alqı- satqı” ofisinə müraciət edib, evimizin ünvanını və kirayə haqqının məbləğini qeyd etdirdi. Bir həftə tamam olar- olmaz kirayənişinlər gəldilər. Əşyaları demək olar ki, ancaq pal- paltardan ibarət idi. Çünki babam ofisdə “evdə yaşayış üçün lazım olan bütün avadanlıqlar var” deyə məlumat vermişdi. Yaşlı ər- arvad idilər. Onlar hava qaralandan sonra gəldikləri üçün, kim olduqlarına belə də dəqiq fikir verməmişdim. Açığı, heç mənə maraqlı da deyildi. Səhər açılar- açılmaz evdən bərk səs- küy qopdu. Deyəsən “təzə qonşular” dalaşırdılar.
– Ay qoca ifritə,səni görüm nəhlətə gələsən! Necə yəni pul yoxdu? Bəs işləyib, sənə gətirib verdiyim pullar hardadı?- deyə kişi bərkdən qışqırırdı.
– Yoxdu. Atamın goru haqqı, məndə pul qalmayıb, – qadın ağlayaraq deyirdi. Və danışıq tərzlərindən, səsin arada qəribə tonlarla dəyişməsindən kişinin, hətta ona təzyiq göstərdiyi də hiss olunurdu.
– Əşi, bu nə səs- küydü? Qonşuların içində biabır olduq ki… – babam hirsləndi və məsələyə aydınlıq gətirmək üçün niyə mübahisə etdikləri ilə maraqlanmağa getdi.
Az keçməmiş qayıtdı. Deməli, bu ər- arvad rayonda dolanışıq pis olduğu üçün Bakıya, işləyib pul qazanmağa gəliblər. Oğul- uşaq, nəvələri isə dediklərinə görə indi rayonda yaşayırlar. Maddi vəziyyətləri o qədər də yaxşı deyildi. Ailələrini çətinliklə dolandıran övladlar, ata- analarına maddi yardım edə bilmədikləri üçün, onlar da baş götürüb buraya- Bakıya üz tutmuşdular. Kişi fəhləlik edirdi. Amma içki düşgünü olduğu üçün evə düz- əməlli pul gətirib çıxara bilmədiyi az imiş kimi, üstəlik arvaddan da pul istəyirdi. Bu da səs- küyə, söz- söhbətə səbəb olurdu ki, o söz- söhbətin biri də bu gün, kirayəyə gəldikləri elə birinci gecənin səhəri bizdə baş verdi. Belə çıxırdı ki, bu kişi ayıb, həya qanan deyildi. Əks halda, əsl simasını belə tez göstərməzdi. Ya da ki, “olduğu kimi görünənlərdən” idi. Nə isə… Babam onları, əsasən də kişini sakitləşdirdi. O da sakitcə evdən çıxıb getdi.
 
Qadının səsi gəlmirdi. Ayaqyolu həyətdə olduğu üçün ən azından onun heç olmasa gün ərzində bir- neçə dəfə evdən çıxdığını görə bilərdik. Amma arvaddan səs çıxmıdı. Birdən mənə elə gəldi ki, arvad həyəcandan evdə keçinib. Həyətə çıxıb o evin qapısına yaxınlaşmaq istəyəndə qapı açıldı. Bərk səksəndim. Qadın mehribanlıqla salamlaşdı. Sonra dizləri üstə çökmüş halda, diz- dizi uşaq kimi iməkləyərək ayaq yoluna tərəf getdi. Uzun, qara don geyinmişdi. Heç bir söz demədən cəld geri dönüb içəri- evimizə keçib qapını örtdüm. Heç nə anlamadım. Babamın evə gəlməyini gözləyirdim ki, qadın haqqında məlumat alım. Babam, ailə üzvlərinin heç birinə onun işlərinə qarışmağa icazə vermirdi. Odur ki, icazəsiz heç nə soruşub, maraqlana bilməzdim.
 
Axşam nəhayət ki, hər şey aydın oldu. Bu ailə hardasa, beş – altı ay əvvəl Bakıya gəliblər. Kiminsə evində kirayə qalırmışlar. Qadının dediyinə görə, əri demək olar ki, hər gün onunla mübahisə edirdi. Bu, artıq onlarda adət halını almışdı. Bir səhər də mübahisə zamanı kişi hirslənərık qadına qarşı kobud rəftar edib. Arıq olsa da, çox zirək və çevik olan qadın müvazinətini saxlaya bilməyib, ikinci mərtəbənin pillələri ilə üzü aşağı yıxılıb və sağ ayağı bərk əzilib. Bu vaxt ev yiyəsi onlara dərhal evi tərk etməyi əmr edib və çarəsiz qalan ailə buraya- bizim evə daşınıblar. Qadın ağlayaraq deyib ki, nəinki kirayə pulunu verməyə, heç həkimə getməyə və yemək almağa da pulları yoxdu.
Axşam kişi evə əli dolu, zənbillə qayıtdı. Yəqin bu gün işi yaxşı olmuşdu. Biz də buna çox sevindik. Yağda qovrulmuş soğan iyindən məlum oldu ki, nə isə bişirirlər. Gecə sakit keçsə də səhər erkəndən yenə dünənki səs- küy aləmi başına götürdü. Bu dəfə mübahisə pul üstündə deyil, ailə söhbətləri əsnasında idi. Yüksək tonda danışmaqlarından bunu anlamaq olurdu. Qadın yenə qışqırır, ağlayır, ” ay əclaf, məni niyə vurursan? Korsan, görmürsən ki, ayağım şikəstdir? – deyə bağırırdı. Bu dəfə babam bərk hirsləndi və iti addımlarla, elə yataq geyimində səs gələn istiqamətə yüyürdü. Babamın bu hərəkətlərindən çox qorxduq. Elə indicə qiyamət qopacağını düşündük.
– Bilirsən nə var? Bu dəqiqə cəhənnəm ol! Rədd ol, çıx mənim evimdən! Eşidirsən? – kişinin yaxasından tutub silkələdi və onu bir göz qırpımında həyətə tərəf tulladı. Sonra üzünü qadına tərəf tutub nə isə demək istədisə də qadın ondan cəld tərpəndi.
 
– Qurban olum, ay qardaş. Məni bu halımla çölə atma. Xahiş edirəm. Belə vəziyyətdə rayona gedə bilmərəm. Xəcalət çəkərəm. Bir az vaxt ver sağalım, ayağa qalxan kimi evin kirayə haqqını da ödüyərik. Biz bu vaxta qədər hələ heç kəsə borclu qalmamışıq. – deyib, ağladı.
Ürəyi yumşaq babam heç bir söz demədi. Bu, isə ” yaxşı, ağlama, sən deyən olsun” demək idi.
 
Səhəri gün eşitdik ki, kişi rayona- oğul- uşağının yanına gedib və dediyinə görə bir daha Bakıya qayıtmaq fikri yoxdu. Qadın da burada tək- tənha qaldı. Amma o, tək deyildi. Bizim kimi mehriban ev sahibləri var idi və biz onunla artıq kirayənişin kimi deyil, ailə üzvü, yaxın bir insan kimi davranırdıq. Babam elə həmin günün səhəri qadının ayağını müalicə etmək üçün həkim gətirdi. Həkim dedi ki, “gipsə ehtiyac olmayacaq, sadəcə, ayağı bərk əzilib. Bəzi sürtkü dərmanları və qəbul etmək üçün bir neçə həb yazıb getdi. Babam dərhal aptekə gedib dərmanları aldı. Evdən çıxanda da hər gün bizə tapşırırdı ki, qadına hazır yemək aparaq və eyni zamanda ev işlərində kömək edək. Amma qəribə o idi ki, otağa girəndə hər bir tərəfin tər- təmiz, necə deyərlər, par- par parıldadığının şahidi olurduq. Mənə maraqlı idi ki, o yeriyə bilmədiyi halda bu təmizlik işlərini necə görür? Bir gün gizlicə pəncərədən onu izlədim. Qadın sürünərək döşəməni silirdi. Sonra çox çətinliklə su ilə yarımçıq olan vedrədə döşəmə əskisini yuyur, yenidən sürünərək, həvəslə döşəməni silirdi. Ürəyim ağrıdı. Cəld otağa keçib kömək etmək istədim. İmkan vermədi. ” Qızım, mən fiziki iş görməsən ölərəm. Sən narahat olma”- dedi.
Bir səhər məni səslədi. Əlindəki qırışmış beş manatı mənə verib dedi:
– Sənə qurban olaram. Bu pulu köhnə paltarların arasından tapdım. Səndən bir xahişim olacaq. Get dükana, mənə bir paltar yumaq üçün “Ariel”, bir sabun, bir dənə də qab şampunu al.
Onun dediyi kimi də etdim. Ancaq çox təəccübləndim. Biz hər gün buna yemək gətiririk. Bu isə pul tapan kimi ərzaq almaq əvəzinə təmizlik əşyaları alır. Nə isə, qəlbinə toxunmaq istəmədim, dediklərini alıb gətirdim. Gözləri elə gülürdü ki, elə bil ən əziz adamının toy günü idi. Qazanda su qızdırdı. O qədər də böyük olmayan ləyənçəni həyətdə hovuzun yanında, aşağıda qoyub ətrafına yumaq üçün çoxlu pal- paltar tökdü. Çirkli dəsmallar, yataq dəstləri, hətta ərinin də çirkli paltarlarını həvəslə yuyurdu.
– Ayağın ağrıyır. Bütün çirkli paltarları ver, atım paltaryuyan maşınımızda yuyulsun. Sən əziyyət çəkmə, – desəm də məni eşitmədi.
– Mən əvvəldən bütün pal- paltarları əl ilə yumuşam. Özüm öz əllərimlə onları tərtəmiz suda bir neçə dəfə yaxalamasam, ürəyimə yatmaz- dedi. Mən də mane olmadım. Kənarda durub hərəkətlərinə göz qoyurdum. Necə də qəribə insan idi. Axı denən sənin nəyinə lazımdı bu ağrı ilə əzab çəkib pal- paltar yumaq? Yat, dincəl, istirahət et, tez sağal da. Hələ həkim dönə- dönə tapşırmışdı ki, fiziki iş görmək qəti qadağandır. Yaxşı ki, yay idi. Qış fəsli olsaydı, gör bu qadın nə qədər əziyyət çəkməli olardı.
 
Beləcə, bir ay tamam oldu. Həkimin tapşırığı ilə, əlindən tutub, çətinliklə də olsa onu həyətdə o baş- bu başa gəzdirirdik. Utandığından ağlayırdı. “Bu çətin günümdə sizi Allah mənə haradan göndərdi? Allah köməyiniz olsun! İnanın ki, bu etdiyiniz yaxşılığın əvəzini mütləq ödəyəcəyəm. Tam sağalan kimi rayona gedib oğlumdan evin kirayə haqqını ödəmək üçün pul alaram. Həyətimizin toyuq- cücəsindən, mer- meyvəsindən də sizin üçün gətirəcəyəm. – deyirdi. Amma çox yaxşı bilirdi ki, biz ondan pul götürmərik. Bizi indi onun pulu yox, səhhəti maraqlandırırdı.
Hə, qadın yavaş – yavaş gəzməyə başladı. Sərbəst yox, babamın aldığı qara əsanın köməyi ilə addımlayırdı.
– Getmək vaxtıdır. Çox sağ olun. Çəkdiyiniz əziyyətə görə sizə minnətdaram. Rayona gedirəm. Arxayın olun, pulunuzu gətirəcəyəm. Mütləq gətirəcəyəm. Amma birdən ola bilər ki, yolda ölüb eliyərəm, sizə pulu çatdıra bilmərəm… O zaman, o pulu halal edərsiniz. Allah mənə ömür versin. Sizin yanınızda xəcalətli qalmayım, – deyib ağlayaraq bizimlə sağollaşdı.
Üç ay keçdi. Ondan bir xəbər- ətər yox idi. “Yazıq arvad öldü yəqin” deyə babam düşünürdü. Tərslikdən yaşadığı rayonun, evin ünvanını da bilmirdik. Yəqin bilirdi ki, borcunu qaytara bilməyəcək. O üzdən ünvanını bildirmədi. Başqa nə ola bilərdi…
Havalar soyumuşdu. Oktyabr ayı idi. Babam o hadisədən sonra həyətdəki o kiçik evə heç bir kirayənişin buraxmadı. O xəstə qadın, birinci və sonuncu oldu. Daha doğrusu, göz gördüyündən qorxar deyə, bu ailədəki qalmaqalı görəndən sonra gözümüz qorxdu. Elə düşünürdük ki, kirayənişinlərin hamısı elə belə adamlar olacaq. O məsum qadının yeri isə həmişə görünürdü. Tez- tez evimizdə ondan söhbət açırdıq. Bir gün o kiçik evə gedib, onun səliqə ilə yuyub, ütüləyib, qatladığı pal- paltarlara baxıb köksümü ötürdüm. ” Axı sənə lazım idi, ayağının o şikəst vaxtında sürünərək bunları yumaq? İndi yəqin ki, qayıtmayacaqsan. Biz də səni çox gözləməyəcəyik. Gəlib çıxmadığını görüb, arxayın olduqdan sonra isə bu paltarları tullayacağıq. Axı bunlar kimə lazımdı ki? Axı sən niyə əziyyət çəkdin” – düşünüb kövrəldim.
Bir gün şəhərin “20 yanvar” metrostansiyası tərəfdə, metroya enmək istəyərkən qulağıma tanış bir səs gəldi. Həyəcandan tüklərim ürpəşdi. Arxaya çönüb baxmadan səsini bir daha dinlədim.
– Ay oğul, xalaya bir çörək pulu ver. Ay qızım, Allah səni xoşbəxt eləsin nənəyə nəzir ver…
Bu vaxt mənimlə üzbəüz gələn polis nəfəri qadına tərəf şığıdı.
– Ay arvad, sən söz qanmırsan? Min dəfə demişəm, burada dilənmək olmaz. Şəhəri niyə çirkləndirirsiniz? Rədd ol görüm!
Qadının səsi kəsildi. Bildim ki, oradan uzaqlaşır. Geri döndüm. İlahi, zənnim məni aldatmamışdı. O idi. Qara əsalı qadın.
– Firuzə xala! Firuzə xala! – ixtiyarsız ağlayaraq onu səslədim. Məni görən kimi tez- tez yeriməyə başladı. Onun qıvraqlığına sevindim. Bildim ki, ayağı yüz faiz sağalıb. Elə səliqə ilə və təmiz geyinmişdi ki, səsini sıxartmasaydı, dilənçi olduğuna heç kəs inanmazdı. Axır ki, ona yaxınlaşa bildim.
– Firuzə xala! Dayanın, xahiş edirəm. Sözüm var.
– Yox qızım, mən sənin gözlərinə baxa bilmərəm. Utandırma məni, – ağladı. Onu qucaqlayıb bağrıma basdım.
– Firuzə xala. Babam deyir ki, sənin pulun bizə lazım deyil. Halal edirik. Vallah, düz sözümdü. Amma, nə olar, gəl o paltarlarını götür apar. Hər baxanda pis oluruq.
Nə isə tutulub qaldı. Yəqin məndən başqa sözlər gözləyirdi.
– Doğrudan baban elə deyir?
– Hə, doğrudan.
Ətrafdakıları da unudaraq qucaqlaşıb ağlaşma qurduq. Yaxındakı dönərxanada oturub, dönər yedik, söhbət etdik. Sən demə Firuzə xala bizdən gedəndən sonra heç rayona getməyib. Xırdalanda, kiçik bir məhəllədə kirayə ev tutub. Dilənçilik etməklə həm evin kirayə pulunu verir, həm də başqa ehtiyaclarını ödəyırmiş.
 
– Kişidən qəlbim qırıldığı üçün rayona getmədim. Sizin evin pulunu da maddi imkanım yaxşı olmadığı üçün gətirib çatdıra bilmədim. Amma inanın ki, sizin ailəni düşünmədiyim bir gün belə olmayıb. Sizi həmişə xatırlayırdım. Bilirəm ki, pulu sizə çatdıra bilməyəcəyəm. Əvəzində o paltarları götürün.
Bərkdən qəhqəhə çəkdim.
– Ay Firuzə xala, o paltarlar bizim nəyimizə lazımdı? – Amma sözlərimdən utandım. Onun isə gözləri yol çəkirdi.
– O paltarlar təmizdir, tərtəmiz – dedi.
Razı olmasa da, güc- bəla ilə, bir taksiyə oturub cəld evimizin ünvanını dedim. “Məni xəcalətli etmə, mənə xəcalət vermə” – yol boyu Firuzə xala ancaq bu sözləri təkrarlayırdı.
 
Həmin gün maraqlı bir gün oldu. Nədənsə, Firuzə xalanın əri ilə bizə gəldiyi ilk günü xatırladıq. Üç gün bizdə qaldı. Yaxşı qulluğunda dayandıq. Sonra elə bir qərara gəldik ki, onunla birlikdə yaşadığı rayona gedək. Elə də etdik. Firuzə xalanı birtəhər razılığa gətirdikdən sonra babamın maşını ilə onlara getdik. Bizi ilk qarşılayan və kövrələn əri Mürsəl oldu.
– Harda idin, ay başı batmış, ay evimin yaraşığı?! Bilirsən güzəranım nə kökdədir? Mənə heç baxan da yoxdu. Allah səni mənim üstümdən bir gün də belə əskik etməsin! – deyib arvadını qucaqlayıb ağladı. Bizim üzümüzə baxmağa isə utanırdı. Firuzə xala da kövrəlmişdi. Özünü elə itirmişdi ki, əlindəki qara əsanı da kənara qoymurdu. Babam əsanı onun əlindən aldı.
– Ay bacı, həyəcanlanma, bu əsanı kənara tulla görək.
– Ay qardaş, əslində əsaya ehtiyacım yoxdu. Sərbəst gəzə bilirəm. Sadəcə, vərdiş etmişəm, – dedi və hamı gülüşdü. – Bu qara əsa sizdən mənə xatirə oldu. Nə yaxşı kı, sizin kimi insanlar var. Yoxsa… – hamı kövrəldi.
Gülər Eldarqızı
Share: