Qərbin Ermənistana hər hansı bir formada “ildırım sürətli” yardım göstərməsi mümkün deyil

Biz ötən gün Fransa və Ermənistan liderlərinin timsalında növbəti dəfə əsl siyasi məzhəkənin şahidi olduq. İstər Emmanuel Makronun, istərsə də Ermənistanın baş nazir əvəzinin birgə mətbuat brifinqində səsləndirdiyi fikirlər tamamilə absurd idi.

İkincinin ilk fürsət ələ düşən kimi Qərbin dəstəyini arzulaması və eyni zamanda Fransa parlamentindən hazırda mövcud olmayan “dqr”in müstəqilliyini tanımasını xahiş etməsi bu adamın həqiqətən də xəyalpərəst və avantüristin biri olduğunu təsdiqləyir.
Realist və adekvat siyasi lider ölkəsinin hazırki bərbad durumunda bu cür sərsəm istəkləri dilə gətirməzdi. Çünki hazırda nə Qərbin Ermənistana hər hansı bir formada “ildırım sürətli” yardım göstərməsi mümkün deyil, nədəki Fransa parlamentinin qondarma “Artsax”ın müstəqilliyini tanıyacağı real görünmür.
Paşinyan bu istək və tələblərini ortaya qoymaqla sadəcə olaraq özünü ifşa etdi və gerçəkdən sülh istəmədiyini dolayısı yolla etiraf etmiş oldu. 10 noyabr və 11 yanvar razılaşmalarının altında imzası olan bir lider (söhbət Paşinyandan gedir) ən azından heç olmasa, öz imzasına hörmət etməli və Makronla birgə brifinqdə sözügedən razılaşmaların ruhuna zidd olan açıqlamalar verməməliydi. Paşinyanın bu son açıqlamaları regionda qalıcı sülhün bərqərar olmasına deyil, gərginliyin daha da artırılmasına xidmət edir. Bu isə öz növbəsində Azərbaycanın istər sərhədlərin demarkasiyası məsələsində daha sərt mövqe tutmasına, istərsə də Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməsinə əlverişli zəmin yaradır.
Fransa prezidenti isə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədr ölkələrdən birinin rəhbəri olduğunu unutmamalı və məhz bu səbəbdən də o öz ifadələrində mümkün qədər ehtiyatlı olmalıdır. Həmsədr ölkənin missiyası tərəflər arasında qızışdırıcı rolunda çıxış etmək yox, neytral və qərəzsiz mövqe nümayiş etdirməkdir. Hiss olunur ki, Makronun həmsədrlik anlayışı yarımçıq və qərəzlidir. Fransa prezidenti çirkin geosiyasi oyunlar oynamağa can atır. Amma onun bu oyunları ilk növbədə Fransanın öz imicinə ağır zərbə vurur. Makronun Ermənistan kimi autsayder bir ölkəni dəstəkləməsi Fransanın və fransız xalqının maraqlarına ziddir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: