Prezidentdən tapşırıq: Cəmiyyətdə bu olmamalıdır!

Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır.

Müstəqil.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gözəl yaşayış yerini özəl sektor inşa edib:

“Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, – kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, – deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir. Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm”

Müstəqil.Az

Share: