Prezidentdən heç kəsin gözləmədiyi qərar…

Bəlkə də heç kəs Prezidentin növbədənkənar parlament seçkisini 2 ay sonraya təyin edəcəyini gözləmirdi; bəlkə də kimsə bu qədər çeviklik, qəti siyasi iradəni hesablamamışdı; bəlkə də heç kim təxmin belə etmirdi ki, islahatın yeni dalğası bu qədər sürətlə icra ediləcək.

Bu, artıq İlham Əliyev strategiyasıdır: çevik, sürətli, qəti!

Nələr baş verir?

Ölkədə gedən sürətli dəyişiklikləri anlamaqda hamımız gecikirik – etiraf edək! Heç bir siyasi texnoloq, siyasi strateq bu qədər köklü islahatların ən qısa müddətə sığışdırılacağını təsəvvür etmirdi. Ən yaxşı halda növbədənkənar seçkilərin aprel ayında keçiriləcəyi barədə ehtimallar dolaşırdı.

İlham Əliyevin siyasi çevikliyini anlamaqda yox, hətta izləməkdə çətinlik çəkirik. Prezidentin diktə etdiyi gündəmin “düşüncə həzmi” başlayarkən biz növbəti siyasi addımla üzləşirik.

Çünki İlham Əliyev düşüncə, təfəkkür baxımından hamıdan öndədir, hamını qabaqlayır.

Nə məlum oldu?

Məlum oldu ki, Prezidentin ətrafında “ideoloji”, “texnoloji”, “sosioloji”, “təbliğati” mərkəzlər və onların hazırladığı “məhsulların” nəzərdən keçirilib, tətbiqi haqda ehtimalların heç bir əsası yoxdur.

Məlum oldu ki, bütün ideoloji, texnoloji, sosioloji, təbliğati… proseslərin başında “beyin mərkəzi” funksiyasını məhz Birinci Şəxs özü yerinə yetirir: bütün yeni düşüncə, yanaşma tərzi, yeni baxış, müasir təfəkkür, fərqli, yeni, dünyaya ixrac edilən intellektual Azərbaycan modelinin müəllifi İlham Əliyev özüdür.

BİR GÜNün içində ölkənin onurğa sütununda aparılan kardinal dəyişikliklərin də, BİR GÜNə sığan onlarla təyinatın da müəllifi Prezident şəxsən özüdür.

Amma bütün bunların heç biri BİR GÜNün işi və spontan deyil.

İlham Əliyevin dəqiq düşünülmüş strategiyası, bu strategiyanın icra mexanizmi özünə tam aydındır. Bəs, bizə necə?

Prosesi anlamaq üçün…

İlham Əliyev öz strategiyasının həm də təbliğatçısı, izahedənidir. Prosesi anlamaq üçün onu sadəcə çox diqqətlə izləmək lazımdır.

Aylardır Prezidentin apardığı islahatların müxtəlif politoloqların təqdimatında şərhini bir də incələyin: heç kim Prezidentin özünün ifadə etdiyinin yüzdə birini “şərh” edə bilmir. Çünki yeni strategiyaya yeni yanaşma tərzi lazımdır.

Bu gün, daha doğrusu, ötən gün bir daha aydın oldu: Prezident hər bir çıxışında heç bir sözünü, hətta heç bir vurğunu təsadüfən işlətmirmiş!

Prezidentin çıxışlarından heç biri yazılı deyil, o, hansısa mərkəzlərin hazırladığı materiallardan istifadə etmir. Çünki ehtimal etdiyimiz və digər ölkə rəhbərlərində müşahidə etdiyimiz, birinci şəxsin ətrafında olan (olmalı) “mərkəzlər” İlham Əliyevin düşüncə tərzini ifadə etməkdə acizdir.

Yenidən baxaq, yenidən incələyək: İlham Əliyevin bu il iqtisadi müşavirədə dedikləri də, Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışı da, hətta ötən gün Şamaxıdakı açılışlarda, sakinlərlə görüşlərdəki sözləri də yol xəritələridir, strategiyasının əsaslarıdır.

Bütün bunlar İlham Əliyevin məhz özünə məxsus olduğu üçün onun yazılı nitqlərə ehtiyacı yoxdur və…

Ən əsası

Dünyada nadir liderlərdəndir ki, İlham Əliyevin nitqi, sözü və çıxışları ilə əməli arasında heç bir fərq yoxdur. Çünki Prezident İlham Əliyev nəyinsə xatirinə çıxış etmir, mövcud, tətbiq etdiyi strategiyasını ifadə edir, düşündüyünü və elədiklərini dilə gətirir.

Seçkiyə kim hazırdır?

Hətta Yeni Azərbaycan Partiyasının belə seçkiyə tamamilə hazır olduğuna şübhə edirəm. Çünki Milli Məclisdə parlamentin buraxılması ilə bağlı müzakirələrdə də məlum oldu ki, eyni tezisdən kənara çıxmaq cəhdləri yoxdur, sanki prosesin əsl mahiyyətini anlamaqda deputatların böyük bir qismi çətinlik çəkir.

Onlar bəlkə də heç vaxt bilməyəcək ki, YAP sədri İlham Əliyev məhz buna görə Milli Məclisin buraxılması barədə YAP-ın təşəbbüs qaldırmasını istəyib. Əgər bunun fərqinə varsaydılar, YAP-ın parlamentin buraxılmasına qərar verməsinin Prezidentin təşəbbüsü ilə olmadığını mediada “izah etməyə” çalışmazdılar. Necə yəni YAP SŞ təşəbbüs göstərir, ancaq hakim partiyanın sədrinin və ölkə Prezidentinin “xəbəri yoxdur”?

Ona görə də şübhəsizdir ki, seçkiyə yalnız İlham Əliyevin özü hazırdır! Çünki bu qədər çevik təfəkkürlə ayaqlaşmadıqlarını böyük əksəriyyət öz çıxışları ilə təsdiqlədi!

Faktiki olaraq prosesin lokomotivi İlham Əliyevdir və öz komandasını da, Azərbaycanı da bütün parametrlərlə öz ardınca və sürətlə aparan odur!

Yeni bölümə bir bənzətmə verməklə keçək: Cavid Qurbanov Bakı-Gəncə qatarının sürətindən danışır, Prezident daha sürətli, daha az vaxt itkisi ilə mənzil başına çatmaq barədə tapşırıq verir; yaxud, builki iqtisadi uğur və artım tempindən danışırlar, Prezident narazı qalır və artım tempinin sürətlənməsi gərəkdiyini sərt şəkildə bəyan edir.

Çünki “sürət əsri” anlayışını – bu anlayışın bütün texnoloji, siyasi, ideoloji çapı ilə – İlham Əliyev qədər görən yoxdur; çünki İlham Əliyev iqtisadi islahatlarının miqyasını çox yaxşı bilir… Bilir ki, bu köklü islahatların bəhrəsi illik 3 faiz artım tempindən çox yuxarı olmalıdır.

Çünki bilir ki, Azərbaycanın firavanlığı və ölkənin qüdrəti üçün nələr lazımdır və nələr edir!

Prezidentin ümidi

İlham Əliyevin növbədənkənar parlament seçkisi haqda sərəncamı elan olunanda özü artıq Şamaxıda səfərdə idi.

Artıq məndə heç bir şübhə yoxdur ki, Prezident bu səfərinin də vaxtını dəqiqliyi ilə hesablayıb: sərəncamının ilk şərhini özünün verməsi üçün!

Sərəncam dərc edilən anda Şamaxıdan Prezidentin mesajları gəldi:

– Prezident məhz ötən gün növbəti ASAN Xidmət mərkəzinin açılışını etdi. ASAN brendinin intellektual məhsul kimi ixracından danışdı.

Təsadüf deyil: Bütün dünyada islahatlar, sistem dəyişiklikləri aşağıların təzyiqi ilə gedir və bu zaman ölkə siyasi-iqtisadi itkilərlə üzləşir. İlham Əliyev hazırkı siyasi-iqtisadi islahatları ilə “yuxarıdan” sistem dəyişikliyi aparır və bu dəyişiklik zamanı ölkə iqtisadi baxımdan da udur, siyasi baxımdan da.

Bu sistem dəyişikliyi artıq bir Azərbaycan modelidir – ASAN Xidmət kimi – “rəngli inqilablar”ın dağıdıcı təsirlərinə qarşı sivil bir model!

Ona görə də yeni sistemi, yeni siyasi modeli Prezident məhz Azərbaycan brendi olan ASAN Xidmətin növbəti mərkəzinin açışında şərh etdi!

– Prezident xalqımızın bütün milli-mənəvi dəyərlərinin maksimum qorunduğunu bildirdi.

– “Korrupsiya və rüşvət bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır…”

Prezidentin çıxışının bu hissəsini təkrar etməyək, halbuki məhz bu sözləri tam oxumağa və öyrənməyə ehtiyac var – keçid linki qoyuruq ki, çıxışı başdan ayağa oxuya biləsiniz.

Prezident açıq şəkildə deyir ki, ümidim gənclərədir. Korrupsiya ilə mübarizəni “qanında-canında” korrupsiya olanlarla aparmaq olmaz!

Prezident çıxışına davam edir: “Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır”.

Prezident yeni təfəkkür tərzi tələb edir, yeni yanaşma istəyir, yeni simalar gözləyir.

Seçkinin elan edildiyi gün Prezidentin açıq çağırışları budur!

Böyük Dövlət Adamı

Dünyada baş verən prosesləri izləyən, dünya liderlərini müşahidə edənlər tam razılaşar ki, İlham Əliyev heç kəsə bənzəmir: söz, çıxış, mesaj və əməllər o qədər vəhdətdədir ki, bəzən heyrətlənməyə bilmirsən.

Və bu vəhdəti tamamlayan fakt Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.

Bunu təsəvvür etmək üçün yalnız dünənə baxmaq kifayətdir: Mehriban xanım Əliyeva xalq artisti Əlibaba Məmmədovun evinə gedir, böyük sənətkarı ziyarət edir, xalqın milli dəyərinə çevrilən muğama bir ustadın timsalında münasibətini göstərir (muğama məhz Mehriban xanımın yeni nəfəs gətirməsini unutmayaq), dərhal ardınca Prezidentin Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi barədə sərəncamı dərc olunur.

Bu, dövlət idarəetməsində ağılla ürəyin, qətiyyətlə sevginin, Vətənə, millətə bağlılığın və xalqın mühafizəkarlığını unutmadan yeniliyin tətbiqinin (Prezidentin Şamaxı nitqində bu tezis də açıq şəkildə vurğulanır) nümayişidir.

Ürək demişkən…

“Bakutel-2019” sərgisində şəhid övladlarının Ali Baş Komandana məruzələrinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın reaksiyası, Mehriban xanımın hətta kövrəldiyini gizlədə bilməməsi bu ölkəni idarə edən vəhdətin bu xalqa, millətə, onun ayrı-ayrı fərdlərinə sevgisini açıq-aşkar göstərdi.

Bu böyük sevgiyə qarşılıq verməmək mümkün deyil. Ona görə Prezident bu qədər sevilir, ona görə Mehriban xanım bu qədər sevgi görür.

Şəriksiz lider

Azərbaycanda düşüncə baxımından ölkəmizin sərhədləri boyda olan nə qədər aydınımız, siyasimiz var?

Bəzən hətta təəccüb də edirsən: çünki bir çox hallarda siyasilərin, aydınların mənəvi sərhədləri hətta Bakının ölçüləri ilə məhdudlaşır.

İlham Əliyevin strateji qətiyyəti, yenilikçiliyi, milli dəyərləri qorumaqla çox çevik siyasi addımları onun düşüncə və təfəkkür sərhədinin ölçülərini göstərir. Bu ölçülər isə Azərbaycanın fiziki sərhədlərindən qat-qat genişdir.

Çünki İlham Əliyevin uşaqlığı, yeniyetməliyi və gəncliyi ərazicə dünyanın altıda birinə sahib, siyasi baxımdan dünya nizamını müəyyənləşdirən dövləti idarə edən bir dövlət adamının ailəsində keçib.

Etiraf edək ki, son yüz ildə Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük siyasətçi Heydər Əliyevdir və o artıq bizimçün milli dəyərdir.

Birinci vitse-prezidentin bağlı olduğu ocağın – Mir Cəlalın – Azərbaycanın mənəvi-ədəbi fikir tarixindəki mövqeyini və mənəvi dəyər olduğunu da hər kəs çox gözəl bilir.

Bu vəhdətin ölkə idarəetməsi Azərbaycan üçün şansdır, taleyin bəxşişidir!

Bunu heç vaxt unutmayın…

Share: