Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.
Müstəqil.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə sakinlərlə görüşdü.
Dövlətimizin başçısı dedi:
-Sizi görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.
Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.
Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.
Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.
Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.
Rayon sakini Altay Mansurov görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
– Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər, – bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər, – Sizi həmişə burada görməyə şad olurlar. Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz, Sizinlə görüş keçiririk. Bu, birinci dəfə deyil. Siz bizim rayonda tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr edirik. Xoş gəlmisiniz, Sizə cansağlığı arzulayırıq.
Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülən işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilir, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilir. Qəsəbələrarası yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Bu yolun da çəkilməsi qəsəbələr arasında gediş-gəlişi, eyni zamanda, şəhərə çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi, eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi, şəhərə, qonşu qəsəbələrə çıxışın təmin edilməsi əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır.
Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.
Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.
Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır – həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.
Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq.
Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov da rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
-Möhtərəm cənab Prezident, mən də Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz 2003-cü ildə prezident seçkiləri ərəfəsində Mir Mövsüm Ağa ziyarətgahında çıxış etdiniz. Orada çox gözəl sözlərin sırasında bu sözlər də oldu: “Mən çalışacağam ki, prezident seçiləndən sonra hər bir azərbaycanlının Prezidenti olum”. Bütün fəaliyyətiniz dövründə Siz sübut etdiniz ki, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidentisiniz. Bunu 16 illik fəaliyyətiniz dövründə iqtisadi islahatlar, ictimai həyatda, mədəni, mənəvi quruculuq sahələrində baş verən yeniliklər tam sübuta yetirdi. Bir məsəl var, deyirlər ki, “abad kənd yolundan bilinər”. Hər şey yoldan başlayır. Sizin yol infrastrukturunun inkişafına ayırdığınız diqqət, əslində, ölkənin iqtisadiyyatına, əlaqələrin genişlənməsinə doğrudan da çox böyük yardım göstərir. Siz keçən il aprelin 11-də Prezident seçiləndən sonra özünüz qeyd etdiyiniz kimi, ilk Fərmanınız əhalinin, insanların həyatının yaxşılaşdırılması ilə bağlı oldu. Son bir neçə ay ərzində Qarabağ müharibəsi iştirakçılarının, müharibə əlillərinin, pensiyaçıların, digər sosial qrupların təqaüdlərinin artırılması, bu yöndə atılan addımlar insanlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Bax, elə bu Xəzər rayonunun inkişafı Sizin fəaliyyətinizin əsl göstəricisidir.
Xəzər rayonunda yolların salınması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Təvəkkül Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın inkişafı üçün atılan addımları xüsusi qeyd edərək dedi:
-İnanın, 11 aprel seçkilərindən bu yana ötən 15 ilin nəticələri qədər nəticələr qazanmışıq. Cənab Prezident, mən sakinlərimiz adından bu möhtəşəm işlərinizə, səmimiyyətinizə, xalqımıza, insanlarımıza, o cümlədən bizə olan isti münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mehriban xanım həmişə bizi diqqətdə saxlayır, Allah ona ömür versin. O, sözün əsl mənasında, Azərbaycan qadınının doğrudan da simasını göstərən bir insandır. Cənab Prezident, bir daha Sizə və Mehriban xanıma işlərinizdə uğurlar arzu edirəm. Siz buraya həmişə gəlin. Siz buraya gələndə biz hər dəfə yeniliklərlə rastlaşırıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Hər bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır.
Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.
Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik. Sağ olun.
Sakinlər: Allah Sizə kömək olsun. Allah Sizə, Mehriban xanıma cansağlığı versin.
X X X
Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh MəmmədovBuzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Xəzər rayonunda Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Bu yol layihəsinin uzunluğu 7,6 kilometr olan Buzovna-Mərdəkan hissəsinin tikintisi başa çatdırılaraq, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub və əhalinin istifadəsinə verilib. Bu bölgədə yaşayan əhalinin çoxsaylı müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ötən ilin yanvarında və fevralında imzaladığı sərəncamlarla təsdiq edilən 2018-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı 55 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 2018-ci ildə layihənin tikintisi yekunlaşan hissəsi ilə Qala qəsəbəsi arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə Mərdəkan-Qala hissəsində 5,2 kilometr uzunluğunda yolun tikintisi aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yəni 4 hərəkət zolaqlı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, yəni 2 hərəkət zolaqlıdır. Bu yolun istifadəyə verilməsi həm sosial, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Belə ki, həmin yol Buzovna, Şüvəlan, Qala, Mərdəkan qəsəbələrini birləşdirməklə bu qəsəbələrdə yaşayan sakinlərin şəhərə çıxışını da rahat təmin etməyə geniş imkan yaradır. Eyni zamanda, bu qəsəbələrdən Qala-Pirallahı yoluna da birbaşa çıxış təmin edilir. Bununla yanaşı, paytaxtın bu hissəsində yaşayanlar şəhərə daxil olmadan bu alternativ yolla Sumqayıt, həmçinin Şamaxı və Quba istiqamətinə də rahat çıxış əldə edirlər. Beləliklə, bu layihənin icrası tıxacların qarşısının alınması, nəqliyyat vasitələrinin hərəkətinin normal və təhlükəsiz təşkili, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında çatması baxımından da mühüm rola malikdir.
Saleh Məmmədov dedi:
– Əvvəllər qəsəbənin Yesenin küçəsində tıxac yaranırdı. Mərdəkan və Şüvəlan sakinləri indi bu yolla şəhərə, Zirə, Türkan qəsəbələrinə rahat çıxa bilirlər. Artıq gedib aeroport yolundan dönüb çıxmağa ehtiyac yoxdur. Yol tam açılıb, istifadədədir. Yəqin ki, sakinlər də bunu təsdiq edərlər.
Sakinlər: Bəli, çox gözəldir.
Prezident İlham Əliyev: Siz qəsəbədaxili yollara da diqqət yetirin. Mən bu barədə də tapşırıq vermişəm. Başqa yollar da təmir olunub.
Saleh Məmmədov: Bəli, Sizin tapşırığınıza əsasən, son iki ayda Mərdəkan qəsəbəsində 54 min kvadratmetr yol sahəsinə asfalt döşənib. Şüvəlan qəsəbəsinə su xəttinin çəkilişi işləri başa çatıb. Biz indi orada 10 kilometrlik yolun çəkilişinə başlamışıq. Buzovnada qəsəbəarası 14 yol çəkilib, orada da 32 min kvadratmetr asfalt döşənib. Ən çox işi Binədə görmüşük, 135 min kvadratmetr asfalt vurmuşuq. İşlər hələ davam edir. İnvestisiya planınızda bu il 19 kilometrlik yolun tikintisi nəzərdə tutulub, artıq orada da işlər gedir. Yolun 13 kilometrlik hissəsi hazırdır, 6 kilometrlik hissədə iş davam edir.
Prezident İlham Əliyev: Digər rayonlarda da iş gedir, bütün qəsəbələrdə.
Saleh Məmmədov: Sizin göstərişinizlə Bakı şəhərinin bütün qəsəbələrində iş gedir.
Prezident İlham Əliyev: Bakı şəhərində bir dənə də təmirsiz yol olmamalıdır, həm şəhərdə, həm qəsəbələrdə. Qarşıya belə vəzifə qoyulub və indi müvafiq işlər görülür. Biz bu işləri qısa müddət ərzində görmüşük.
Sakinlər: Allah canınızı sağ eləsin, sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm.
X X X
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.