Paşa Bank 6 aylıq maliyyə nəticələrini açıqladı

Azərbaycanın aparıcı banklarından olan PAŞA Bank 30 iyun 2018-ci il tarixi üzrə 6 aylıq maliyyə nəticələrini açıqlayıb.

Müstəqil.Az xəbər verir ki, tədbirdə Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış edərək bildirib ki, bankın xalis mənfəəti 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə 35,394 min AZN olub ki, bu məbləğ keçən ilin ilk 6 ayı üçün 50,324 min AZN təşkil edib. 30 İyun 2018-ci il tarixinə faiz gəlirləri 109,031 min AZN səviyyəsinə çatıb. 30 İyun 2017-ci il tarixinə bu məbləğ 132,453 min AZN olub.

Qeyri-faiz gəlirləri bu müddətdə 15,586 min AZN təşkil edib ki, bu da ümumi əməliyyat gəlirlərində 16% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 10% azalaraq 97,489 min AZN səviyyəsinə çatıb. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 7,952 min AZN və ya 51%. Bu o deməkdir ki, dilinqdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 8%-dir. Xalis haqq və komissiya gəlirləri 7,390 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 47%-i, ümumi əməliyyat gəlirlərinin isə 8%-i deməkdir.

30 iyun 2018-ci il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 43,606 min AZN təşkil edib. 30 iyun 2018-ci il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 45%-dək artıb. 2017-ci ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 40% təşkil edib. PAŞA Bank hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olub. 30 iyun 2018-ci il tarixinə PAŞA Bankın məcmu aktivləri 4,469,931 min AZN təşkil edib ki, bu da 2017-ci ilin müvafiq tarixində qeydə alınmış 3,614,019 min AZN ilə müqayisədə 24% artım deməkdir.

Kredit portfelinin effketiv ehtiyat dərəcəsi 3.9% olub. Bu faiz dərəcəsi 31 dekabr 2017-ci il tarixinə olan 4.5% göstərici ilə müqayisədə stabil qalıb.

PAŞA Bank illər ərzində formalaşdırdığı münasibətlərə və xidmətlərinin keyfiyyətinə əsaslanan müştəri bazasını artırmaqda davam edir. 30 iyun 2018-ci il tarixinə müştəri hesabları ilin sonu ilə müqayisədə 15% artaraq 3,320,558 min AZN səviyyəsinə çatıb. Nəticədə məcmu kreditlərin müştəri hesablarına nisbəti əmsalı 2017-cı ilin sonunda müşahidə olunan 49% göstəricisi ilə müqayisədə azalaraq 47% olub.

PAŞA Bank 542,821 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlayıb. Eyni zamanda bank 2018-ci ilin ilk 6 ayı ərzində 61,414 min AZN dividend ödəyib.

Qeyd edək ki, Paşa Bank Azərbaycanın böyük investisiya holdinqlərindən biri olan Paşa şirkətlər qrupuna daxildir.

Şəfiqə Şəfa

Share: