“Paralel dünyada ayıya çevrilirik”

Tanınmış aktyor Kamran Ağabalayevin oğlu Publika.az saytına müsahibə verib.Müstəqil.Az həmin müsahibəni təqdim edir:

Ayı vəhşi təbiətin ən təhlükəli yırtıcılarındandır. Onun əcdadları 22 milyon il əvvəl Avropa ərazisində yaşayıblar. Bu gün təbiətdə ayıların 8 növü mövcuddur.

Ayıları digər heyvanlardan fərqləndirən bir sıra qəribə xüsusiyyətləri var. Məsələn, onlar barmaqlarının deyil, pəncələrinin üzərində gəzirlər. Bu da ayılara iki ayaq üzərində gəzməyə imkan verir.

Картинки по запросу medvedi

Qış yuxusuna gedəndə nəcis və sidik ifraz etmirlər. Bu əsrarəngiz canlı haqda maraqlı faktlardan biri də odur ki, ağ ayı anlayışı yoxdur. Onların sadəcə tükləri rəngsizdir. Buna görə də ağ çalara bənzəyir.

Ayının mədəsinin həcmi böyükdür. O bəzən 70 kq əti birdən yeyə bilər.

Ayılar həmçinin məntiqlə düşünmə qabiliyyətinə malikdirlər. Onlar adətən arxaya doğru yeriyərək izlərini itirməyə çalışırlar.

Ayılar rəngli rəsmləri, fotoları ayırd edə biləcək qədər ağıllıdırlar. Yəqin elə bu səbəbdəndir ki, müsahibim gənc fotoqraf Müslüm ayı mövzusuna müraciət edib. Müslüm Ağabalayevin hələ 13 yaşı var, amma fotolayihəsi kifayət qədər maraqlı və diqqətçəkəndir.

– Müslüm, sənə gənc fotoqraf deyə bilərik?

– Mən həvəskaram.

– Fotolayihən haqda məlumat verməyini istəyirəm…

– Musiqiyə böyük marağım var. Təəssüf ki, sevdiyim reperlərin başına bədbəxt hadisələr gəlib. Onlardan biri XXX Tentacion-dır. Onun maşınında güllələyib pulunu, çantasını oğurlamışdılar. “Linkin Park” qrupunun solisti Çester Benninqton intihar etdi. Onun özünə qəsd etməsi xəbəri mənim kimi milyonlarla fanatını kədərləndirdi. Daha sonra növbəti sevdiyim repçi Lil Peep öldü. Təəssüf ki, o da narkotik aludəçisi idi, 21 yaşında dünyasını dəyişdi. Mən bu süjeti fotoya yönləndirdim. Kiçik qardaşımın ayı oyuncaqlarını götürüb, hər 3 musiqiçinin obrazını yaratdım və fotolarını çəkdim. Məsələn, Lil Peep saçlarını qırmızı rəngə boyayırdı. Ona görə ayının birinə qırmızı saplardan saç qoymuşdum. Sonda isə ayıları birgə çəkdim. Çünki hər üç musiqiçinin cənnətdə görüşdüklərini düşünürəm. Bu musiqiçilər şəxsi həyatlarındakı problemlərə, mənfi alışqanlıqlara rəğmən, milyonlarla insanı ruhlandırırdılar. Belə gözəl kompozisiyalar bəstələyən insanlar heç kimə pislik edə bilməzdilər.

– Bəs niyə obraz olaraq ayını seçdin?

– Düşünürəm ki, bu dünya ilə bərabər paralel dünya mövcuddur və orada hər birimiz ayıya çevrilirik. Bundan əlavə, hamımızın kiçik ikən ayı oyuncağımız vardı. Hətta valideynlərimiz yanımızda olmayanda, ayımız bizimlə olub. Fikir vermisinizsə, cizgi filmlərində də ayıları müsbət qəhrəman kimi təqdim edirlər. Yəqin elə bütün bu faktlar obraz seçimimə yardımçı olub.

– Fotolarını fotokamera ilə ilə çəkirsən?

– Yox, hamısını telefona çəkirəm.

– Bəs kameranı əlinə almağa sənə nə mane olur?

– Düşünürəm ki, hələlik buna hazır deyiləm. Halbuki fotokameram var. Bir neçə dəfə əlimə götürüb, çəkmək istədim, çətin gəldi.

– Fiziki cəhətdən?

– Yox… Bilirsiniz Cordan Nikolson adlı bir fotoqraf var. O, fiziki məhdudiyyətlidir. Əlləri uşaqlıqdan deformasiyaya uğrayıb, amma bütün təntənəli tədbirlərə, dünya ulduzlarının konsertlərinə fotoqraf kimi təkliflər alır. Ağır fotokamerası ilə saatlarla çəkiliş edir. Yəni əsas alışmaqdır. Mən hələlik telefonumun kamerası ilə çəkməyə alışmışam. Amma peşəkar fotoqraf olmaq üçün təbii ki, gələcəkdə fotoaparatla çəkməyə başlayacam.

Картинки по запросу jordan nicholson

– Yaradıcılıqla məşğul olmaq istəyən yaşıdlarına nə məsləhət görürsən?

– Əgər bu yolu seçiblərsə, heç kimin iradlarını dinləməsinlər. Sevdikləri işlə məşğul olsunlar. Məsələn, mən unudulmuş, dağınıq məkanlarda çəkiliş etməyi sevirəm. Kimsə deyəndə ki, elə yerlərə getmək sənin üçün çox təhlükəlidir, bu məni narahat edir. Bir də böyüklərin çəkiliş rakursunu mənim əvəzimə təyin etməyi xoşuma gəlmir. İnsan öz ürəyinin səsini dinləməlidir.

– Çox gözəl. Müslüm, bəs paralel dünyada daha hansı canlılara çevrilə bilərik səncə? Məsələn, ağacdələn…

– Ağacdələn artıq atamın mövzusudur. Bu haqda onunla danışın…

Share: