Oxu.az – “Fransa Ermənistanın Rusiyanın forpostundan çıxarılıb Parisin ağuşuna girməsi üçün addımlar atır”

“Fransa senatında Azərbaycana qarşı qəbul olunmuş qərəzli bəyanatların özü də bilavasitə Ermənistanı şirnikləndirməklə onu sülh masasına əyləşməkdən çəkindirmək məqsədi daşıyır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

“Əgər Ermənistan xalqı gələcəkdə təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, bir forpostluqdan çıxıb, digər forpostluğa girmək əvəzinə, Qafqazda sülh və təhlükəsizliyin simvolu olan Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası üzərində daha çox düşünməlidir”, – o vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirmiş olduğu müstəqil, qəti və hücum diplomatiyasının ən mühüm uğurlarından biri də Fransanın və Azərbaycana qarşı ziddiyyətli, qeyri-obyektiv mövqeləri ilə ortaya çıxan digər dövlətlərin müxtəlif cəhdlərinin qarşısının dövlətimiz tərəfindən alınmasıdır:

“Bütün təzyiqlərə baxmayaraq, öz sifarişlərinin yerinə yetirilmədiyini görən Fransa Ermənistanın Rusiyanın ağuşundan çıxarılıb Fransanın ağuşuna girməsi üçün addımlar atır. Bu, həmçinin Ermənistanın razılıq vermiş olduğu qısamüddətli Avropa Birliyi mandatının vaxtının uzadılmasına nail olmaq cəhdi kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər bir gün də olsa, müstəqil siyasət həyata keçirə bilməyib”.

Rusiyanın forpostu olan bir ölkənin indi ciddi cəhdlə Fransanı proseslərə daxil etməyə çalışmasının da Ermənistanın ikiüzlü siyasət yürütməsinin bariz nümunəsi olduğunu deyən deputat əlavə edib ki, dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan Fransanın mövcud olduğu danışıqlar prosesində iştirak etməyəcək:

“Lakin Şarl Mişelin rəhbərliyi ilə keçirilən Brüssel danışıqlarına çomaq soxmağa çalışmaq da Emmanuel Makron başda olmaqla Fransanın məkrli siyasətinin tərkib hissəsi hesab oluna bilər. Belə ki, Fransa senatında Azərbaycana qarşı qəbul olunmuş qərəzli bəyanatların özü də bilavasitə Ermənistanı şirnikləndirməklə onu sülh masasına əyləşməkdən çəkindirmək məqsədi daşıyır. Bakının böyük humanizm siyasəti həyata keçirərək təklif etmiş olduğu beş maddəlik sülh prinsipləri Azərbaycan qədər Ermənistanın özü üçün də faydalıdır”.

“Fransanın bu cür addımları Avropa İttifaqında da müxtəlif fikir ayrılıqlarına səbəb olur. Bu isə münasibətləri sülh sazişi ilə tənzimləmək əvəzinə, daha da gərginləşdirir. Sözügedən gərginlik isə Fransanın Ermənistan üzərindən öz maraqlarının təmin olunmasına xidmət edir. Rusiya tərəfinin bu məsələdə, sadəcə, izləmə mövqeyində dayanması da inandırıcı deyil. KTMT-nin son iclasında Putinin şəxsən iştirakı, Paşinyanın açıq-aşkar yekun sənədi imzalamaqdan imtina etməsi və bu kimi digər bir sıra məsələlər, həmçinin Azərbaycan XİN başçısının Rusiyaya səfəri zamanı mətbuat konfransında Lavrovun açıqlamaları məsələdə Rusiyanın mövqeyinin daha da gücləndirilməsi istiqamətində taktiki gedişlər həyata keçirdiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan dövlətinin dik duruşu, ölkə Prezidentinin iradəsi yaxın gələcəkdə sülh sazişinin imzalanması ilə bağlı yekun sənədin hazırlanmasına gətirib çıxaracaq. Unutmaq olmaz ki, artıq bölgədə yeni güc faktoru var ki, bu da Azərbaycan-Türkiyə qardaşlığıdır”, – R.Həsən bildirib.

Share: