“Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib”.
Bunu “Report”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, ABŞ-nin davranışı, əslində, 30 il ərzindəki ənənəvi siyasətindən qətiyyən fərqlənmir:
“Bu təkcə Azərbaycana münasibətdə deyil, ümumilikdə, Türk-İslam dünyasına münasibətdə ABŞ-nin sərgilədiyi ənənəvi mövqedir. Ermənistan öz ənənəsinə uyğun olaraq gah bu qütbün, gah da digər qütbün yanında dayanmaqla indiki dövrdə geosiyasi qarşıdurmalar fonunda öz mövqelərini bölgədə qismən də olsa gücləndirməyə çalışır. ABŞ-nin mövcud yanaşması Vaşinqtonda aparılan müzakirələrdəki mövqeyinə qətiyyən uyğun gəlmir. Bu isə ABŞ-nin ikili standartlardan çıxış etdiyini açıq şəkildə göstərir”.
E.Mirzəbəyli bildirib ki, bu, açıq-aşkar missioner davranışıdır və səlib yürüşlərinin elementlərini xatırladır:
“Hazırda Ermənistanı müdafiə etmək üçün ABŞ-nin hər hansı bir formada əsası yoxdur. Çünki 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğalına Vaşinqtonun birmənalı mövqeyi olmayıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman da Vaşinqtonun riyakar mövqeyinin şahidi olmuşduq. Vaşinqtonda keçirilən xarici işlər nazirlərinin görüşlərində məsələ ABŞ-nin dövlət katibi Antoni Blinkenin vasitəçiliyilə məhz ərazi bütövlüyü çərçivəsində və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası nəzərə alınaraq həll olunmalı idi. Amma göründüyü kimi, bu yanaşma tərzi rəsmi İrəvanın son dövrlərdə qütbdəyişmə meyillərinin kontekstində dəyişikliyə uğrayıb”.
Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun Azərbaycan haqqında, xüsusilə də Azərbaycanın suveren hüquqları ilə bağlı mövzularda hər hansı bir məsələyə münasibət bildirməyə nə hüquqi, nə də mənəvi haqqı var:
“ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, özünü dünyada baş verən digər proseslərdə də göstərib. Bunu rəngli inqilab ssenarilərində, xalqlara fəlakət gətirən müharibələrdə müşahidə etmişik. Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. Onun elan etdiyi liberal dəyərlər özünü nədənsə cinsi azlıqlara münasibətdə büruzə verir. İnsan hüquqları və azadlıqlar ilə bağlı məsələdə, bir milyon insanın bu günə qədər tapdalanan hüquqlarında ABŞ-nin hər hansı mövqeyinin şahidi olmamışıq. İşğalçıya, təcavüzkara, soyqırımı həyata keçirənə isə açıq şəkildə dəstək verdiyini görmüşük”.