Oxu.az – Bakının “Kubinka” adlanan məhəlləsində baş verən yanğın tam söndürülüb: Üç evə zərər dəyib

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğında 3 evə ziyan dəyib.

APA xəbər verir ki, bunu Yanğınsöndürmə qərargahın rəisi polkovnik Xudat Nəbiyev bildirib.

“Birmərtəbəli binanın dam örtüyündə yanğın qeydə alınıb. Yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə texnika və şəxsi heyət cəlb olunaraq təxminən 30 dəqiqə ərzində yanğın söndürülüb. Yanğında 3 mənzilə ziyan dəyib, yüngül xəsarət alan 1 sakinə yerində yardım göstərilib” – deyə o qeyd edib.

23:07

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb. 

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

22:56

Bakıda fərdi evdə yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilmiş tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

22:25

Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

 

Share: