Azərbaycanlı fəal BMT-də Ermənistanın ekoloji terrorundan danışıb

“İlk növbədə ətraf mühitin mühafizəsi” QHT Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən “Universal Tibbi Təminat”, “Pandemiyaya Hazırlıq və Cavab tədbirləri” və “Vərəm”lə bağlı Baş Assambleyanın yüksəksəviyyəli həftəsində çıxış edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, P.Vəliyeva çıxışında Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında törətdiyi ekoloji terrordan danışıb.

Azərbaycanlı fəal Ermənistanın uzun illər ərzində bölgədə qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin region insanlarının sağlamlığını və ekosistemini təhdid etdiyini bildirib.

O, BMT-yə üzv dövlətlərin nümayəndələrinə təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verib, təşkilatın hazırda Cənubi Qafqaz regionunda Ermənistan tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə vəkillik fəaliyyəti apardığını deyib: 

“Sağlamlıq davamlı inkişafın sosial, iqtisadi və ekoloji ölçülərinin və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinin ilkin şərti və göstəricisidir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariyanı sağlamlığın ekoloji determinantları kimi qəbul ediblər. Hazırda inkişaf etməkdə olan ölkələrdə dağ-mədən sənayesi müəssisələrinin əksəriyyəti beynəlxalq ekoloji norma və standartları pozur ki, bu da insan sağlamlığına zərər verir və mədən sənayesində vərəm xəstəliyinin yayılmasına gətirib çıxarır. Mədənçilərin vərəmə yoluxma riski olduqca yüksəkdir. Son araşdırmalara görə, 230 milyondan çox insan iş yerində silisium oksidinə məruz qalır. Vərəm riski ilə mədənçilik arasında əlaqə yüksək insident kimi bildirilir ki, bu, ümumi əhalinin vərəmə yoluxma riskindən 10 dəfə yüksəkdir”, – deyə P.Vəliyeva çıxışında diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq transsərhəd çayları çirkləndirməkdə davam edir: 

“Şirin su təchizatının çirkləndirilməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilən, insanların sağlamlığına və su təhlükəsizliyinə böyük təhlükədir. Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.

Share: