AVRO-2024: Seçmə mərhələdə V tura yekun vuruldu, İtaliya gözlənilməz xal itkisi ilə üzləşdi

AVRO-2024-ün seçmə mərhələsində V tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, C qrupunda İtaliya Şimali Makedoniyanın qonağı olub. Matçda qalib müəyyənləşməyib – 1:1.

47-ci dəqiqədə Çiro İmmobile qonaqları hesabda önə çıxarsa da, 81-ci dəqiqədə Enis Bardi cərimə zərbəsindən gözəl qola imza ataraq bərabərliyi təmin edib.

Bu nəticədən sonra komandaların hərəyə dörd xalı var. İtaliya üçüncü, Şimali Makedoniya dördüncüdür. Bu qrupda İngiltərə 13 xalla liderdir. Yeddi xalı olan Ukrayna ikinci pillədə qərarlaşıb. Maltanın xalı yoxdur.

I qrupunda İsveçrə səfərdə Kosovo ilə bol qollu heç-heçə edib – 2:2. Qrupun digər oyununda da qalib müəyyənləşməyib. Rumıniya öz meydanında İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Bu nəticələrdən sonra İsveçrə 11 xalla liderdir. Rumıniya doqquz xalla ikinci səkkiz xalı olan İsrail üçüncüdür. Belarusla Kosovo dörd xalla müvafiq olaraq, dördüncü və beşincidirlər. Andorra iki xalla sonuncudur.

Faiq Tahirov

Share: