“Əli Xameneidən qisas alsaydıq, bəzi məsələlər gözdən itəcəkdi”

İranda aylardır ki, rejimə qarşı davam edən aksiyalar səngimək bilmir. Bu etirazlara ölkədən kənarda da diaspor təşkilatları tərəfindən dəstəklər olur, nümayişlər keçirilir. İrandan kənarda etiraz edən iranlıların mənəvi lideri isə iranlı yazıçı və fəal Həmid Esmailiondur. “Washington Post”un jurnalisti Ceyson Rezaian ondan müsahibə alıb və haqqında məqalə dərc edib.

Oxu.Az həmin məqaləni təqdim edir:

Kaliforniyada oktyabr ayında səhər vaxtı iranlı yazıçı və fəal Həmid Esmailionla ilk dəfə görüşəndə ​​onun hekayəsi ilə artıq yaxından tanış idim: 2020-ci ilin 8 yanvar tarixində Tehran Beynəlxalq Aeroportundan havaya qalxan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulması nəticəsində onun həyat yoldaşı Pərisa və yeganə qızı doqquz yaşlı Rira həlak olublar. Ana və qızı qış tətili üçün yollandıqları İranda qohumlarını ziyarət etdikdən sonra Kanadaya qayıdırdılar. İslam Respublikasını tənqid edən romanları həm İran daxilində, həm də xaricdə getdikcə populyarlaşan yazıçı (həmçinin diş həkimi) Esmailion isə ailəsi ilə gedəcəyi təqdirdə rejimlə problem yaşayacağını bilərək Torontoda qalmışdı.

Faciədən sonra Esmailion rejimin təhdid və maneələrinə baxmayaraq, İrana gedir, ailə üzvlərinin qalıqlarını götürərək dəfn etmək üçün Kanadaya qayıdır. Bundan bir neçə ay sonra isə o və qəzanın digər qurbanlarının qohumları “PS752 reysinin qurbanlarının ailələri assosiasiyası” (“The Association of Families of Flight PS752 Victims”) yaradırlar. Esmailion bu birlikdə sözçü kimi fəaliyyət göstərir.

Onların tək məqsədi ölənlər üçün ədaləti bərqərar etmək – cinayətkarları məsuliyyətə cəlb etməkdir. Lakin onların səyləri bürokratik əngəllər, pandemiya, Ukraynadakı müharibə və sonsuz pis xəbərlərlə həssaslığını itirən dünyanın laqeydliyi ilə üzləşdi. Bu biganəlik ötən ilin sentyabrına – polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra Tehranda etirazlar başlayana qədər davam etdi. İran daxilindəki etirazçılara dəstək olan İran diasporunun çoxsaylı üzvləri arasında “PS752 reysinin qurbanlarının ailələri assosiasiyası”nın üzvləri də var.

Hazırda Esmailion rejimə qarşı hərəkatda İrandan xaricdə aparıcı səsə, həmçinin vətən üçün daha azad gələcək yaratmaq istəyən diaspordakı iranlılar və İran daxilində uzun müddət hökm sürən qəddar sistem altında yaşayan milyonlarla vətəndaş arasında vacib körpüyə çevrilib.

Onun beynəlxalq hüquq mexanizmlərindən istifadə etmək səyləri (təyyarə qəzasının səbəbkarlarının ədalət qarşısında cavab verməsi üçün Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdı) 40 ildən artıqdır ki, rejimin öhdəsindən gələ bilməyən cəmiyyət üçün ilham mənbəyi oldu.

Esmailion həm də onun və digər ailələrin cavab almaq cəhdlərindən bəhs edən “752 – rəqəm deyil” (“752 Is Not a Number”) adlı yeni sənədli filmin qəhrəmanıdır. “iTunes”da yanvarın 6-da nümayiş olunacaq bu film onların böyük faciə qarşısında mətanətinin əyani sübutudur.

Kaliforniyadakı ilk görüşümüzdən bəri Esmailionla mən bir neçə dəfə hər ikimizin də iştirak etdiyimiz digər tədbirlərdə görüşdük. Mən ona İranda yaranan hərəkat və onu dəstəkləmək səyləri haqda çoxlu suallar verdim. Budur, son həftələrdə Esmailiona verdiyim suallar və qısalıq və aydınlıq naminə redaktə etdiyim cavablar:

– İranda rejimə qarşı olan bir çox insan qisas haqqında danışır, lakin bu, heç vaxt sizin mesajınız olmayıb. Ədalət axtarışında prinsipial və qanuna tabe olmaq nə üçün vacibdir?

– Mən də qisas haqqında düşünürdüm. Bu cinayətkar rejimin hər qurbanı bu barədə fikirləşir. Amma mənim getməyə özümü inandırdığım və Ailələr Assosiasiyasının izlədiyi yol məhkəmələrdən keçir. Çünki qisas alsan, heç vaxt bütün həqiqətlər tam çılpaqlığı ilə üzə çıxmayacaq.

Mənə, bütün cəmiyyətə, iranlılara və kanadalılara, ümumiyyətlə hər kəsə, həqiqətən, nə baş verdiyini anlamaq vacibdir. Beləliklə, əgər hərbi liderlərdən və ya Əli Xameneidən qisas alsaydıq, bəzi məsələlər gözdən itəcəkdi, bunlara isə yenidən məhkəmədə baxılmalı idi. Onlar bu cinayətin qurbanlarının ailələri ilə görüşməlidirlər, ictimaiyyət qarşısında o rüsvayçılıqla üzləşməlidirlər. Çünki cinayətkardırlar, amma özlərini qəhrəman hesab edirlər.

Qanunun aliliyi çərçivəsində fəaliyyət göstərən qərəzsiz məhkəmələr olmasa, həqiqət üzə çıxa bilməz. Həqiqətin üzə çıxarılması cəmiyyətə sağalmaq və bu cür cinayətlərin, qan tökülmələrinin bir daha təkrarlanmaması, eləcə də inqilabdan sonra yaşadığımız zorakılıq dövrünü dayandırmağın yollarını anlamaq imkanı verər.

– Sizin gözünüzdə ədalət və hesabat necə bir anlayışdır? Mənim üçün sizin ədalət anlayışınız İrandakı kimi deyil. Fikrimcə, siz heç kimi asmaq istəmirsiniz.

– Biz, əksər iranlılar, onlar kimi deyilik və heç vaxt da olmamışıq. 1979-cu il inqilabından sonra hər kəs baş verən zorakılığı və qırx il davam edən təzyiq dalğasını xatırlayır. Onların əməl etdikləri ideologiyanın təbiəti belədir.

İndi siz bugünkü vətəndaş hərəkatı ilə fərqi görürsünüz. Məsələn, mən ancaq sözlə, yazı ilə mübarizə apara bilərəm. Məktublar yazırıq, iclaslar keçiririk, etirazlar edirik. Biz belə mübarizə aparırıq. Bu, dinc aksiyadır, çünki biz haqlıyıq. Mən bilirəm ki, ideal bir dünyada bu cinayətə görə məsuliyyət daşıyan ali rəhbərdən tutmuş, təyyarəni vuran silah operatoruna qədər hər kəs həbs edilməli idi. Düzünü desəm, mən məhz bunu istəyirəm, üç il keçsə də, bu mənim tələbimdir.

– Bunun baş verəcəyinə ümidiniz varmı?

– Sentyabrın 14-də biz Beynəlxalq Cinayət Məhkəməsində təyyarə qəzasına görə (müəyyən) şəxslərin məsuliyyət daşıdığı iddiasını qaldıraraq, onların məsuliyyətə cəlb olunmasını tələb etdik. Təəssüf ki, indiyədək zərərçəkənlərin (qurbanların) hökumətlərindən heç biri bu səyləri yazılı şəkildə dəstəkləməyib.

Buna görə də İranda bu inqilabın baş verdiyini görəndə məndə ümid yaranır ki, bu cür məhkəmə üçün doğru yer Tehranda – qərəzsiz Tehran məhkəməsində olacaq. Bu mənim üçün Nürnberq kimi səslənir.

– Siz bütün dünyanı gəzərək çıxışlar etmisiniz və bir çox iranlı sizə lider kimi baxır, bəziləri isə sizi liderlik roluna sövq etməyə çalışır. Bəs özünüz şəxsən rolunuzu necə görürsünüz?

– Bəli, bu çox çətin sualdır. Bilirsiniz, adətən, xüsusən də cümə günü, mən işdən çıxıb evə gedər, həyat yoldaşımla qəhvə içərdim. Bu, hər cümə günü etmək istədiyimiz idi. Bu cinayət isə məni çox çətin vəziyyətə saldı. Amma mən irəli getməliydim. Siz də, cəmiyyətin qalan hissəsi də (ədalət uğrunda) üç illik mübarizənin şahidisiniz. İranda etirazlar baş verəndə mən gördüm ki, bu, inqilabdır və bu, hər kəsin azadlığa, ədalətə nail olmasına kömək edə bilər. Buna görə də susmadım. Biz isə mitinqlər təşkil etməyə çalışdıq və s.

–  Gələcək rolunuzu necə görürsünüz?

– İranda bu inqilabın əsl liderləri gənclərdir, İranın həbsxanalarında bu hərəkata rəhbərlik etməyə layiq fəallar var.

Mən, sadəcə, son üç ildə və ya son həftələrdə oynadığım rolu oynamaq istəyirəm: hələlik sadəcə, İran xalqının səsinə səs vermək, medianı və siyasətçilərin diqqətini İranda xalqın dediklərini eşitməyə, bunun hara apardığını görməyə cəlb etmək istəyirəm. Tarix kitablarında oxuduğumuz inqilablar o saat baş verməyib. Hamımız bilirik ki, Yaxın Şərqdə hadisələr çox tez baş verə bilər. Amma bilirik ki, bu mübarizə uzanacaq. Səbirli olmalıyıq. Hələ çox tezdir.

– İslam Respublikası etirazçıları edam etməyə başlayıb. Demokratik hökumətlər tez bir zamanda yeni terrora çevrilə biləcək hadisələrin qarşısını almaq üçün hansı tədbirləri görə bilərlər?

– Avropa Parlamentinin bəzi üzvləri İrandakı məhbusların qanuni nümayəndələri kimi çıxış edərək bu edamları dayandırmağa çalışırlar. Biz bilirik ki, İran İslam Respublikası heç bir sərhəd tanımır. Onlar istənilən cinayəti törətməyə qadirdirlər. Amma əminəm ki, Qərb hökumətlərinin onlara təzyiq etmək yolları var. Üç aydır ki, biz (Yeddilik Qrupu) və digər Qərb ölkələrindən İran İslam Respublikasının səfirlərini çıxarmağı xahiş edirik. Bu, İran rejiminə bu təzyiqin ciddi olduğunu və insan haqlarının, həqiqətən də, vacib olduğunu anlamaq üçün çox güclü siqnal olardı. (İnqilab Keşikçilərinin) terror təşkilatları siyahısına daxil edilməsi də yaxşı jest olardı.

– Diaspordakı iranlılar ölkə daxilindəki hərəkata kömək edirlərmi? Başqa nə edə bilərdilər?

– Diaspordakı iranlılar siyasətçilərə yazırlar, nümayişlər keçirirlər. Yaşadığım Torontoda hər həftə minlərlə insanın iştirakı ilə etirazlar və mitinqlər olur. Oktyabrın 1-də 150-dən çox şəhərdə insanlar küçələrə çıxıblar. Oktyabrın 1-də Berlində kütləvi nümayiş keçirildi. Bütün bunlar mediaya və siyasətçilərə yaxşı təsir edir, onlara İranı və əsl iranlıları görməyə, onların tələblərinə, dediklərinə qulaq asmağa imkan verir.

Başqa nə etmək olar? Bu, çox yaxşı sualdır. (Biz) İran xalqının, İranın gənc nəslinin dediklərinə qulaq asmalı və bunu təkrar etməyə çalışmalıyıq.

İran İslam Respublikası ölkə daxilində və xaricində fəallar arasında bu cür ünsiyyəti dayandırmaq üçün əlindən gələni etdi, lakin biz bu əlaqələri daha da gücləndirmək üçün yollar tapmalıyıq.

Share: