ÖVLAD  HƏSRƏTİ    

Təranə FAZILQIZI

(HEKAYƏ)

Kəndin kənarında  salınmış  həyət  bir zamanlar  uşaqların ən çox oğurluq etdikləri meyvə bağlarından idi. Qapının girəcəyindən evə doğru  uzanan asfalt   zolağın hər iki tərəfində  boy verən ağaclar,  sıra ilə əkilmiş güllər ev sahibəsinin səliqə-sahmanından xəbər verirdi.  Gəlib keçənlər “balaca cənnət”- deyərdilər bu həyətə.

Gülsənəmin həyat yoldaşı  Arif  bir gecənin içində qəfil ürək tutmasından dünyasını dəyişmişdi. O,  Arifdən miras qalmış bağı qoruyub saxlamış, ərinin ruhuna hörmət olaraq  ona düşən elçilərdən imtina etmişdi. Bircə övladı Rüstəmi boğazından kəsib böyütmüş, ali təhsil  vermişdi. Qəfil düşən qarışıqlıq, Qarabağ müharibəsi  ananın oğul evləndirib, nəvə görmək  arzusunu gözündə qoydu.

Bir çox ailələr kimi,  Gülsənəm də 1990-1991 -ci illərin ağır günlərini yaşamaqda idi. Oğlunun cəbhəyə getmək istədiyini eşidəndə daş atıb, başını tutsa da, Rüstəmi hec cür fikrindən döndərə bilmədi.  İlk aylar ondan telefon zəngləri ilə xəbər tuturdu. Sonralar bu zənglər də kəsildi.  Rüstəm elə bil bir parça çörəyə dönüb göyə çəkilmişdi. Aylar illərə calanmış, Rüstəmin ölüsündən, ya dirisindən soraq verən, “gördüm”  deyən olmamışdı. O  idarə, o təşkilat qalmamışdı ki,  Gülsənəm qapısını döyməsin, dərdini deməsin. Ərki çatan, ünü yetən, gümanı gələn hər yerə getmişdi. Ananın haləti artıq boğulan adamın saman çöpündən yapışmasına bənzəyirdi. Falçı, öncəgörən…daha kimlərdən oğlunu soraq almamışdı. Hamı deyirdi: – “Rahat ol, ana, get evinə dincəl. Xəbər olan kimi sizə bildirəcəyik. Xəbər isə yox idi. Ananın qəddi əyilmiş, ağlamaqdan gözləri tutulmuşdu.

O bir zamanlar əri ilə qurduğu bağ-bağçada tək-tənha qalmışdı. Kənardan xarabalığa bənzəyən həyət insana qəm-qüssə gətirirdi. İstər külək, yağış, qar olsun, fərq etməzdi Gülsənəm xala günün çoxunu həyətdəki skamyada oturub, gözlərini yola dikər, həsrətlə gələndən-gedəndən xəbər umardı. Qonşular  nə illah etsələr də, onu həyətdən evə sala bilməzdilər. Dərd-ələmdən qadının  beli bükülmüş, yumağa dönmüşdü. Bu dörd ildə ananın gözlərinin nuru getmiş, yatağa düşmüşdü…

Gözləmədiyi  bir gündə çırağı yandı, ocağına gün doğdu. Qapısını döydülər, müjdə istədilər.

-“Ana, gözün aydın olsun, oğlun tapılıb. Sən demə, uzun illər ermənilərin əsarətində, işgəncəsində zülm çəkib.”

Eşitdiyi sözlərə inanmasa da, ananın gözlərində sevinc işartısı göründü. Yatağından qalxıb xəbər verəni müjdələdi, yır-yığış etdi, ocağına bayram ovqatı qatdı. Bir neçə gün də gəlib beləcə keçdi. Qapının ağzı adamla dolu idi. Məktəblilər, böyüklər,  hər kəs sevinir, ananın sevincinə şərik olurdu. Nəhayət ana və oğulun görüş məqamı gəlib çatdı.

Anaya sarı iki nəfər  gəlirdi. Onlardan birinin əlində əsa vardı, beli bükülmüş, qaməti əyilmişdi. Deyəsən gözləri görmürdü. Çünki qorxa-qorxa yeriyirdi, yanındakı sağlam cüssəli, ağ köynəkli adam qolundan yapışmışdı.

Ana gördüyü mənzərədən sarsılmışdı. Bilmirdi  ona tərəf əzabla yeriyən oğlunun halına  ağlasın, ya sevinsin..

 

 

 

Share: