O, general adına layiqdir… – Südabə Sərvi yazır

Prokuror Məmməd Əliyevin 60 yaşına

Onu tanıdıqca düşündüm ki, nə yaxşı cəmiyyətdə bu cür saf düşüncə, gözəl zəka, intellekt sahibləri olan dəyərli İnsanlar var. 

Mən insan sözünü böyük hərflə yazdım. Çünki yazımın qəhrəmanını yaxından tanıyıram. Və onun necə geniş ürəkli bir insan olduğunu da çox gözəl bilirəm. 

Söhbət Ədliyyə polkovniki,  Baş Ədliyyə Müşaviri prokuror Məmməd Əliyevdən gedir.

Əslində mən o ailəni illərdi tanıyıram. Bir zamanlar Səkkizinci mikrarayonda qonşuluqda yaşamışıq. Məmməd müəllimin oğlu Heydər mənim övladımla dost olublar və bu dostluq bu günə qədər davam edir.

Sonradan Məmməd müəllimgil  köçdülər. Az sonra mən də dörd övladımla cənab Prezidentin bağışladığı  mənzilə köçdük. Söz vaxtına çəkər, keçən il elə bu vaxt, təsadüfən jurnalist Xoşbəxt xanım dedi ki, bir prokuror var, bizi öz doğum gününə dəvət edib. Düzü, bir az təəccüblü gəldi mənə. Çünki adətən bəzi vəzifə adamları vəzifəyə keçəndə unudurlar insanları.

Biz içəri girəndə həyətdə böyük masalar düzülmüş, süfrələr açılmışdı və süfrələrdə Allahın cürbəcür gözəl təamları, nemətləri düzülmüşdü. Dəvət olunanlar arasında tanınmış şairlər, yazıçılar, aktyorlar vardı. Onlarla yanaşı bölgələrdən gəlmiş  sadə kənd adamları da diqqətimi çəkdi. Bu çox xoşuma gəldi. Demək ki, bu adam çox geniş ürəkli sadə insandır. 

Bəli. Məhz düşündüyüm kimiydi. Məmməd müəllim bir-bir masaların yanına gəlib hamını salamladı, əl tutub görüşdü. Ömür-gün yoldaşı Fəridə xanım gələndə mən artıq o ailəni tanıdım. “Vaxtilə  qonşumuz olublar”-dedim Xoşbəxt xanıma. Etiraf edək ki, bina evlərində yaşayanlar qonşu da olsalar,  təəssüf ki, çox vaxt bir -birlərini tanımırlar. Nə yaxşı ki, uşaqlar qonşuluğu bizlərə xatırlatdılar. Biləndə ki, Məmməd müəllim oğlumla dost olan Heydər Əliyevin atasıdır, mən həqiqətən təəccüb elədim. 

Bu təsadüfdürmü? 

Xeyr. Həyatda təsadüfi heç nə yoxdur. Hər şey uca Allahın buyruğu ilə nizamlanan zərurətdən doğur. Bu da bir qismətdir ki, bu gün Məmməd müəllimin doğum günüdür və mən bir yazar olaraq ürəyimdən gələn ən gözəl sözləri qardaşım Məmməd bəy üçün yazıram. Hər insan haqqında yazmaq olmur axı. Bəzən əlində qələm günlərlə söz tapa bilmirsən. Amma indi elə bu gün məhz ayın -29-da başladım yazmağa və barmaqlarım kompüterin klaviyaturası üzərində sürətlə gəzməkdədir. Deməli, bu insan əməli saleh insandır! Xeyirxahdır! Ləyaqətli Vətən övladıdır! Gözəl atadır! Gözəl həyat yoldaşıdır! Xeyirxahdır! Qapısına, yaxud yanına gələni heç vaxt geri boş qaytarmayıb. Nə qədər ona müraciət edən olubsa hamısının işini həll edib. Rüşvət almayan məmurdur. Məclislərin birində fəxrlə demişdi bu sözləri. 

Deməli, bu insan Allah adamıdır! İnanın, bu yazdıqlarımı sanki Allah yazdırır mənə. Sözlər beynimdən mirvari dənələri kimi süzülüb sıra ilə düzülürlər. 

İnsanda bütün müsbət keyfiyyətlər nadir hallarda cəm olur. Və bütün gözəl keyfiyyətlərə malik olduğunu bildiyim üçün deyirəm ki, Məmməd müəllim həm də Şəxsiyyətdir! 

Şəxsiyyət olaraq da şəxsiyyətinə sadiq qalan hünər sahibidir!

O Prokurordur, amma çox sadədir!

Məmməd müəllim bu uğur nərdivanını elə-belə, əlləri cibində çıxmayıb. Dişiylə, dırnağıyla dırmanıb. Bu yüksəkliyə çatanacan nə qədər çətin yollardan keçib, özü bilir, bir də Allah. “Ailədə doqquz uşaq olmuşuq. Bəzən ayaqqabı tapmamışam geyinib məktəbə gedim…” demişdi Məmməd müəllim doğum günündə. Və bu bir cümlə yaddaşımda ilişib qalmışdı. Çətinliklər içərisində böyüyən, ehtiyacın hər üzünü görən, sonradan uca Allahın mükafatına layiq görülən bu kişi heç vaxt öz yolunu azmadı. Həmişə düz yolla, düz cığırla getdi. Bəzən düz yolda ona qarşı naxələflik edənlər də oldu. Ancaq əsil insan odur ki, bu dolambac yollarda düz getməyi bacarsın!

Və Allah bunu Məmməd Əliyevə nəsib etdi.   

Məmur olasan, özün də bu qədər sadə. Zəhmətkeş ailədə doğulmağındanmı irəli gəlir? Xeyir. Mən illərin yazarı,jurnalisti olaraq  həyatda tərs mütənasibliyin çox şahidi olmuşam. Bəzən oddan kül törəyir. Deməli, genetika faktoru əsas olduğu kimi, həm də ailə qurduğun xanımın da nəcib qan daşıması  vacibdir. Peyğəmbərimiz (s.a.v.)buyururdu ki, qanı təmiz olan qızla evlənin, çünki qan çox vacibdir. Məmməd müəllim də məhz Fəridə xanım kimi əsil-nəcabətli bir gözəllə ailə qurdu, sevərək evləndilər və bu sevginin 3 gözəl meyvəsi oldu. O uşaqlar ki, bayaq qeyd etdiyim kimi gözümüzün önündə böyüyüblər. O uşaqlar indi o qədər tərbiyəli, böyük-kiçik yeri bilən, ləyaqətli gənclərdi ki…Çünki atası Məmməd müəllim, anası isə gözəl simalı Fəridə xanımdır. Uşaqları da özləri kimi sadə və səmimdirlər. Sadəlik sanki bu ailənin alın yazısıdır.

Burada məşhur alman filosofu Kantın kəlamı düşür yada:”Ləyaqət yüksək tərbiyənin məhsuludur” 

Qeyd edim ki, Ulu Öndər yenidən hakimiyyətə gələndə Məmməd müəllim yeni doğulmuş oğluna onun adını verdi. İndi həmin oğlan Heydər Əliyev Moskvada ən ləyaqətli, sayılıb –seçilən gənc kadrlardan biridir. Böyük oğlu Cavanşir, kiçik oğlu  Ağalar da bu gün cəmiyyətdə yaxşı mövqe qazanmış gənclərdi.  

Məmməd müəllimin bu gün 60 yaşı tamam olur. Bu elə bir yaşdır ki, özü demiş, həyatında yeni bir era başlayır. Heç şübhəsiz ki, gözəl qəlbli insan, gözəl ailə başçısı və işini, sənətini, xalqını, dövlətini, Prezidentini sevən Məmməd müəllim daha böyük adlara, titullara layiqdir. Və mən bu yazını Həqiqətin işığına bürünərək tam təmənnasız, ürəklə, ruhla yazdım. Düşünürəm ki, kiçik də olsa Məmməd müəllimin doğum gününə bir töhfədir.

Əziz Məmməd müəllim, siz həm də General adına layiq Vətən övladısınız. 

Düşünürəm ki, çox hörmətli cənab Prezident  tezliklə sizi layiq olduğunuz yüksək ada təqdim edəcəkdir! 

Sizə cansağlığı və uğurlar arzulayıram!

Südabə Sərvi.
Yazıçı-jurnalist. Prezident mükafatçısı

Share: