Nökər dost olmaz xanla – Ədalət NİCAT

Mətləb gör hardan gedir

Torpaqlar əldən gedib
Gedən diyardan gedir,
Nazirdə elə bilir,
Söhbət xiyardan gedir.

Məmur üzündə pərdə,
Hərə düşüb bir dərdə,
Eyş-işrət olan yerdə
Maraq əğyardan gedir.

Ayaq tutubdu yalan,
Başdan oluruq talan,
Düşməndə girov qalan
Söz namus, ardan gedir.

Giley süzür yarpaqdan,
Şir düzəltdik qorxaqdan,
Üzdə söhbət torpaqdan,
Daldada vardan gedir.

Doyubdu torpaq qanla,
Nökər dost olmaz xanla,
Qulaq ver yaxşı anla,
Mətləb gör hardan gedir.

Ay millət

(Qubadlının işğal olunan gününə yazılan şeir)
Vətəndə vətənsiz olub,
Yaşamaq ardı, ay millət!
Nə zamandı yurd yolları,
Borandı, qardı, ay millət!

Kölgə düşüb o çağlara
Qartalı dönüb ağlara,
Ahım ha çatsın dağlara,
Zirvədə sardı, ay millət!

Ömür daş atır yaşıma,
Qırış toplanır qaşıma,
Yurdsuz, yuvasız başıma
Gen dünya dardı,ay millət!

Mənasız günlər aşımaq,
Ürəkdə dərd-qəm daşımaq,
Köçkün həyatı yaşamaq,
İnanın zordu, ay millət!

Ürəyimdən qopan nalə,
Bəlkə daş qəlbləri dələ,
Nəyi gözləyirsiz hələ,
Yaş məni yordu, ay millət!

Mərdin şəhid oldu

Gəldimi hayına səslədiklərin,
Qapanıb özünə sinən, Qubadlı.
Yetdimi dadına bəslədiklərin-
Dərdləri dil açıb dinən Qubadlı.

“Vətən,yurd”deyənlər dönmədi daşa,
Orda da,burda da çəkildi başa.
Mərdin şəhid oldu qorxaqla qoşa,
Dağlardan arana enən Qubadlı.

Dövran boz bulanıb,deyil durulan,
Ümiddir yollarda azıb yorulan.
Yüz illər boyunca tikib qurulan ,
Bir gündə söküldü binən,Qubadlı.

Belə bir məsəl var əzəldən eldə :
Xala xətri üçün deyilər dildə.
İşğal olan günü-bir kərə ildə,
Ancaq yaddaşlara dönən Qubadlı.

Nə gün çata bildi, nə də ay ilə,
Ömrü boşa verdik, eh… bilə-bilə.
Dağlanıb əbədi belədən-belə
Ədalət Nicattək sinən, Qubadlı.

Share: