Nehrəmdən Bakıya uzanan ömür yolu…

Onun haqqında söhbətimə hazırda BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, bir zamanlar onun qrup rəhbəri olan, professor Cahangir Məmmədlinin sözləri ilə başlamaq istəyirəm. Professor söyləyir;- “O vaxt rəhbəri olduğum 3796-cı qrupun tələbələrini nəinki unutmamışam, hətta həmin tələbələrlə bu gün də sədaqətli dostluq əlaqələrim var. Sən demə, onların qəribə taleləri varmış.

Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgisilə yaratmışdı: Alı Mustafayev, İradə Tuncay, İlqar Həsənov, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev və İradə İmranqızı- ömrünü jurnalistikaya bağlamış əsl qələm sahibləridir. Tale elə gətirib ki, barəsində məlumat topladığınız adamın ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub. İndi də hər gün eyni iş yerində – Jurnalistika fakültəsində görüşürük. O, bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri, hələ tələbəykən onun SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri isə Jurnalistika fakültəsində oxuduğu beş il ərzində əlli üç imtahan verməsi və əlli bir “əla”, iki “yaxşı” qiymət almasıdır. O, universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub. Bir müddət də Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinə rəhbərlik edib.”
Elədir, düz tapdınız, söhbət BDU-nun professoru, filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədlidən gedir. O, 1956-cı ildə, ilin ən uzun gündüzü olan gündən beş gün sonra Babək rayonunun Nehrəm kəndində, rəhmətlik Məhərrəm kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi ata-baba yurdunda başa vurandan sonra Bakıya üz tutub. BDU-nun Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində qəzet, radio və televiziyada bir sıra vəzifələrdə çalışıb. 2004-cü ildə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. 2015-ci ildə isə “Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri” mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda BDU-nun Jurnalistika fakültəsində çalışır. 2017-ci ilin may ayından fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. Bir dərs vəsaitinin və bir neçə kitabın müəllifidir. 2016-cı ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb…
Deyir ki;- “Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, həmin sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var.”
Allahverdi müəllim doğru deyir, bu gün bizim televiziyalarda aparıcılar akademik dildə deyil, xalqa daha yaxın tərzdə danışmağa üstünlük verirlər. Sanki küçədə söhbət edirlərmiş kimi dilin qayda-qanunlarına riayət etmirlər. Bəlkə də təbii haldır. Öz aramızdır, bu kimi problemlər bütün dünya televiziyalarında da var, rəsmi dil tədricən arxa plana keçir və mürəkkəblikdən sadəliyə doğru dəyişir. Mən buna ABŞ televiziyalarında da şahidi olmuşam. Axı dünya dəyişir və dəyişdikcə bütün qaydaları da dəyişdirir…
“Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü də yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxu kitab müəllifidir. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq. Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.”- söyləyir.
Nə isə, çox dərinə gedib vaxtınızı almaq istəmirəm. Söhbətimin sonunda yenə də professor Cahangir Məmmədliyə istinad etmək istəyirəm. O, deyir:- “Allahverdi Məmmədli, həqiqətən də, harda olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşıbdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: “Sən yeddinci sinifdə oxuyanda mən sizə “Fermada” adlı inşa yazdırdım. Sənin yazın bütün uşaqların yazılarından seçilirdi. Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir- dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist, hələ üstəlik alim də oldun…”
İyunun 26-sı Allahverdi müəllimin növbəti ad günüdür. Nə az, nə çox- 67 yaşı tamam olur. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Çox yaşayın, professor!
Elman Eldaroğlu
Share: