Mətbuatın 151 illiyi münasibətilə müxtəlif dövlət qurumları tərəfindən bir qrup media nümayəndəsi təltif olundu. Təltif olunan bütün həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Əməyin qiymətləndirilməsi hər zaman təqdirəlayiqdir.
Amma illərdir cavabsız qalan bir sual yenə gündəmə gəlir. Bu siyahılar kim tərəfindən və hansı meyarlar əsasında hazırlanır?
Bu sualın verilməsi heç də kiminsə təltifinə kölgə salmaq və ya hansısa həmkarın əməyini kiçiltmək məqsədi daşımır. Əksinə, dövlət təltifinin nüfuzunu qorumaq üçün bu suala aydın cavab verilməlidir. Çünki dövlətin verdiyi mükafat təkcə bir şəxsə yox, bütövlükdə peşəyə verilən qiymətdir.
Azərbaycan mediasında onilliklərdir vicdanla çalışan, müharibələri işıqlandıran, təhlükəli ezamiyyətlərə gedən, cəmiyyətin problemlərini gündəmə gətirən, minlərlə yazının müəllifi olan jurnalistlər var. Elələri var ki, ömrünün otuz-qırx ilini bu peşəyə həsr edib. Nə dövlət təltifi görüblər, nə də heç olmasa adları yada düşüb.
Bunun əksinə olaraq, bəzən elə adlara rast gəlinir ki, istər-istəməz sual yaranır. Bu şəxsin jurnalistikaya hansı xidmətləri olub? Hansı sanballı yazısı, hansı araşdırması, hansı ictimai rezonans doğuran fəaliyyəti ilə yadda qalıb? Peşəkar fəaliyyətinə görəmi seçilib, yoxsa başqa meyarlar var?
![]()
Bu sualları vermək nə paxıllıqdır, nə də qısqanclıq. Bu, cəmiyyət qarşısında hesabatlılığın tələb olunmasıdır. Axı jurnalist hər gün dövlət qurumlarından şəffaflıq tələb edir. O zaman jurnalistin özünün qiymətləndirilməsi prosesi niyə şəffaf olmasın?
Medianın İnkişafı Agentliyi və bu prosesdə iştirak edən digər qurumlar hansı prinsiplərlə siyahılar hazırlayırlar? Namizədləri kim təqdim edir? Kim onların fəaliyyətini qiymətləndirir? Hansı göstəricilər əsas götürülür? Bu sualların cavabı niyə ictimaiyyət üçün açıq deyil?
Əgər seçim peşəkarlıq, obyektivlik, cəmiyyətə xidmət, peşə etikası və uzunillik fəaliyyət əsasında aparılırsa, bunu açıqlamaqdan çəkinməyə nə ehtiyac var? Meyarlar açıqlansa, heç kimdə şübhə də qalmaz, narazılıq da yaranmaz. Əksinə, dövlət təltifinin nüfuzu daha da yüksələr.
Ancaq meyarlar gizli saxlanıldıqca, müxtəlif ehtimallar yaranır. İnsanlar düşünür ki, bəlkə peşəkarlıq deyil, başqa amillər ön plana çıxır. Bu isə həm təltifin nüfuzuna, həm də bütövlükdə media mühitinə zərbə vurur.
Ən çox narahatlıq doğuran isə odur ki, gənc jurnalistlər belə mənzərəni görəndə peşəkarlığın deyil, başqa meyarların qiymətləndirildiyi qənaətinə gələ bilərlər. Bu isə jurnalistikanın gələcəyi üçün yaxşı mesaj deyil.

151 illik Azərbaycan mətbuatının tarixi vicdanlı, prinsipial, qələmini heç vaxt satmayan insanların əməyi ilə yazılıb. Bu peşənin nüfuzu məhz onların hesabına qorunub. Dövlət təltifləri də həmin dəyərləri yaşatmalı, peşəkarlığı, zəhməti və cəmiyyət qarşısında xidməti önə çəkməlidir.
Şəffaflığın olmadığı yerdə suallar yaranır. Suallar cavabsız qaldıqca isə etimad azalır. Halbuki jurnalistikanın ən böyük kapitalı etimaddır. Elə buna görə də cəmiyyətin gözləntisi çox sadədir: dövlət təltifləri hamı üçün aydın, şəffaf və obyektiv meyarlar əsasında təqdim olunsun ki, müzakirə olunan adlar deyil, onların xidmətləri olsun.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “
Beynəlxalq Rəsul Rza mükafatı” laureatı




















