Sentyabrın 5-dən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər.
“Qafqazinfo” əməkdaşları Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbində müsabiqənin müsahibə mərhələsini lentə alıb, komissiya üzvləri və namizədlərin fikirlərini öyrənib.
Komissiyanın sədri, Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyeva bildirib ki, əsas məqsəd və vəzifə ondan ibarətdir ki, gələcək milli kadrlarımız daha peşəkar səviyyədə və yüksək dünya görüşünə malik olsunlar, beynəlxalq musiqi standartları səviyyəsində olan mütəxəssis kimi yetişsinlər.
Komissiya üzvü, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Məhin Orucova son illər müəllimlərin işə qəbulunun bu formada təşkil olunması üçün mədəniyyət nazirinə təşəkkürünü bildirib: “Biz bir rəhbər olaraq kadrlarla işləyirik. Təbii ki, məktəbin yaxşı kadrlarla təmin olunması tədrisin inkişafına böyük təsirini göstərir”.
Müəllimliyə namizəd Adil Rəhimov müsabiqə haqda sosial şəbəkədən xəbər tutduğunu deyib: “Birinci mərhələdə test imtahanından keçdim. Bu gün də ikinci mərhələdə iştirak etməyə gəlmişəm. Hər şey şəffaf keçir”.
Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.
Hüseyn Məmmədsalahov
Foto, video: Xəyal Vəlizadə