Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayacaq — Yenilənib

Milli Məclis İran parlamentinin İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.

Spiker qeyd edib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib:

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur”.

***

Spiker Sahibə Qafarova tərəfindən İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.

Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli, komissiyanın üzvləri deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov müəyyən olunub.

Zaur Mirzə


Share: