MHP İdarə Heyətinin iclası keçirilib

Milli Həmrəylik Partiyasının (MHP) İdarə Heyətinin növbəti iclası keçirilib.
MHP mətbuat xidmətindən Müstəqil.Az-a verilən məlumata görə, iclasda MHP İdarə Heyətinin üzvləri, partiya funksionerləri iştirak edib.
İclasda ölkəmizin ictimai-siyasi həyatında cərəyan edən proseslər və partiya daxili təşkilati, cari məsələlər müzakirə edilib. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov ölkəmizin ictimai-siyasi həyatında və regionda baş verən son proseslərlə bağlı geniş məruzə ilə çıxış edib. O çıxışında Prezident İlham Əliyevin iyunun 26-da, Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında hərbçilərlə görüşündə etdiyi çıxışında işğaldan azad edilən torpaqlara mülki vətəndaşlarımızın qayıdışı ilə, Zəngəzur dəhlizi ilə, sərhədlərin delimitasiyası ilə, Ermənistanın sülh müqaviləsinə hazırlaşmalı olması ilə və revanşistlərlə bağlı çox önəmli açıqlamalar verdiyini qeyd edib.
Ə.Hüseynov Ermənistan tərəfinin Azərbaycanın sülhə çağırışlarına cavab vermək əvəzinə sülhdən imtina etməsinə də münasibət bildirib və vurğulayıb ki, Ermənistan yenidən ərazilərimizi atəşə tutmağa başlayıb, eləcə də rus qoşunlarını Azərbaycanla sərhədə cəlb etməklə Azərbaycanla Rusiyanı təxribata çəkməyə, toqquşdurmağa çalışır.
Partiya sədri Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyması barədə də fikirlərini bildirib və qeyd edib ki, bu nəinki son günlərin, ümumiyyətlə son dövrlərin ən mühüm iqtisadi hadisələrindən biridir. Belə bir azad iqtisadi zonanın yaradılması Azərbaycanda iqtisadi sıçrayışa səbəb olacaq və tezliklə ölkəmizə böyük investisiya axını baş verəcək.
İclasda çıxış edən MHP İdarə Heyətinin üzvlərindən Telman Mirzəyev, Oqtay Əliyev, Zaman Zamanov, Zəhra Aslanova, Esmira Şükürova, Kərəm Məmmədov, Əzizağa Babayev, partiyanın NTK-nın sədri Sevinc Əliyeva və digər natiqlər ölkə gündəmindəki aktual məsələlərə (peyvəndlənmə, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı, Türkiyə-Azərbaycan hərbçilərinin birgə təlimləri, Qarabağdakı son durum və s) münasibət bildirib, fikirlərini bölüşüblər.
Sonra partiya daxili təşkilatlanma və bir sıra cari məsələlər də geniş müzakirə olunub, qərarlar qəbul edilib.
Sonda isə MHP-nin sədri Əlisahib Hüseynov İdarə Heyətinin üzvü, qocaman jurnalist və publisist Oqtay Ərgünəş Əliyevi 75 illik yubileyi münasibətilə bütün partiya üzvləri adından təbrik edib. Oqtay müəllim həmçinin uzun illər mətbuat və ədəbiyyat sahəsində göstərdiyi xidmətlərinə görə Fəxri Diplomla təltif olunub.
Share: