17 iyun “Tibb işçilərinin peşə bayramı” bu peşə sahiblərinə hörmət və ehtiram əlaməti olaraq qeyd edilir.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun təşəbbüsü ilə “Tibb İşçilərinin Peşə Günü” günü mübasibətilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifə borclarını yerinə yetirərkən böyük şücaətlər göstərərək canından keçən Azərbaycan səhiyyəsinin fədakar həkimlərinin və tibb işçilərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib və onlar haqqında portret film ictimaiyyətə təqdim edilib.

Müstəqil.az Turkustan.az – istinadla xəbər verir ki, tədbir Mingəçevir Dövlət Universitetinin Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə həsr olunan silsilə portret filmləri layihəsi əsasında baş tutub. Universitetin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq şöbəsinin koordinatoru Xəyalə Əfəndiyeva bildirib ki, Vətən müharibəsində böyük fədakarlıqlar göstərən bütün qəhrəmanlarımızın – həkimlərimizin, müəllimlərimizin, jurnalistlərimizin hər birinin əziz xatirəsinə ehtiram əlaməti olaraq bu layihəmizlə AMEA Mərkəzi Elmi Kitabxanasının nəzdində yerləşən Qarabağ Fondunda şəhidlərin ailə üzvlərinin və ölkə ziyalılarının iştirakı ilə mütəmadi olaraq Vətən fədailərinin xatirəsinə anım tədbirləri həsr edəcəyik.
Tədbirdə çıxış edənlər rektorun bu təşəbbüsünü təqdirəlayiq qarşılayıb, bu kimi anım tədbirlərinin əhəmiyyətindən söz açıblar.
Layihənin məqsədi gənclərdə milli təfəkkürün formalaşdırılması, yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi mərdlik və fədakarlıqla canlarından keçən həkimlərimizin örnək həyatını işıqlandırmaq, onların işıqlı xatirəsini kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.
Qeyd edək ki, Vətən müharibəsində 10-u həkim olmaqla 44 nəfər tibb işçisi şəhid olub, onlardan biri 44 günlük Vətən müharibəsinin xanım şəhidi tibb bacısı Arəstə xanım Baxışovadır.
Filmin ithaf olunduğu qəhrəmanlar Rasim Abdullayev, Anar Məmmədov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, Eldar Abdullayev, Azər Şamilov, Nurlan Fərəməzov, Şöhrət Qasımov kimi qəhrəman həkimlərimizdir.
Tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərib. O, Xocalı rayonunun Çanaqçı kəndində pusquya düşürülərək şəhid edilib. Rasim Abdullayev Azərbaycanın hərb tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.
Tibb xidməti leytenantı olan Azər Şəmilov Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olub.
Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. 2020-ci il oktyabr ayının 7-də düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşüb, aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəyli şəhid olub.
Tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tibb Universitetini yenicə bitirən Adil 25 yaşında şəhadətə ucalıb.
Mirlətif Ağayev Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanıb. 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.
Anar Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin iştirakçı həkimlərindən biridir. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub.
Tibb xidməti baş leytenantı Nurlan Fərəməzov Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. O, Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərib. Bir çox yaralı igid oğullara ikinci həyat verib. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alıb, elə döyüş meydanında əbədiyyətə qovuşub.
Şöhrət Qasımov tibb xidməti baş leytenantı olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olub.
Tariyel Salmanov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel könüllü olaraq ordu sıralarına yazılıb. İki ay sonra – sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılıb və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulub. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək edərkən düşmənin atdığı minamyot mərmisi nəticəsində şəhid olub.






















