Mahmud dayının kinoları və atamın Azadlıq radiosu

Uşaq yaddaşıma həkk olunan bu hekayəti on-on beş il əvvəlki kimi yaza bilməzdim. Yaş ötdükcə özünü daha ağıllı, daha peşəkar göstərmək cəhdindəndir yəqin. Cavanlıqda bu xüsusiyyətlərə ehtiyac olmur deyə ən təbii yazıları o vaxtlar yazmış oluruq. 

Kəndimizin böyük dünya barədəki təsəvvürləri ayda iki-üç dəfə kəndə kino gətirən “Kino Mahmudun”un sayəsində gerçəkləşirdi. O kəndin adamları o qədər saf idilər ki, imkan olmayanda alçaq çəpərdən görünən kinoya Mahmud dayıdan icazə almamış baxmazdılar. Mahmud dayı da onlardan geri qalmayıb lentləri daşımağa kömək edən uşaqlara pulsuz adam keçirtmək haqqı vermişdi. Əslində cəmi üç otaqlı məktəbin laxlayan qapısından “qanuni” keçənlərin ödənişinə Mahmud dayı o qədər fikir vermirdi. Sadəcə, adam öz işini və onu səbirsizliklə gözləyən uşaqları çox sevirdi. Evimiz məktəbin qabağında olduğundan mən hər şeyi hündür eyvanımızdan görə bilirdim.
Atam kinoya getməzdi. Öz VEF radiosu ilə hər axşam “Azadlıq”a qulaq asırdı. Qanan adamlar kimi onun dizinin dibində oturub verilişi mən də dinləyərdim. Və hətta əfsanəvi Mirzə Xəzərə atamla öz adımdan gizlincə məktublar yazardım. Təbii ki, həmin məktublar ağır əl radiosunun mənə bağışlanan qutusundan kənara çıxmazdı. Atam evdə olmayanda yerini xəyalımda “cızdığım” dalğada möhtəşəm səsli “Azadlıq”ı tutub yaddaşıma “yığardım”. Elə ki, atam gəldi, eşitdiklərimi ona danışardım. Nəvaziş göstərməyi xoşlamayan atam o gözəl anlarda bir-iki dəfə saçımı sığallayardı.
Kino gələndə atama “Azadlıq” yoldaşı olmayıb evdən getməyi özümə yaraşdırmırdım. Kinodan da keçə bilmədiyimə görə yalnız bir çarə qalırdı. Atamı kinoya aparmaq! O da kim, atam… Məndən iki dəfə böyük qardaşımın söz deyə bilmədiyi ağır-səngin adam xırda bir qızın sözüylə durub kinoya gedərdimi?
Bir gün kinoya getməyib “Azadlıq”ı dinləyən atama yaxınlşadım. Bütün diqqəti xırıltılı dalğalarda olan atam birdən məni görüb kinoya niyə getmədiyimi soruşdu. Karıxıb: “Dişim ağrıyır”, – dedim. Əslində başqa qızlar kimi onu evdə qoyub gedə bilmədiyimi, kinodansa heç anlamadığım xəbərlərin vacib olduğunu deməliydim. Belə deməklə atamın mənim varlığımı duymasını istəmişdim. Amma özümü atama ifadə etməyə gücüm çatmadı. Dinməzsə ayaqlarını ovxalamağa başladım. Bir qış axşamı inəyimizi meşədən axtarmağa gedəndə atamın ayaqları səhərə qədər qarın içində qalmışdı. Ondan sonra dizdən aşağısı həmişə soyuq olardı.
Növbəti dəfə Rac Kapurun kinosu gələndə atam məni məktəbin qapısına aparıb Mahmud dayıya ikimizin pulunu verdi. Lap qabaqda sevincək iki adamlıq yer tutub kino başlayana qədər uşaqlarla oynamağa getdim. Qayıdanda  “yerimizi” başqa adamlar tutmuşdular. Qapıya yaxınlaşıb atamın harda oturduğunu soruşanda Mahmud dayı onun içəri keçmədiyini söylədi. Atam fikri-xəyalı məktəbin həyətində qalan balaca qızcığazın onunla evdə qalmaq “fədakarlığına” qıya bilməmişdi. Uşağın özünə aid maraqlı yerdə olması üçün öz prinsiplərini pozmuşdu. İllər sonrası öz təcrübəmdən anladım ki, ortada prinsip-zad yox imiş, sadəcə qan işləməyən ayaqla üç-dörd saat stulda otura bilməzdi. Hətta qonaq gələndə stola keçməyib yerdən oturması da xasiyyyətdən deyil, şişib göyərmiş ayaqlarının ucbatından imiş. Əlbəttə, heç vəchlə körpə buzovlu inəyi orda qoymazdı. Amma çehillikdən onu həm də bizə görə çıxararkən atam özünü çox şeydən məhrum etmişdi. Bizə isə qısa ömründə hər şey verib, daim ağrılarından uzaq tutdu.
O axşam məktəb həyətinin qaranlıq küncündəki ağaca qısılaraq xəlvətcə ağladım. Hamının fikri divardakı “ekranda” olduğundan onsuz da kimsə mənə fikir vermirdi. İndiyə qədər bilmirəm o gecə məni ağladan əsas səbəb nə idi. Atamın məni çox sevdiyini kəşf etməyimmi? Saxta cəmiyyətin qurbanına çevrilmiş “avara” Racın faciəsimı? İndi atamın ölüm yaşına çathaçatda başa düşürəm ki, səbəb nə olur-olsun, mən əsil ağlamağı elə o gecə öyrəndim.
*
Kəndimizdə artıq kompüterləşmiş müasir məktəb var. Bizdən sonra daha o kəndə kino gəlmədi. Az vaxtda çox ziddiyyətlər yaşayan mənim saf kəndimi tragikomediyaya çevirdilər. Əlindən kitab düşməyən bizim romantik nəsil o kəndin son uşaqları oldu. Bizdən sonrakı ədəbiyyatsız nəsillər uşaq ola bilməyib birbaşa böyüdülər.
Kinosu bitmiş, kitabı qapanmış, radiosu susdurulmuş kəndimiz çoxdan virtual aləmə inteqrasiya edib. Bircə düymə ilə dünya hər kəsin əlindədir. O hay-küylü dünyada unudulmuş keçmişdən savayı hər şey var.
Olsun. Amma keçmiş sadəcə bir ovuc kövrək və uğursuz adamın təsəllisi deyil…
Share: