“Mənim ətrafa baxıb üzülən,qəmli və zəif gözlərim,bir də hamıda olmayan,sadəcə,mənim uşaqlığıma son qoyan “yağışım” var…”-Zeynəb Dərbəndli…

Müstəqil.Az doğma Dərbəndimizdə yaşayıb yaradan Zeynəb Dərbəndlinin yeni şeirlərini təqdim edir:
UŞAQLIĞIMA SON QOYAN YAĞIŞ
                          (ESSE)
Zeynəb Dərbəndli
 
Mən  bütün uşaqlar kimi, məktəbli olub, dərsə gedə bilmədim.
Bütün yaşıdlarımla bərabər məni də məktəbə yazdılar. Sevincimin həddi hüdudı yox idi, axı məktəbə gedəcəkdim. İkicə aya məktəbə getmədim, çünki, o yağışlı gün, mənim sevincimə son qoydu.
Kəndimiz enişli, yoxuşlu bir kənddir. Məktəb də  kəndin lap yuxarı hissəsində idi. Rəfiqələrimlə  məktəbə gedərkən, birdən ayağım sürüşüb üzü üstə yıxıldım.
 Atam dostları ilə yolun kənarında dayanmışdı, mənim ağlayan səsimə qaçaraq gəldi. Məni üzü üstə görüb, qaldırdı bağrına basdı, çünki mən onun, həyat yarası alan sonbeşiyi idim.
Dostlarının ona:- “Bu uşağı niyə məktəbə qoyursan? Bu alim olmayacaq, yazıqdır.”-dediyi sözlər, bilirəm ki atamı sarsıtdı.
Və o məni götürüb evə gəldi, anama,-” Bir daha Zeynəbi məktəbə göndərmə, mən ölməmişəm ki, o kiməsə möhtac ola. Oxuyub alim olmayacaq, oxusa da, oxumasa da onu özüm saxlayacam.”- deyib kövrəldi.
O gündən mən məktəbə getmədim, amma kitablarımı, dəftər- qələmimi atmadım, yazıb oxumağa, özüm öyrənməyə davam etdim.
Başlanğıc sinifin ikinci ayını tərk edən Zeynəb, özü yazıb oxumalı oldu.
Az keçmədi, atam dünyasını dəyişdi, mən isə anamla qaldım. Vaxt ötdü, zaman keçdi. Həyatdan aldığım zərbələri, ağ kağıza ilmələməyə başladım.
İndi artıq 5 kitab müəllifiyəm, 7, 8 kitablıq da şeirlərim, hekayələrim var.
Amma geriyə baxanda, yarıda qalanlarım çoxdur, ona görə ki, məktəb oxumayan bir adamın yazılarında nöqtə, vergül hərf səhvləri çox olur.
Oxusaydım bütün bunlar olmaya bilərdi.
Atam bilmədi ki,  mənim qayğıma qalaraq  mənim gələcəyimə necə bir….. nəisə.
Yenə Allahıma min şükür, yazıb yaradıram, bu günümün də paxıllığını çəkib, məni qınayanları görəndə fikirləşirəm, görəsən mənim nəyimə paxıllıq edilir?
Axı mənim yazılarımdan, kitablarımdan, mahnılarımdan başqa nəyim var?
Oğlummu var, qızımmı var, evimmi var? Mənim dostlara dostcanlı ürəyim var, bu günüm üçün də, Allahıma şükür edirəm!
Onda niyə mənim yüküm bu qədər ağırdı? Mənim nəyim var? Mənim ətrafa baxıb üzülən, qəmli və zəif gözlərim, bir də hamıda olmayan, sadəcə, mənim uşaqlığıma son qoyan yağışım var.
Ən əsası, mən tək deyiləm, mənim məni hər şeydən qoruyan ALLAHIM var((((((
 
ANASIZ YETİMƏM
 
Halıma yananım, ağlayanım yox,
Yaram çox dərindir, bağlayanım yox.
Məndən ötrü sinə dağlayanım yox,
Anasız yetiməm, kimə sığınım?
 
Ürəyim tənhadır, gülə bilmirəm,
Anam niyə getdi, bilə bilmirəm.
Hələ də özümə gələ bilmirəm,
Anasız yetiməm, kimə sığınım?
 
İçimdə dərdimi, tək daşıyıram,
Allah deyir özün çək, daşıyıram.
Dünyaya gələndən yük daşıyıram,
Anasız yetiməm, kimə sığınım?
 
Atamı itirdim körpə yaşımda,
O gündən dünyanın dərdi başımda.
Mənə fərq etmədi yayım, qışım da,
Anasız yetiməm, kimə sığınım?
 
Zeynəbəm, dərdlərim başımdan aşır,
İçimdə incik bir, hisslər dolaşır.
Bəzən gözlərimdə, dənizlər daşır,
Anasız yetiməm, kimə sığınım?
 
VƏTƏNƏ SEVGİ
 
Rükəl beşiyimdir, Dərbənd ürəyim,
Bu yurda bağlıdır mənim taleyim.
İçimdə boğuram olsa gileyim,
Sözümü hər yerdə gərək deyəm mən,
Çünki, Vətənimin aşiqiyəm mən.
 
Rükəlin çölləri güldü, çiçəkdi,
Dağları, düzləri kəndə bəzəkdi.
Allah onu göydən, bir rəsm çəkdi,
Hər yandan bulaqlar şırhaşır axır,
Göylər də zövq ilə cənnətə baxır.
 
Dərbəndin başının üstündə Qala,
Atalıq eləyir doqquz Mahala.
Dərbənd bir Anadır, Rükəlim bala,
Nə xoş, o nənənin nəvəsiyəm mən,
Qumrinin susmayan nəfəsiyəm mən.
 
Rükəldə doğuldum körpə qız kimi,
Elə alovlandın, qızmış köz kimi.
Ölsəm xatırlanım şeir, söz kimi,
Desinlər bu yerdə, bir Zeynəb vardı,
Vətənə bağlıydı, dostuna yardı.
 
YAZIĞIM GƏLİR
 
Torpağı şumlarkən toxum tapmayıb,
Boş ümid əkənə yazığım gəlir.
Dostun sevincinə uzaqdan baxıb,
Paxıllıq çəkənə yazığım gəlir.
 
Dosta rast gələndə üzünə gülən,
Söz ilə dost üçün yalandan ölən.
Dosta hər fürsətdə min kələk gələn,
Sonda diz çökənə yazığım gəlir.
 
Zeynəbəm, gözlərim çox yalan görüb,
Bu yalan dözməyib, az ömür sürüb.
Dostun qarşısında, min dona girib,
Göz yaşı tökənə yazığım gəlir.
Share: